Toğrul Vəliyev

İqtisadçı

AZƏRBAYCANDA HARDA, HANSI SAHƏDƏ İŞ AXTARMALI?

04.10.2022 / Yeni iş yerlərinin sayı azalmaqdadır


Foto Arqument.az saytından götürülüb



“Yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm prioritetlərindəndir.” Bu cür ifadələrə rəsmi mediada tez-tez rast gəlirik. Dövlət və ya parlament nümayəndələri də dönüb-dönüb bu mövzuya qayıdır, yeri gəldi-gəlmədi işsizliyin həllindən danışırlar. “Yeni iş yerlərinin yaradılması önəmlidir, bu gün iqtisadiyyatımızın qarşısında duran ən mühüm məsələlərdən biridir.” Bunu, millət vəkili Ceyhun Məmmədov Azərlotereya ASC-nin Türkiyənin «Demirören Holding» şirkətinə idarəetməyə verilməsinə dair müqavilənin imzalanmasını şərh edərkən demişdi. Prezident İlham Əliyev isə Basqal qəsəbəsində “Basqal Resort & Spa” otelinin açılışı zamanı AzTV-yə müsahibəsində, “iş yerlərinin açılması prosesi daim aparılmalıdır” fikrini bildirib. Halbuki mehmanxananın açılması, eləcə də prezidentin həmin çıxışında qeyd etdiyi aqroparkın (200 iş yerlik) fəaliyyəti uyğun bölgələrin əmək bazarına ciddi təsir etmək imkanına malik deyil. Azərbaycanın hər yerində belədir. Açılan hər yeni obyekt (gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəyi dəqiqləşdirilmədən) ictimaiyyətə məhz yeni iş yerlərinin yaradılması kimi təqdim olunur. Bəs bu açılışların əmək bazarına real təsiri nədən ibarətdir?

4 ildə 3 dəfədən çox azalma

Dövlət Statistika Komitəsi (DSK) bir müddətdir ki, “Yeni iş yerləri” adlı rüblük statistik məcmuə dərc edir. Bu məcmuə periodik olaraq maraqlı məqamları əks etdirir. Belə ki, 2022-ci ilin ilk 6 ayında, DSK-nın məlumatına görə, Azərbaycanda 33.511 iş yeri açılıb. Ancaq məcmuədə bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə artıb-artmadığı deyilmir. Misal üçün, 2021-ci ilin eyni dövründə ölkədə 30.939 yeni iş yeri açılmışdı. Əslinə qalsa, 8,3% artım qeydə alınıb. Amma ümumi vəziyyət heç də qənaətbəxş deyil. DSK-nın keçən illərin ilk yarımilinə aid məcmuələrinə baxarkən görürük ki, 2020-ci ilin birinci yarımilində 84.779, 2019-cu ilin müvafiq dövründə isə 92.031 yeni iş yeri açılıb. Bu göstərici də yüksək deyil. Çünki rəsmi mənbə 2018-ci ilin eyni dövründə 122.318 yeni iş yerinin açıldığını göstərir. Yəni əgər 2018-ci il ilə müqayisə etsək, 2022-ci ildə 3,6 dəfə azalma qeydə alınıb. Həmin ildə açılan daimi iş yerlərinin sayını müqayisə edəndə 2 dəfə azalma müşahidə olunur.

Yeni açılmış iş yerlərin strukturuna keçəndə görürük ki, 2018-2020-ci illərdən fərqli olaraq, indi açılan iş yerləri arasında “digər tədbirlər” (müxtəlif tədbirlərlə bağlı açılan müvəqqəti iş yerləri) böyük paya malik deyil. 2022-ci ilin ilk yarısında belə iş yerlərin sayı 128 idi. Rəsmi məlumata görə, 33.511 yeni iş yerinin 89%-i mövcud müəssisə və təşkilatlara aiddir. Başqa sözlə, bir müddətdir fəaliyyət göstərən müəssisələr 2022-ci ilin ilk yarısında öz ştatlarını artırmağa başlayıblar. Bu da o deməkdir ki, reallıqda Azərbaycanda iş yerlərinin yaradılması ilə daha çox “fərdi sahibkarlar” məşğuldur.

Yeni iş yerlərinin 80%-i Bakıda açılır

Bəs bu yeni iş yerləri harada və hansı sahədə açılıb? İşsizlikdən əziyyət çəkən cəmiyyətdə (pandemiya vaxtı rəsmi məlumatlara görə, işsizlik 300 mini keçdi və hələ də 300 mindən aşağı düşmür) bu suala cavab tapmaq vacibdir. DSK deyir ki, yeni iş yerlərin 81%-i Bakıda açılır. Məsələn, yalnız Bakının Nərimanov rayonunda 5853 iş yeri açılıb. Bakını çıxmaq şərti ilə bütün Azərbaycanda açılan iş yerlərinin sayı 6334-dür. Bu göstəricinin 1301-i Abşeron-Xızı iqtisadi rayonunun (onların yalnız 5-i Xızıya, qalanı Sumqayıt və Abşeron rayonuna aiddir) payına düşür. Bildiyimiz qədər bu iqtisadi rayon da faktiki Bakının tərkib hissəsidir. Belə çıxır ki, bütün əmək bazarı Bakıda konsentrasiya olunub. Hətta ölkə üzrə açılan 7900 yeni müəssisənin 6635-i Bakıdadır (ikinci yerdə 436 müəssisə ilə Bakının qonşusu Abşeron-Xızı iqtisadi rayonudur).

“Hansı sahə?” sualına cavab axtaranda məlum olur ki, yeni iş yerlərin 41%-i iki sahənin—tikinti və ticarətin payına düşür. Başqa sözlə, yeni iş yeri axtarışında olan şəxs üçün iş imkanı yalnız Bakıda, tikinti və ya ticarət sektorunda tapıla bilər. Digər sahələr və bölgələr üzrə vəziyyət heç də qənaətbəxş deyil.

Bəs bağlanan iş yerlərin sayı nə qədərdir?

Sovet dövründən fərqli olaraq, bazar iqtisadiyyatında daimi olaraq hansısa iş yerləri bağlanır, yeniləri açılır. Dövlətin əsas işi bu iki göstərici arasındakı fərqi müəyyən qədər müsbət saxlamaqdır. Bağlanan iş yerlərin sayı açılandan daha çox olduğu halda ölkədə sosial problemlərin kəskinləşməsi müşahidə olunur ki, bu da, əlbəttə, yaxşı hal deyil.

Bağlanan iş yerləri barədə DSK rüblük məlumat vermir. Hər hansı xüsusi məcmuə də dərc edilmir. Görünür, DSK pozitivizmə üstünlük verir və neqativ hadisələr barədə yalnız ildə bir dəfə ayrıca dərc olunan cədvəllərdə xəbər verir. Məcmuəni oxuyan tapılsa da, hansısa ayrıca və əsas səhifədə göstərilməyən cədvəli görən olmur. Belə məlumatlar adətən “işçi qüvvəsinin hərəkəti” adlı cədvəllərdə dərc edilir. Bu cədvəl də ildə bir dəfə yenilənir. Ancaq cədvəldəki məlumatların reallığı əks etdirmə faizi çox yüksək deyil.

DSK-nın məlumatına görə, 2020-ci ilin əvvəlində işsizlərin sayı 251,6 min şəxs olduğu halda, 2020-ci ilin sonuna bu göstərici 375,9 min nəfərə çatıb. Yəni, bağlanan və açılan iş yerləri arasında fərq ən azı mənfi 124 min civarında olub. Amma “2020-ci ildə işçi qüvvəsinin hərəkəti” adlı cədvəldə verilən məlumata görə, işə qəbul olunan işçilərin sayı il ərzində işdən azad olunmuş şəxslərin sayı ilə müqayisədə 55,4 min çoxdur. Buradan yalnız bir nəticəyə gəlmək olar: 2020-ci ildə əmək bazarına yeni daxil olanların sayı 179,4 min nəfər təşkil edib. Bu isə mümkün olmayan rəqəmdir. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin sözlərinə görə, hər il əmək bazarına 100 min nəfərə yaxın yeni işçi qüvvəsi daxil olur. Hələ nəzərə almaq lazımdır ki, ofisiant, kuryer və ya taksi sürücüsü vəzifələrində çalışan şəxslər əsasən gənclərdir və onlar mülki müqavilə ilə çalışdıqlarına görə əmək bazarına aid edilmirlər. Bütün bunlar müvafiq rəqəmlərə (xüsusən də işdən azad olunmuş şəxslərin sayına dair) şübhə ilə yanaşmağa vadar edir.

Yenə tikinti, yenə ticarət

Son üç (2019-2021) il ərzində yaradılmış və bağlanmış iş yerlərini təhlil edərkən görürük ki, işə qəbul olunanlarla işdən azad olunanların arasındakı fərqə görə birinci yeri «İnzibati və yardımçı xidmətlərin göstərilməsi» sahəsi tutur. Bu sahə üzrə açılan və bağlanan iş yerləri arasında fərq 56,7 min təşkil edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq, ticarət (48,4 min) və tikinti (18 min) bölüşür.

Bəs «İnzibati və yardımçı xidmətlərin göstərilməsi» nə deməkdir? DSK-nın məlumatına görə, burada əsas yeri «Məşğulluq sahəsində fəaliyyət» tutur. İkinci və üçüncü yerlərdə isə «İstintaqın aparılması və təhlükəsizliyin təminatı» və «Binalar və mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi»dir. Bu sahələrdə məşğul olanların 76%-i dövlət sektorunda çalışır.

Bu sahədə əməkhaqqına gəldikdə, «Məşğulluq sahəsində fəaliyyət»lə 55 min insan məşğuldur və onların orta aylıq haqqı 2022-ci ilin birinci rübündə 302,6 AZN təşkil edib. İkinci və üçüncü yer tutan sahələr üzrə əməkhaqqı müvafiq olaraq 1428,1 və 497,8 AZNə bərabərdir.

Eyni zamanda, bəzi sahələr üzrə (xüsusi olaraq yüksək orta əməkhaqqı ilə seçilən mədənçıxarma) əksinə işdən azad olunan şəxslərin sayı, hətta rəsmi məlumata görə, işə qəbul olunan şəxslərin sayından çox olub.

Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatlarına arxalansaq, görə bilərik ki, yeni iş yeri axtarışında olan şəxs ya Bakıda tikinti və ya ticarət sahəsində iş axtarmalı, ya da müxtəlif xidmətlərin nəzdində (abadlıq, mənzil komunal və s.) dövlət tərəfindən yaradılan, minimal əməkhaqqı ödənilən ictimai işlərə qoşulmalıdır. Mövcud əmək bazarında başqa alternativlər, demək olar ki, yoxdur.