Araz Əliyev

Siyasət təhlilçisi

AZƏRBAYCAN PASPORTUNUN GÜCÜ: MƏDƏNİ DÜNYADAN TƏCRİD VƏZİYYƏTİ

06.03.2025 / Vizasız səfər edilən ölkələrin sayına görə Azərbaycan Avropada sonuncu yerlərdən birini tutur

“Henley & Partners” şirkəti 2025-ci il üçün “Qlobal Mobillik İndeksi”ni dərc edib.[1] 2006-cı ildən etibarən hər il hazırlanan bu indeks beynəlxalq səfərlərdə vizalı və vizasız istiqamətlərin sayına əsaslanaraq dünya ölkələrinin pasport reytinqini müəyyənləşdirir. Şirkət metodologiyasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)[2] təqdim etdiyi səyahət məlumatlarından faydalanır.

Hesabata əsasən, Azərbaycan pasportu dünya reytinqində 106 ölkə arasında 70-ci yerdə qərarlaşıb və 2024-cü ildəki mövqeyini qoruyub. İndeks məlumatlarında göstərilir ki, Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız, 154 ölkəyə isə viza ilə səyahət edə bilirlər. Bu göstəriciyə görə Azərbaycan pasportu Tanzaniya (69-cu), Zambiya (71-ci) və Mərakeş (71-ci) pasportları ilə təxminən eyni gücə malik hesab olunur.[3]

Bununla belə, bir sıra Afrika ölkələrinin — Esvatini (66), Namibiya (65) və hətta uzaq Papua-Yeni Qvineya (62) pasportları Azərbaycan pasportundan daha güclü sayılır. Azərbaycan vətəndaşları Balkan yarımadasının qərbində yerləşən inkişaf etmiş ölkələrin heç birinə, həmçinin G20 ölkələri arasında Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanı istisna olmaqla, digər dövlətlərə vizasız səfər edə bilmirlər.

Cədvəl 1. Postsovet ölkələrinin pasport reytinqləri və vizasız səfər istiqamətlərinin sayı

Postsovet ölkələrinin pasport reytinqləri müqayisə olunduqda, Azərbaycan pasportu yalnız Özbəkistan, Qırğızıstan, Türkmənistan və Ermənistan pasportlarını qabaqlayır. Əvəzində Baltikyanı ölkələr, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Qazaxıstan pasportları reytinqdə daha güclü hesab edilir. Bu ölkələrin vətəndaşları azərbaycanlılardan daha çox ölkəyə vizasız səyahət edə bilirlər.

Daha dəqiq desək, Gürcüstan vətəndaşları 122 ölkəyə vizasız səfər etmək imkanı əldə etdiyi halda, Azərbaycan vətəndaşları üçün bu rəqəm cəmi 72-dir.

Hesabatda Azərbaycan üçün bəzi paradoksal məqamlara da rast gəlmək mümkündür. Azərbaycan bir neçə ildir ki, “Bakı Təşəbbüs Qrupu”[1] çərçivəsində “müstəmləkəçiliyə qarşı mübarizə” şüarı ilə çıxış edir və Qayana (54) və Solomon adaları (37) kimi ölkələri dəstəkləyir. Bu ölkələrin nümayəndə heyətləri mütəmadi olaraq Bakıda keçirilən tədbirlərə dəvət olunur, həmin məqsədlə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Lakin pasport reytinqlərinin müqayisəsi göstərir ki, Azərbaycan “müstəmləkəçilərdən azad etməyə” çalışdığı ölkələrdən belə geri qalır. Məsələn, Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bildiyi halda, Qayana vətəndaşları 92, Solomon adaları vətəndaşları isə 132 ölkəyə vizasız səyahət imkanı qazanır.

Pasportun gücünü müəyyən edən amillər

Azərbaycan pasportunun reytinq göstəriciləri ilə digər ölkələrin pasportlarının müqayisəsi təbii olaraq bir sıra suallar doğurur. Nə üçün Azərbaycan pasportları daha zəif qiymətləndirilir?

Məlumdur ki, pasport reytinqləri əsasən ölkələrin vizasız səfər istiqamətlərinin sayına əsaslanır. Bəs bu sayın formalaşmasına hansı amillər təsir edir? Niyə bəzi ölkələrin vətəndaşları daha çox, bəziləri isə daha az sayda ölkəyə vizasız səfər edə bilir?

İqtisadi faktorlar

Əksər mənbələrin fikrincə, vizasız səfər imkanlarını müəyyən edən əsas amillərdən biri ölkələrin iqtisadi göstəriciləridir.[2] Qeyd olunur ki, xüsusilə iqtisadi cəhətdən güclü dövlətlərin pasportları reytinqdə daha yüksək mövqedə olur. Bunun əsas səbəbi kimi varlı ölkə vətəndaşlarının daha çox iqtisadi dividendlər ödəməsi göstərilir.[3]

Bu yanaşma “Henley & Partners” şirkəti tərəfindən də dəstəklənir. Şirkətin yayımlanan tədqiqatda[4] bildirilir ki, ölkələr sərhədlərini varlı ölkə vətəndaşlarına açmaqda daha maraqlıdırlar. Çünki bu cür şəxslər ticarət, turizm və investisiya vasitəsilə ev sahibi ölkəyə gəlir gətirir. Əksinə, yoxsulluq və iqtisadi qeyri-sabitlik müşahidə olunan ölkələrin vətəndaşları daha yüksək riskli hesab edilir və bu səbəbdən onlara viza verilməsi halları məhduddur.

Bundan başqa, varlı ölkə vətəndaşları kasıb ölkələrin vətəndaşları ilə müqayisədə ev sahibi ölkənin sosial və iqtisadi sisteminə daha az yük hesab olunur. Onların miqrasiya və sığınma kimi vasitələrdən istifadə ehtimalı aşağı olur. Müəlliflər qeyd edir ki, ÜDM-i yüksək olan ölkələr yeni vizasız istiqamətlər əldə etməkdə daha uğurlu olur, bu da onların pasport reytinqində yüksək göstəricilər əldə etməsinə səbəb olur. Beləliklə, iqtisadi göstəricilər və gəlir səviyyəsi pasport reytinqindəki fərqlərin əsas amillərindən biri sayılır.

“Kövrək dövlət” sindromu

Tədqiqatda pasport reytinqinə təsir edən ikinci əsas amil kimi “kövrəklik” faktoru qeyd olunur. “Kövrəklik” dedikdə ölkədə zorakılığın səviyyəsi, münaqişələr, mütəşəkkil cinayətkarlıq, elita qruplaşmaları, insan hüquqları, dövlətin legitimliyi və məcburi köçkünlərin sayı kimi göstəricilər nəzərdə tutulur.

Daxili sabitliyin zəif olduğu ölkələrin vətəndaşları nəinki vizasız səyahət imkanlarından məhrumdurlar, hətta viza üçün müraciət etdikdə də daha çox çətinliklərlə üzləşirlər. Müəlliflər “Fund for Peace” təşkilatı tərəfindən hazırlanan “Kövrək Dövlətlər İndeksi”nə[5] istinad edərək bildirirlər ki, bu indeks 12 əsas indikator — təhlükəsizlik, iqtisadi bərabərsizlik, insan hüquqları, demoqrafiya və digər göstəricilərə əsaslanır.

2024-cü ilin məlumatına görə, Azərbaycanın “kövrəklik” reytinqi 72.8-dir. Müqayisə üçün Gürcüstanın göstəricisi 69.3, Moldovanın 64.7, Ermənistanın 68.1, Belarusun isə 68.7-dir.

Geosiyasi meyllər və istisnalar

Tədqiqatda vurğulanan üçüncü amil geosiyasətlə bağlıdır. Müəlliflərin qənaətinə görə, bəzi hallarda “kövrəklik” göstəriciləri həlledici rol oynamır. Xüsusilə ölkələrin geosiyasi mövqeyi və beynəlxalq meylləri yeni vizasız səfər istiqamətlərinin formalaşmasında əsas faktor kimi çıxış edir.

“Henley & Partners” şirkətinin təqdim etdiyi məlumatlara əsasən, 2006–2024-cü illər arasında aparılan təhlillər göstərir ki, yüksək və yuxarı-orta gəlirli ölkələrin vətəndaşları əksər hallarda çoxsaylı ölkələrə vizasız giriş əldə ediblər. Əksinə, aşağı gəlirli və daha “kövrək” ölkələrin vətəndaşlarının səyahət imkanları təhlükəsizlik və miqrasiya riski səbəbilə məhdud qalır.

Tədqiqatda həmçinin qeyd olunur ki, siyasi təqiblər və yoxsulluq səbəbindən beynəlxalq mobilliyə ən çox ehtiyacı olan şəxslər səyahət azadlığından məhrum olurlar.

Nəticələrə əsasən, pasport reytinqi birbaşa demokratiya səviyyəsi ilə əlaqəli olmasa da, demokratik ölkələrin, orta hesabla, avtoritar rejimlərdən daha çox sayda istiqamətə vizasız giriş əldə etdikləri görünür.

Beləliklə, “Henley & Partners” şirkətinin təhlili göstərir ki, pasport reytinqinə təsir edən əsas üç faktor — iqtisadi inkişaf səviyyəsi, kövrəklik indeksi və geosiyasi meyllərdir. Bu amillər ölkələrin viza siyasətinə dolayısı ilə təsir edərək onların pasport gücünü müəyyənləşdirir. Bununla belə, bu amillərin heç biri təkbaşına pasport reytinqini tam şəkildə izah etməyə kifayət etmir.

Azərbaycan pasportunun reytinqinə təsir edən amillər

İqtisadi inkişafla bağlı indikatorlarda Azərbaycanın göstəriciləri dünya ortalamasından bir qədər yuxarıdır. Xüsusilə iqtisadi tənəzzül, iqtisadi bərabərsizlik, təhlükəsizlik aparatı və demoqrafik təzyiq kimi dörd indikator üzrə nəticələr müsbət qiymətləndirilir. Bununla belə, yuxarıda qeyd olunan səkkiz indikator üzrə vəziyyət dünya ortalamasına nisbətən geriləyir. Müqayisə üçün, Belarus 12 indikatordan 4-də, Gürcüstan 5-də, Moldova isə 3-də dünya ortalamasından geri qalır. “Henley & Partners” şirkətinin araşdırmasına əsaslansaq, bu amillər Azərbaycanın pasport reytinqinin hazırkı səviyyəsini müəyyən dərəcədə izah edə bilər.

Digər tərəfdən, “Kövrəklik İndeksi”nin pasport reytinqinin formalaşmasında həlledici amil olmadığını, bəzi istisnaların mövcud ola biləcəyini də qeyd etmək yerinə düşər. Müəlliflər xüsusilə vurğulayırlar ki, 2020-ci ildə iranlıların viza müraciətlərinin 80 faizdən çoxu rədd edilib. Bunun əksinə olaraq, kövrəklik indeksində İranla oxşar nəticə göstərən Türkiyə vətəndaşlarının viza müraciətlərinin 20 faizdən az hissəsi mənfi cavab alıb. Oxşar vəziyyət Cənubi Afrika Respublikasında (CAR) da müşahidə olunur: hərçənd CAR “daha kövrək” ölkələr sırasında yer alır, lakin bu göstəricidə ondan daha yüksək sırada olan Kuba vətəndaşlarının viza müraciətləri CAR vətəndaşlarının müraciətlərinə nisbətən səkkiz dəfə çox rədd edilib.

Bu cür istisnalar müəlliflərin üçüncü əsas faktor — geosiyasi meyllərin pasport reytinqinə əhəmiyyətli təsir göstərdiyini vurğulamasına səbəb olur.

Geosiyasi manevrlər və risklər

Azərbaycanın son illərdəki geosiyasi meyllərinə nəzər saldıqda, pasport reytinqindəki mənzərə daha aydın görünür. Rəsmi Bakı son dövrlərdə, xüsusilə yüksək səviyyəli çıxışlarda[6] və müsahibələrdə[7], açıq şəkildə Avropaya inteqrasiyadan imtina etdiyini, əvəzində Türk dünyası, Çinin dominant olduğu Şanxay Əməkdaşlıq Təşkilatı və Rusiyanın Qərbə qarşı iqtisadi-siyasi gücə çevirmək istədiyi BRICS-i prioritet hesab etdiyini bəyan edib.

Sadalanan amillər Azərbaycanın pasport reytinqindəki mövqeyini və niyə Gürcüstan, Moldova kimi ölkələrə nisbətən daha zəif nəticə göstərdiyini müəyyən dərəcədə izah edir. Lakin geriliyin müşahidə olunduğu indikatorlar üzrə irəliləyişin qeydə alınmaması, əksinə, ölkə daxilində davam edən repressiv mühit və hakimiyyətin seçdiyi geosiyasi kurs bu vəziyyətin yaxın gələcəkdə də dəyişməyəcəyinə dair suallar doğurur. Daha mənfi nəticələrin, xüsusilə Azərbaycanın mədəni dünyadan təcrid olunma risklərinin artması ehtimalı da az deyil.


[1] https://apa.az/az/foreign-policy/fransa-mustemlekeciliyine-qarsi-baki-tesebbus-qrupu-yaradilib-775425

[2] https://www.dw.com/en/passport-power-why-some-nationalities-enjoy-hassle-free-travel-and-others-dont/a-66095690

[3] https://time.com/7002756/what-makes-passports-powerful

[4] https://www.henleyglobal.com/publications/global-mobility-report/2022-q1/travel-mobility-trends/wealth-geopolitics-and-great-mobility-divide

[5] https://fragilestatesindex.org/country-data

[6] https://www.amerikaninsesi.org/a/biz-avropaya-inteqrasiya-etm%C9%99y%C9%99c%C9%99yik-prezidentin-dedikl%C9%99ri-t%C9%99nqid-do%C4%9Furub-/5183186.html

[7] https://president.az/az/articles/view/67537


[1] https://www.henleyglobal.com/passport-index/ranking

[2] https://www.iata.org

[3] https://cdn.henleyglobal.com/storage/app/media/HPI/AZ_visa_full.pdf