Fuad Cəfərli

Şəhərsalma mütəxəssisi

BAKININ BAŞIBƏLALI PLANLARI - NİYƏ HEÇ VAXT ALINMIR?

14.08.2018 / Hazırda Bakının baş plandan daha çox şəhərsalma sənədlərinə və koordinasiya olunmuş idarəçiliyə ehtiyacı var

Hökumətin yeni tərkibi təsdiq olunan kimi, Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi Bakının yeni baş planının hazırlanacağını bildirmişdi. Yeni rəhbərlik sələflərinin hazırladığı, 10 il müddətində ərsəyə gətirməyə çalışdığı və haqqında yüzlərlə boş vədlər verilən Böyük Bakının Regional İnkişaf Planının qüsurlu olduğunu bəyan etmişdi. Bundan sonrakı isə məlumdur - iyunun 27-də Prezidentin sərəncamı ilə Bakının yeni Baş Planının hazırlanması üçün ilkin olaraq 4 milyon manat vəsait ayrılıb.

Bu sərəncam paytaxtın yeni planlaşdırma sənədinin hazırlanması üçün xarici mütəxəssislərin iştirakını nəzərdə tutur. Hələ ki, yeni sənədin nədən ibarət olacağını fərziyyə etmək qalır, amma, bu sənədin nə üçün tez bir zamanda qəbulu müəmmalı qalır. Nəzərinizə çatdırım ki, bir müddət əvvəl Azərbaycan dövlətinin Dünya Bankından götürdüyü kredit hesabına həyata keçirdiyi Böyük Bakının Regional Inkişaf Planı və Bakı şəhərinin müfəssəl planlaşdırması işi başa çatmışdı.

İş elə gətirib ki, Bakının yeni strateji planlaşdırma sənədinin hazırlaması ideyasını ilk dəfə olaraq bu yazının müəllifi 2006-cı ildə təklif etmişdi. Bundan təxminən 10 il əvvəl post-sovet məkanında hələ ki, yeganə olan Sankt-Peterburqun strateji inkişaf planı qəbul olunmuşdu və qəribə təsadüfdən, həmin layihənin işçi qrupunda Rusiyanın hazırki prezidenti Vladimir Putin də iştirak etmişdi. Sənəd çox uğurlu alınmışdı və onun başqa şəhərlərdə də tətbiqi çox geniş təqdir olunurdu.

Mən də belə bir sənədin Bakı üçün önəmli olacağının düşünürdüm, çünki, paytaxt 2000-ci illərin neft gərilərindən başgicəllənməsinə başlayaraq qeyri-nizamlı inkişaf edirdi. Belə olan halda, 2007-c i ildə Milli Su təchizatı və Kanalizasiya xidmətləri layihəsinin bir komponenti olan Böyük Bakının Regional İnkişaf Planının 6 milyon ABŞ dolları olan büdcəsi hökumət və Dünya Bankı tərəfindən təsdiqləndi. 2008-ci ildə layihə işləri başlayanda məlum oldu ki, layihəni həyata keçirmək üçün institusional baza və ekspert qrupu yoxdur.

O zaman layihənin rəhbəri olan, Saakaşvili dövründə Gürcüstanın infrastruktur naziri olmuş Tamara Sulixiya layihənin daha uğurlu aparılması üçün beynəlxalq şirkətlərin təmsil olunduğu məsləhətçinin seçilməsini təklif etdi. Layihənin uğursuz taleyi isə məhz buradan başladı – Komitə sədri Abbas Ələsgərov Bakının özünəməxsus (!?) inkişafının olduğunu bildirərək, əvvələr rəhbəri olduğu Bakı Layihə İnstitutunun məsləhətçi şirkət olacağını israr etdi. Təxminən 2 dəfə dalbadal keçirilən beynəlxalq tender isə çoxsaylı tanınmış şirkətlərin (AECOM, misal üçün) iştirak arzusuna baxmayaraq ləğv edildi və sonda layihəyə elə məhz Bakı Layihə İnstitutu əsas məsləhətçi seçildi.

2012-ci ildə mən yenidən Layihə İşçi Qrupu ilə bir neçə dəfə görüşdüm və aydın oldu ki, Bakı Layihə İnstitutu ümumiyyətlə bu layihə üçün heç bir tutarlı iş görməyib. Layihənin taleyi isə ilin ortasında mənə layihə qrupundan zəng edərək Bakının əhali sayının nə qədər olduğunu və bu məlumatı necə topladığımı soruşduqdan sonra tam aydın oldu. Layihənin ekspertlərinin sanballığı da özünü göstərdi. Bir çox hallarda aşağı əməkhaqqı hesabına işə cəlb olunan bacarıqları məhdud yerli kadrlar sahədən və müasir inkişafdan xəbərsiz idilər.

Əslində, bu layihənin əsas məqsədi Böyük Bakının regional inkişaf hədəflərini müəyyən etmək və strateji çərçivəsini hazırlamaq idi. Bura həmçinin, müxtəlif rəqəmsal xəritələrin hazırlanması və planlaşdırma üçün institusional çərçivənin hazırlanması daxil idi. Məsələn, gözlənilər ondan ibarət idi ki, şəhərdə nəqliyyat və torpaq istifadəsi üçün şəhər dizaynı kodlaşdırılması və ya məcəlləsi hazırlansın. Əvəzində isə, Sovet dövründəki SNİP (Tikinti Norma və Qaydaları) birəbir tərcümə olunaraq qəbul olundu. Nəticə isə göz qabağındadır - Bakıda tikilməyə başlayan sosial mənzillərin planlaşdırılmasında yaranan məhdudiyyətlər, metro stansiyaların yerləşməsində qüsurlar, qeyri-qanuni olaraq qırılan şəhər park və bağları, piyada səkilərinin qurulmasında texniki normaların mövcud olmaması və qarmaqarışıq idarə oluna bilinməyən planlaşdırma.

Başqa maraqlı məqam ondan ibarət idi ki, belə planlaşdırmada bütün dünyada qəbul olunduğu kimi, ictimai iştirakçılıq olur. Amma, bu plan barədə keçirilən iki görüşün heç birinə ekspertlər cəlb olunmadı, əvəzində bu iclaslarda aidiyyəti olmayan QHT-lər iştirak etdi.

Bu layihəyə başlandığı gündən ilk skeptik yanaşan elə Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyi idi. Bu zəncir subordinasiyanın yoxluğu şəraitində heç bir koordinasiyalı fəaliyyət həyata keçirmədilər. Əksinə, Nazirlər Kabineti bu sənədi sonacan qüsurlu hesab etdi. Bakı Şəhər İcra Hakimiyyəti isə onu ümumiyyətlə qəbul etmədi. Əslində, sənədlə tanış ola bilənlər bilir ki, həqiqətən də bu sənəd olduqca qüsurludur. Məsələn, Ələtdə hava limanının tikintisi və Dübəndi kimi şəhərlərin yaranmasını Sovet düründəki kimi məcburi planlama adlandrımaq olar. Bakının mərkəzi hissəsinin yenidən qurulması üçün planda isə əhali sayının və sıxlığının artması təqdir edilirdi. Halbuki, Bakının mərkəzi hissələri bunun tamamilə əskini istəyir.

Bakının baş planları çox ironik olsa da heç vaxt işlək olmayıb. Ümumiyyətlə, “baş plana ehtiyac varmı” sualına cavab axtarmaq özü daha maraqlı olardı, çünki, paytaxtın planlaşdırmadan daha çox başqa strateji sənədlərə ehtiyacı var. Təcrübə göstərir ki, torpaqların istifadəsi ilə bağlı sənədləşmə və təkliflər çox vaxt uğurla işləmir. Çünki, belə planlaşdırma sənədləri hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır.

Hazırda Bakının baş plandan daha çox şəhərsalma sənədlərinə və koordinasiya olunmuş idarəçiliyə ehtiyacı var. Başqa bir mövzu isə şəhərin yeniləndirilməsidir. Məsələn, 2017-ci ildə Nazirlər Kabinetinin Bakıdakı istifadə müddəti keçmiş binaların yenilənməsi ilə bağlı məlum qərarı 1000-dən çox binanın yerində yeni yaşayış komplekslərinin yaradılmasını nəzərdə tuturdu. Amma, bu sənəd nəyə görəsə Bakının Baş Plan sənədi ilə heç bir uzlaşma təşkil etmir.

Başqa bir məsələ də son 20 ildə Bakı əhalisinin sayının hesablanması ilə bağlı problemdir. Fərdi yaşayış evləri hesabına xeyli genişlənmiş paytaxtın əhalisinin sayı ilə bağlı fərqli qurumların göstəriciləri arasında yüz minlərlə fərq var. Şəhərin idarəedilməsi ilə bağlı belə elementar problemlər varkən baş plana nə ehtiyac var?