Toğrul Vəliyev

İqtisadçı

NAXÇIVANDA GÖMRÜK YIĞIMLARI LEQALLAŞIR

14.12.2022 / Dünyanın pandemiyadan əziyyət çəkdiyi ildə Naxçıvan gömrüyü 2 dəfə çox vəsait toplayıb?

Son günlər ən çox müzakirə olunan mövzulardan biri Naxçıvan Muxtar Respublikasında baş verənlərdir. Noyabrın 1-i Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib, yerinə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Baş İdarəsi yaradıldı. Noyabrın sonunda isə Naxçıvan MR Dövlət Gömrük Komitəsi (DGK) ləğv edildi. Bu iki hadisə arasında ciddi fərq göründü; birincidən əvvəl hər hansı əlavə xəbər yox idi, ancaq ikinci hadisə DTX-nın apardığı cinayət işi fonunda baş verdi. Əvvəl Naxçıvan MR DGK Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov (2020-ci ilin avqustundan bu vəzifədə idi) “qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə” ittiham olunaraq, həbs edildi. Sonra isə həmin vəzifəni M.Əsgərova qədər tutmuş, indi isə Naxçıvan MR-nın maliyyə naziri olan Rafael Əliyev “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla, “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə” ittiham edilərək, həbs edildi. Məhz bu həbslərdən sonra Naxçıvan MR DGK ləğv olundu və Azərbaycan Respublikası DGK Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı.

Müzakirə mövzularından biri də mənimsənilən vəsaitin həcmidir. Cinayət işinin materialları ictimaiyyətə təqdim olunmayıb, amma bu vəsaitləri cəmləyib, hesablama aparanlar şok nəticələrə gəlirlər.

Mənimsənilən vəsaitlərin hansı dövrü əhatə etdiyi bəlli deyil. Bəlli olan başqa məqamlara nəzər salaq.

Naxçıvanın büdcəsi--əfsanəvi rəqəmlər

Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanununa görə, gömrük istiqaməti üzrə cəmi gəlirlər 32,8 milyon manat təşkil etməli idi (cədvəl 1). Amma bura penya, cərimələr və s. ödənişlər daxil deyil. Onların həcmi barədə heç bir məlumat yoxdur. Daha əvvəlki dövrü əhatə edən statistikadan (burda və sonra Naxçıvana dair gömrük statistikası yerli DGK-nın rəsmi saytından götürülüb, sadəcə qurum ləğv olunduqdan sonra sayt da bağlandığından istinad vermək mümkün deyil) bilirik ki, dövlət rüsumu və dəbbə pulu Naxçıvan MR büdcəsinə edilən gömrük ödənişlərinin 5-7%-ni təşkil edib. Eyni zamanda cərimə, penya və s. adətən DGK-nın büdcədənkənar fonduna yönəlir. Ancaq o fondun bu məsələylə bağlı fəaliyyəti barədə, ümumiyyətlə, məlumat yoxdur. Ona görə illik gömrük yığımlarının həcmi barədə dəqiq nəsə demək olmur.

Naxçıvan MR büdcəsi haqqında qanunlar əsasında tərtib etdiyimiz cədvəl 1-də görünür ki, büdcəyə edilən gömrük ödənişlərinin proqnozu 2020-ci ildə 2019-cu il ilə müqayisədə 2,3 dəfə və ya 14 milyon manat artıb. Bu proqnoz hələ koronavirus pandemiyasından əvvəl verilmişdi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Naxçıvan Maliyyə nazirliyinin məlumatına görə, proqnoz 276 min manatlıq artıqlama ilə yerinə yetirilib. Belə çıxır ki, bütün dünya üzrə pandemiya və karantin tədbirlərinin müşahidə olunduğu vaxtda, Azərbaycan Respublikası DGK tərəfindən büdcə yığımlarının 2019-cu illə müqayisədə 11% azaldığı dövrdə, Naxçıvan DGK-sı 2019-ci illə müqayisədə 2 dəfə çox (2019-cu ildə 12329 min manat toplamışdılar) vəsait toplamağa müvəffəq olub. Bunun necə olduğunu, nəyin hesabına baş verdiyini demək çətindir. Komitə öz illik hesabatlarında bu məsələyə, ümumiyyətlə, toxunmur. Xarici ticarətə dair rəqəmlərdən də bunun səbəbini başa düşmək olmur. Belə ki, 2019-cu ildə muxtar respublika 71,5 milyon dollarlıq məhsul idxal etmişdisə, 2020-ci ildə bu göstərici 82 milyon dollar təşkil edib. Yəni, idxalın həcmi 14% artıb, yığımların həcmi 2 dəfə çoxalıb. Yalnız təxmin eləmək olar ki, bu, məsələn, hansısa şəffaflıq tədbirləri nəticəsində mümkün olub.

Mənimsənildiyi iddia edilən vəsaitin—rəqəmlərin hansı müddəti əhatə etdiyini demək çətindir (ümumiyyətlə, yenə də təxmin etmək olar ki, hər iki rəqəm eyni işə aid olduğuna görə bir-birinin tərkibindədir). Bəllidir ki, real yığımlar 2019 və 2020-ci illərdə ciddi fərqlənməməli idi. Amma bundan kənar yığımların olması bir qədər çətindir. DGK-nın məlumatlarına əsaslansaq, 2020 və 2021-ci illərdə ölkə üzrə gömrük yığımları və idxalat arasında nisbət 21,8% təşkil edib. Naxçıvan MR üzrə bu göstərici 2020-ci ildə 18,1%-ə bərabər olub. Yəni, ölkə üzrə göstəricidən ciddi fərqlənməyib.

Bir məsələ də var. Ölkənin DGK ilə Naxçıvan MR DGK arasında münasibətlərə dair hər hansı məlumat yoxdur. Məsələn, bəlkə ödənişlərin yarısı əvvəllər mərkəzə gedirmiş? Bu sahədə şəffaflıq və hesabatlılıq tək Naxçıvan MR-da yox, ümumiyyətlə, Azərbaycanda çox aşağı səviyyədədir.

Naxçıvana ayrılan dotasiyanın 31 milyonu verilməyəcək

Naxçıvan gömrüyü ilə bərabər Naxçıvan MR-in büdcəsi də müzakirə olunmağa başlayıb. 2023-cü ilin ilkin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasına 480,8 milyon manat dotasiya ayrılması nəzərdə tutulmuşdu. Amma noyabrın sonunda maliyyə naziri Samir Şərifov Naxçıvana ayrılan dotasiyanın 31,1 milyon manat azaldılacağını bildirdi. Buna səbəb, Naxçıvan DTX-nın ləğvi göstərildi. Maraqlıdır ki, Naxçıvan büdcəsi haqqında qanuna görə yerli DTX-yə 10,5 milyon ayrılması nəzərdə tutulur. Bu məbləğ keçən illər ərzində ayrılıb. Gömrük Komitəsi isə ildə 7,8 milyon manat alıb. Yəni müvafiq büdcənin xərcləri 18,3 milyon manat azalıb, amma dotasiya 31,1 milyon azalır. Dekabrın 5-i maliyyə naziri müvafiq dotasiyanın 1,7 milyon manat artırılacağını dedi.

Rəqəmlərə baxsaq, daha bir qurumun idarəetməsinin mərkəzi hökumət qurumuna veriləcəyini ehtimal etmək olar.