Açıq Azərbaycan

Onlayn media

AZƏRBAYCANA DA ATƏT-Ə SƏDRLİK TƏKLİF OLUNUB

27.11.2026 / 46 QHT Azərbaycanın namizədliyinə etiraz edib.


Foto report.az-dan götürülüb



ATƏT-in hazırkı fəaliyyətdə olan sədri İsveçrədir və onun səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Bir ildən artıqdır ki, növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, üzv dövlətlər arasında konsensus əldə etmək mümkün olmayıb.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycan bu müddət ərzində konsensusun təmin olunmasına töhfə verməyə və dialoqa hazır olduğunu bildirib. Son həftələrdə intensivləşən məsləhətləşmələr zamanı Azərbaycanın da növbəti sədrliyə namizədliyi irəli sürülüb və ölkəmizə bu təkliflə bağlı müraciət olunub.

Müzakirələr çərçivəsində 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi təklifi də irəli sürülüb. İlkin paket təklifi Azərbaycan tərəfindən təqdim edilib, sonradan bu təklifə Ermənistanın da daxil edilməsi məsələsi gündəmə gəlib.

Azərbaycan yaranmış vəziyyəti nəzərə alaraq, konsensusun əldə olunmasına müsbət töhfə verməyə hazır olduğunu bildirib. Hazırda məsləhətləşmələr davam edir və yekun nəticə barədə əvvəlcədən proqnoz vermək mümkün deyil.

46 QHT Azərbaycanın sədrliyinə etiraz edib

Açıq Azərbaycan xatırladır ki, bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək təşəbbüsünə etiraz edib. Belarus, Rusiya, Ukrayna, Fransa, ABŞ, Serbiya və digər ölkələrdən 46 qeyri-hökumət təşkilatı (QHT) ATƏT-in iştirakçı dövlətlərini Azərbaycanın mümkün namizədliyinin qarşısını almağa çağırıb.

Təşkilatların birgə müraciətində Azərbaycan hökumətinin təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində etibarlı tərəfdaş olmadığı iddia edilir. Sənəddə belə bir hökumətə ATƏT-ə sədrlik səlahiyyətinin verilməsinin təşkilatın legitimliyinə və etibarlılığına xələl gətirə biləcəyi vurğulanır.

Müraciəti imzalayan qurumlar arasında İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), ABŞ-nin Freedom Now təşkilatı, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və Vyasna İnsan Haqları Mərkəzi də var.

Təşkilatlar hesab edir ki, insan hüquqları ATƏT-in əsas fəaliyyət istiqamətlərindən biri olduğuna görə, bu sahədə problemlərlə bağlı tənqid olunan hökumətin təşkilata rəhbərlik etməsi ciddi suallar yarada bilər.