2023-cü ilin Qlobal Yumşaq Güc İndeksi açıqlanıb. İndeks Azərbaycanın 77-ci yerdən 57-ci yerə yüksəldiyini göstərir.
“Yumşaq güc” dedikdə ölkələrin nüfuzu, onların qlobal proseslərdə iştirakı, dünya səhnəsinə təsiri nəzərdə tutulur. Ölkələrin yumşaq güc indeksini dünyanın aparıcı və müstəqil konsaltinq şirkətlərindən biri--“Brand Finance” müəyyənləşdirir. Bünün üçün şirkət nüfuzlu ekspertlər, araşdırmaçılar, akademik, diplomat, biznesmen və analitik mərkəzlərlə məsləhətləşir, sorğular keçirir.
Dövlət davamlı gələcək vəd etməlidir
Yumşaq gücün əsas göstəriciləri tanışlıq, reputasiya, təsir səviyyəsidir. Bunlar da mədəniyyət və mədəni irs, beynəlxalq münasibətlər, idarəetmə forması və ticarət əlaqələri ilə əldə edilir. Bu gücə sahib olmaqdan ötrü dövlətlər media və kommunikasiyanı qura bilməli, ölkədə təhsil və elmin inkişafına nail olmalı, cəmiyyətdə siyasi idarəetmə baxımından dəyərlər formalaşdırmalı və bu dəyərləri qorumalıdır. Bir sözlə, dövlət davamlı gələcək vəd etməlidir. Bir dövlət yalnız bu halda başqa dövlət və cəmiyyətləri zorla deyil, onlara təsir etməklə, onları dəyişməklə, öz istəklərini onlara da istətməklə tərəfinə çəkə bilər.
Sənədin müəllifləri deyirlər ki, dövlətlərin başqalarını öz tərəfinə çəkmək qabiliyyəti onların daxili institutlarının gücü, o ölkələrdə hüququn aliliyinin səviyyəsi ilə bağlı olur. Yəni, dövlətlərin daxili gücü artdıqca onlar öz təsirlərini yaya və özlərini beynəlxalq oyunçu kimi legitimləşdirə bilirlər. Digər ölkələrlə müsbət əlaqələr qurmağa, öz dəyər və maraqlarını təşviq etməyə və strateji məqsədlərinə məcburi olmayan vasitələrlə nail olmağa çalışan dövlətlərdə yumşaq güc xarici siyasətin mühüm tərkib hissəsinə çevrilir.
Qlobal Yumşaq Güc İndeksi necə hazırlanır?
Qlobal Yumşaq Güc İndeksi 100 ölkədə, 110 min adam (18-75 yaş arası) arasında aparılmış sorğu nəticəsində hazırlanıb. Sorğuda adətən həm ümumi ictimaiyyət nümayəndələri, həm də mütəxəssis qrupları (biznes liderləri, bazar analitikləri, siyasətçilər, akademiklər, analitik mərkəzlər, QHT-lər və jurnalistlər) iştirak edirlər. Ancaq bundan əvvəlki illərdə bu iki qrupun nəticələri eyni olduğundan bu ilki hesabat təkcə ümumi ictimaiyyət arasında aparılan sorğuya əsaslanıb.
İndeks 121 ölkəni əhatə edir. Azərbaycan irəliləyən ölkələrdəndir: 39.1 xalla 77-ci yerdən 57-ci yerə qalxıb. Gürcüstan 57 xalla 49-cu yerdə qərar tutub. Türkiyə isə 50.4 xalla 22-ci yerdən 23-cü yerə düşüb. İran da geriləyib, 36.7 xalla 14 pillə düşərək, 77-ci yerdə dayanıb.
Sərt gücün hökmranlıq etdiyi 2022-ci ildə əsas dəyişiliklərdən biri, Rusiyanın reputasiyasının kəskin şəkildə düşməsidir. Rusiya 54.8 balla 10-cu sıradan 13-çü sıraya enib. Rusiyanın aqresiyyasına qarşı duruş gətirməyə çalışan Ukraynanınsa yumşaq gücü bu dövrdə əhəmiyyətli dərəcədə artıb və ölkə 44.3 xalla 51-ci yerdən 37-cu yerə qalxıb.
İlk onluqda əsas yeniliklərdən biri, Yaponiya ilə Çinin yerini dəyişməsidir; Yaponiya 65.2 balla 4-cü yerdə qərarlaşıb. Birləşmiş Ərəb Əmirlikləri isə ilk dəfə 55.2 xal toplayaraq, ilk onluğa düşə bilib.
Ən güclülər
Sıralamanın ilk 3 pilləsində isə “yumşaq güclərini” sabit saxlaya bilmiş Amerika (74.8 xal), İngiltərə (67.3 xal) və Almaniya (65.8 xal) dayanır.
Bütün ziddiyətlərə baxmayaq, futbol üzrə bu ilki dünya çempionatı Qatarın da adının hallanmasına səbəb olub və ölkəylə tanışlığı artırıb. Qatar indeksdə 2 pillə irəliləyərək, 24-cü yeri tutub.
“Yumşaq güc” konsepsiyası ilk dəfə 1990-cı ildə Cozef Nye tərəfindən irəli sürülüb və dövlətlərin başqalarının dəstəyini qazanması yönündə alternativ xarici siyasət metodu hesab edilir.