Zöhrab İsmayil

Siyasət təhlilçi

MİKAYIL CABBAROVUN “YENİ İŞ YERLƏRİ”

09.11.2025 / Rəsmi statistika nazirin özəl sektorda əlavə 426 min iş yeri açılması haqda iddialarını təkzib edir

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, son 5 ildə özəl qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 79% artıb. Nazirə görə, bu, 426 min yeni müqavilə, əmək bazarında keyfiyyət dəyişikliyi və özəl sektorun iqtisadi artımda aparıcı rolu deməkdir.[1]

Maraqlıdır, Cabbarov bu rəqəmləri haradan götürüb? Dövlət Statistika Komitəsi əmək bazarının göstəricilərini aylıq olaraq ümumi, illik olaraq isə detallı şəkildə dərc edir. DSK-nın hesabatına əsasən, 2024-cü ilin sonuna Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 780,8 min nəfər olub. Bunun 884,3 min nəfəri dövlət sektorunun, 896 min nəfəri isə özəl sektorun payına düşür.

İqtisadiyyat nazirinə inansaq, yəni son 5 ildə özəl sektorda işləyənlərin sayı 426 min nəfər artıbsa, onda deməli, 2019-cu ilin sonuna qeyri-dövlət bölməsində çalışanların sayı 484 min nəfər olmalı idi. Amma DSK-nın hesabatlarına görə, həmin dövrdə özəl sektorda müqavilə əsasında çalışanların sayı 729,9 min nəfər olub. Beləliklə, son 5 ildə özəl sektorda muzdla çalışanların sayı cəmi 166,1 min nəfər artıb və bu da nazirin göstərdiyi rəqəmdən 2,6 dəfə azdır.

Onu da vurğulamaq yerinə düşər ki, bu müddət ərzində dövlət sektorunda muzdla çalışan işçilərin sayı 32,4 min nəfər azalıb. Yəni ümumilikdə, son 5 il ərzində ölkədə muzdla çalışanların sayı 133,7 min nəfər artıb. Ancaq bu göstərici ölkədəki işçi qüvvəsinin sayının artım tempini nəzərə alanda çox aşağı hesab edilə bilər. DSK-nın məlumatları göstərir ki, 2019–2024-cü illərdə Azərbaycanda əhalinin artımı ilə bağlı işçi qüvvəsinin sayı da 274,4 min nəfər artıb. Müqavilə əsasında çalışanların sayındakı artım işçi qüvvəsinin artımında 48,7% paya malikdir.

Artım nədən qaynaqlanır?

İndi isə muzdla çalışan işçilərin sayındakı artımın mahiyyətinə bir az nəzər salaq. Müşahidələr göstərir və dövlət rəsmiləri də etiraf edir ki, artımın əsas hissəsi kölgə iqtisadiyyatının leqallaşdırılması, yəni mövcud işçilərin rəsmiləşdirilməsi ilə bağlıdır. Bu proses əslində ölkədə postdevalvasiya dövründə başlayıb.

Rəsmi statistika iqtisadiyyat naziri Mikayıl Cabbarovun özəl sektorda kütləvi şəkildə yeni iş yerlərinin yaradılması ilə bağlı iddialarını açıq şəkildə təkzib edir. Əslində, özəl sektorda muzdla çalışanların sayındakı artım nazirin açıqladığı rəqəmlərdən xeyli azdır və bu artımın böyük hissəsi yeni iş yerlərinin yaradılması ilə deyil, mövcud qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlıdır.

Devalvasiyadan sonrakı dövrdə özəl sektorda muzdla çalışanların sayında ən yüksək artım 2019-cu ildə qeydə alınıb – 63 min nəfər. Pandemiyadan sonra bu temp aşağı düşüb və 2024-cü ildə yenidən nəzərəçarpacaq artım müşahidə olunub (50,7 min nəfər). Ancaq 2024-cü ildə dövlət sektorunda da 15,9 min iş yeri azalıb.

Bununla belə, statistik məlumatlar göstərir ki, 2025-ci ildə muzdla çalışanların ümumi sayı yenidən azalacaq. DSK-nın məlumatına görə, bu ilin sentyabr ayının əvvəlinə muzdla çalışan işçilərin sayı 1 764,9 min nəfər olub ki, bu da yanvar–avqust aylarında əmək müqaviləsi əsasında işləyənlərin sayının 15,4 min nəfər azalması deməkdir.[2]

Onu da vurğulamaq lazımdır ki, muzdla çalışanların sayının azalması bundan əvvəl manatın iki devalvasiya nəticəsində öz dəyərini yarıdan çox itirdiyi 2015-ci ilə təsadüf edir. Həmin il Azərbaycanda muzdla işləyənlərin sayı 15,6 min nəfər azalmışdı.

Nazir rəqəmlərlə necə “oynayır”?

Ümumiyyətlə, Mikayıl Cabbarov yeni iş yerlərinin sayı ilə bağlı tez-tez manipulyasiyaya yol verir. Nazir 2023-cü ilin noyabrında dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı bildirib ki, “son 4 il 9 ayda 340 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Bu, pandemiya dövrü də daxil olmaqla ildə orta hesabla 75 min yeni iş yeri deməkdir. İlk dəfə özəl sektorun payı 50%-i keçib, yəni əmək bazarında dövlət deyil, özəl sektor üstünlük təşkil edir.”[3]

Mənbə: Dövlət Statistika Komitəsi

Bundan təxminən bir ay sonra Azərbaycan–Türkiyə İnvestisiya Forumunda nazir bildirib ki, son 5 ildə, koronavirus pandemiyası illəri də daxil olmaqla, hər il Azərbaycanın qeyri-neft-qaz sektorunda 70 min yeni iş yeri yaradılıb.[4]

Amma Diaqram 1-dən də göründüyü kimi, yaxın keçmişdə heç vaxt özəl sektorda əmək müqavilələrinin sayındakı artım nə 75 minə, nə də 70 minə çatmayıb.

Eləcə də, nazirin dediyi kimi, nə 2023-cü ildə, nə də ondan əvvəlki illərdə özəl sektordakı muzdlu işçilərin sayı ümumi muzdlu işçilərin 50 faizinə çatmayıb. Bu, yalnız 2024-cü ildə qeydə alınıb və o da dövlət sektorunda 15,9 min iş yerinin ixtisarı hesabına baş verib.

2026-cı ildə gözlənilən iqtisadi durğunluq

Bu yaxınlarda Mikayıl Cabbarov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı “bir az aşağı düşərək”, gələn il 44 mindən çox iş yerinin yaradılacağını qeyd edib.[5] Çox güman ki, reallığa nisbətən yaxınlaşmanın səbəbi ölkədə artıq simptomları görünən növbəti böhranla bağlıdır və bu proqnoz da əslində reallıqdan uzaqdır. Yəqin ki, nazir bu ilin yanvar-avqust aylarında ölkədə 15,4 min iş yerinin azalmasından da xəbərdardır.

Hökumət bu ilə ümumi daxili məhsulun (ÜDM) 3,5% artacağını proqnozlaşdırırdı, lakin gözlənilən iqtisadi artım cəmi 1%-dir. İndi 2026-cı il üçün də 2,9% ÜDM artımı proqnozlaşdırılır. Amma sual budur: qarşıdakı üç ay ərzində nə dəyişəcək ki, belə bir optimizm üçün əsas yaransın?

Azərbaycanın iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə neft-qaz gəlirlərindən asılıdır. 2025-ci ilin yanvar–sentyabr aylarında neft hasilatı 4,6% azalıb, təbii qaz hasilatı isə 1,8% artsa da, bu, gəlirlərin azalmasını kompensasiya edə bilməyib. Üstəlik, neftin dünya bazarındakı qiymətinin enməsi ixracatın (yanvar–avqust) da 4,6% azalmasına səbəb olub.

Neftin gələn ilə proqnozlaşdırılan qiyməti (65 dollar/barel) 2026-cı ildə ölkənin gəlirlərinin azalacağını göstərir. Hökumət dövlət investisiyalarını 9%, kənd təsərrüfatı xərclərini 9,3%, mənzil və kommunal təsərrüfat xərclərini 19,4%, mədəniyyət, incəsənət, KİV və idman xərclərini isə 8,6% azaltmağı planlaşdırır.

Böhran yalnız neft sektorunda deyil. Uzun illər subsidiyalarla dəstəklənən kənd təsərrüfatı da yerində sayır. Yanvar–sentyabr aylarında bitkiçilik 0,7% azalıb. Ölkədə iri və xırda buynuzlu heyvanların sayının azalması da davam edir. Qeyri-neft məhsullarının ixracı (yanvar–avqust) faktiki qiymətlərlə 10,3% artsa da, müqayisəli qiymətlərlə 13,4% azalıb.[6]


[1]https://x.com/MikayilJabbarov/status/1820353751175098509

[2]https://stat.gov.az/news/source/doklad_2024-12.pdf

[3]https://report.az/biznes-xeberleri/mikayil-cabbarov-340-min-emek-muqavilesi-baglanilib

[4]https://525.az/news/246737-her-il-qeyri-neft-qaz-sektorunda-70-min-yeni-is-yeri-yaradilir-mikayil-cabbarov

[5]https://iqtisadiyyat.az/az/post/azerbaycanda-44-minden-cox-yeni-is-yeri-yaradilacaq-153663

[6]https://stat.gov.az/news/macroeconomy.php?lang=az&page=1