Nurlan Hüseynov

Müstəqil jurnalist

AZƏRBAYCANIN QURU SƏRHƏDLƏRİ NİYƏ AÇILMIR?

02.03.2023 / Kimi iqtisadi, kimi terror təhlükəsindən danışır

Sərhədlərin bağlı saxlanmasının səbəbiylə bağlı müxtəlif fikirlər var.

Azərbaycanın dövlət sərhədləri 2020-ci il, mart ayının 18-də koronavirus pandemiyası yayılanda bağlanmışdı. Və pandemiyanın səngiməsinə, dövlətlərin öz sərhədlərini açmasına, cəmiyyətin narazılığına baxmayaraq, Azərbaycan hökuməti ölkəni qapalı saxlamaq qərarını dəyişmir, nəticədə vətəndaşlar ölkədən yalnız hava yolu ilə, bahalı aviabiletləri almaqla çıxa bilirlər.

Ən çox müzakirə edilən səbəblərdən biri imiqrasiya riskidir.

2022-ci ilin fevralından—Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadan böyük köç başlayıb. Sərhəd açılsa, immiqrantların Azərbaycana da axacağı ehtimal edilir. 2020-ci ildə koronavirus pandemiyası dövründə belə hal yaşanmış və çoxlu Azərbaycan vətəndaşı ölkənin Rusiya ilə sərhədində qalmışdı. İndi isə təkcə azırbaycanlılar deyil, Rusiya vətəndaşları da ölkədəki məcburi səfərbərlikdən yayınmaq məqsədilə ən yaxın və viza tələb etməyən ölkələrə qaçmağa çalışırlar. Siyasətçi Azər Qasımlı da hesab edir ki, sərhədlərin bağlı saxlanması Ukraynadakı müharibəyə görədir: “Azərbaycan iqtidarı çəkinir. Rusiyadakı iki yüz min, uç yüz min və ya yarım milyon azərbaycanlı ölkəyə qayıtmaq qərarı versə, bu həm sosial, həm iqtisadi, həm də siyasi baxımdan müəyyən dəyişiklərə gətirər və qarşısının alınması çox çətin olan proseslər yarada bilər.” Əslində müharibə başlayanda xeyli Rusiya vətəndaşı Gürcüstana üz tutmuş, özləriyə bərabər ölkəyə bir sıra problemlər daşımışdılar.

Digər versiya, təhlükəsizliklə bağlıdır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistanla münasibətləri açıq düşmənçiliyə keçib. 2021-ci il, may ayının 19-da ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycanda terror təhlükəsi haqda xəbərdarlıq edib. Bundan əlavə, müharibədən sonra Azərbaycanın həm İran, həm də Rusiya ilə münasibətlərində gərginlik var. İctimai müzakirələrdə sərhədlərin bağlı qalması səbəblərdən biri kimi Azərbaycana bu 3 ölkədən gələn real terror təhlükəsi haqda danışılır.

Hökumət iqtisadi maraqları qoruyur?

Digər arqument isə iqtisadi maraqların qorunması ilə bağlıdır. Koronavirus pandemiyası dövründəki qapanmalar ölkə iqtisadiyyatına böyük ölçüdə zərər vurub. Güman edilir ki, sərhədlərin bağlı saxlanmasında məqsəd, əhali və əhali ilə bərabər resursların xaricə çıxmasının qarşısını almaq, resursların ölkədə qalmasına nail olmaqdır. İqtisadçı Rövşən Ağayev deyir ki, bu qərar oliqarxiyanın mənafeyinə xidmət edir: “Məqsəd həm də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə pul xərcləməsinlər.”

Pandemiyadan əvvəlki illərdə Azərbaycan Gürcüstana gələn turistlərinin sayına görə birinci olurdu, bu il 6-cı yerə düşüb. Bu isə o deməkdir ki, xaricə gedə bilməyənlər daxili turizmdən yararlana bilir.

İqtisadçı Natiq Cəfərli isə bu səbəblərin heç birinin ağlabatan olmadığını düşünür. Onun sözlərinə görə, oliqarxiya onsuz da əsas gəlirini büdcə və korrupsiyadan qazanır. İqtasidçı sual edir: “Məgər Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdimi ki, quru sərhədlərini açıq tutublar və xarici təsirlərdən çəkinmirlər?”

Səbəb nə olur olsun, sərhədlərin bağlı saxlanması ölkə vətəndaşlarına əziyyət verir. Qonşu ölkələrə müalicəyə, yaxud qohumlarını görməyə quru sərhədi keçib getmək istəyənlər indi bu imkandan məhrumdurlar. Bundan başqa, sərhəd bölgələrdə yaşayan əhali qonşu ölkələrdən müxtəlif mallar alır və onu daxili bazarda satmaqla dolanırdı. Sərhədlərin bağlı qalması belələri üçün ciddi problemlər yaradıb.

Qonşu ölkələrə turistik səfərlər quru sərhədləri keçərkən daha ucuz başa gəlirdi. Amma indi vətəndaşlar bu imkandan da məhrum olublar.

Rəsmi diskursda sərhədlərin bağlı saxlanması yalnız xəstəliklə əlaqələndirilir. Prezident İlham Əliyev keçən ilki açıqlamasında sərhədlərin koronavirus pandemiyasına görə bağlı olduğunu demişdi: “Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq.” Ancaq ekspertlər və cəmiyyət nümayəndələri bu tədbirin hələ də xəstəliklə əlaqədar olmasına inanmır. Hakimiyyətə yaxın rəsmilər də ölkə üçün müəyyən təhdidlərin mövcud olduğunu iddia edirlər.

Nazirlər Kabinetinin 21 fevral tarixli qərarı ilə karantin rejimi daha 2 ay müddətinə—mayın 1-ə qədər uzadıb. Bu isə sərhədlərin hələ 2 ay da bağlı qalacağı deməkdir.