Açıq Azərbaycan

Analitik Portal

SİYASİ PARTİYALAR HAQQINDA YENİ QANUN BEYNƏLXALQ QURUMLARDA DA NARAHATLIQ YARADIB

05.04.2023 / “Qanunda olduqca problemli müddəalar var”

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla bağlı birgə rəyini açıqlayıb. Sənəddə deyilir ki, yeni qanun Azəbaycanda partiyaların fəaliyyətinin bütün sahələrində tənzimləməni xeyli sərtləşdirib.

Komissiya qeyd edir ki, siyasi partiyalar haqqında 1992-ci ildə qəbul edilmiş qanunla yeni qanun arasında əsas fərq, partiyaların yaradılması şərtləri, ləğv olunması səbəbləri, maliyyələşdirilməsi qaydaları, qeydiyyatdan keçmədən fəaliyyət göstərə bilmə imkanları, dövlət orqanlarının siyasi partiyalar üzərində nəzarəti ilə bağlıdır. Yeni qanunda bu sahələrin çoxunda sərtləşmə müşahidə olunur.

Xatırladaq ki, adı çəkilən beynəlxalq qurumların yeni qanun haqqında rəyi “REAL” partiyasının müraciəti əsasında hazırlanıb. Partiya bunun üçün dekabr ayında Avropa Şurası Parlament Assembleyasının Monitorinq komitəsinə müraciət edib. Monitorinq Komitəsi şərhi hazırlamaqdan ötrü Venesiya Komissiyasına sorğu göndərib, komissiya isə bu işə DTİHB-ni cəlb edib.

Ən problemli müddəalar

Birgə rəydə deyilir ki, yeni qanun ölkədə plüralizmə daha da mənfi təsir göstərə biləcək bir sıra yeni, olduqca problemli müddəalar təqdim edib. Onların arasında ən ciddiləri aşağıdakılardır:

Partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərədək artırılması;

İndiyədək qeydiyyata alınan siyasi partiyaların yenidən qeydiyyatdan keçməsinin zəruriliyi;

Siyasi partiyaların yaradılması və qeydiyyatı üçün nəzərdə tutulan uzun müddətli və yükləyici prosedur;

Dövlət qeydiyyatı olmayan siyasi partiyanın fəaliyyətinə yasaq;

Partiyadaxili struktur və əməliyyatların həddən artıq tənzimlənməsi;

Ədliyyə Nazirliyinin partiyaların fəaliyyətinə və siyasi partiya üzvlərinin reyestrlərinə aşırı nəzarəti;

Siyasi partiyanın fəaliyyətinin hüquqi aktların ciddi şəkildə pozulması ilə bağlı olmayan hallarda belə, dayandırması və ya partiyanın ləğv edilməsi imkanı.

Şərhçilər bildirir ki, qeyd olunan yeni qaydalar həm beynəlxalq insan haqları sənədlərində, həm də milli konstitusiyada təmin edilən birləşmək azadlığı hüququ ilə bağlı ciddi narahatlıqlar yaradır. Venesiya Komissiyası və DTİHB xatırladır ki, demokratik cəmiyyətin düzgün işləməsi üçün toplaşmaq və ifadə azadlığı hüquqları vacibdir. “Siyasi partiyalar siyasi ifadənin kollektiv alətləri kimi bu hüquqlardan tam şəkildə istifadə edə bilməlidirlər”.“Siyasi partiyalar öz daxili prosedurlarına nəzarəti özləri etməlidirlər.” “Demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə nail olmaq üçün qeydiyyat tələbləri və qeydiyyat prosedurları ağlabatan olmalı, diqqətlə hazırlanmalıdır.” “Siyasi partiyalar üzərində dövlət nəzarəti demokratik cəmiyyətdə zəruri olan miqyasla məhdudlaşmalıdır.” “Siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən partiyanın öz üzvlərinin siyahılarını dövlətə təqdim etməsi tələbi zərurət və mütənasiblik prinsiplərinə uyğun gəlməyən, həddindən artıq müdaxilə tədbiri kimi görünür.” “Siyasi partiyaların fəaliyyətinin dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozuntularına yol verildikdə və son çarə olaraq tətbiq edilə bilər.”

Rəydə həmçinin o da qeyd olunur ki, qanun Venesiya Komissiyasının bəzi əvvəlki tövsiyələrini, məsələn, partiyaların maliyyələşdirilməsi və ona nəzarət sahəsindəki tövsiyələri nəzərə alıb. Bununla belə, Azərbaycan ərazisində daimi yaşadıqları halda siyasi partiyaya üzv olmasına icazə verilməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı bir sıra digər irad və tövsiyələrə əhəmiyyət verilməyib.

Venesiya Komissiyası və DTİHB-nin birləşmə azadlığı haqqında təlimatlarında deyilir ki, birliklərə aid hüquqi müddəalar və hüquqi aktlar açıq, şəffaf, geniş, əhatəli şəkildə, müxtəlif və əks baxışları təmsil edən maraqlı tərəflərin, o cümlədən verilən təklifləri tənqid edənlərin iştirakı ilə qəbul edilməlidir. Azərbaycanda isə siyasi partiyalar haqqında qanun 1 ay içində 3 oxunuşdan keçib və prosesdə cəmiyyətin maraqlı tərəflərinin iştirakı təmin edilməyib.

Tövsiyələr

Venesiya Komissiyası və DTİHB yeni qanunla bağlı növbəti tövsiyələrini irəli sürüb,

4.3-cü maddədə siyasi partiyaların yaradılmasına və fəaliyyət göstərməsinə yol verilməməsi məqsədlərinin daha dəqiq müəyyən edilməsi;

Siyasi partiyaların, üzvlərinin sayına görə yaradılması və qeydiyyata alınması şərtinin heç olmasa 1992-ci il qanununda nəzərdə tutulmuş rəqəmə (siyasi partiyanın dövlət qeydiyyatı üçün azı 1000 üzvünün olması tələb edilirdi) qayıtmaqla sadələşdirilməsi və ya üzvlük tələbinin digər, daha yumşaq tələblərlə əvəz edilməsi;

Siyasi partiyaların qeydiyyatı üçün tələb olunan sənədlərin minimuma endirilməsi;

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi partiyalara üzv olmaq imkanının yaradılması;

Siyasi partiyaların üzvlərinin yenilənmiş qeydiyyatının dövlət orqanları tərəfindən yoxlanması şərtinin ləğv edilməsi; bu şərt saxlansa belə, qanunun indi Ədliyyə Nazirliyinə aid etdiyi bütün funksiyaları nazirliyə deyil, müstəqil quruma həvalə etməsi; həmin qurumun müstəqilliyini və əldə etdiyi məlumatların məxfiliyini qorumasına təminat verilməsi;

Siyasi partiyalardan bütün üzvlük reyestrini yox, yalnız qeydiyyat üçün tələb olunan minimum sayda üzvlərinin siyahısını təqdim etmələrinə imkan verilməsi məsləhət görülür.

Tövsiyələrdən biri də budur ki, qanunda “siyasi partiya üzvlərinin siyahısı partiyanın daxili sənədidir və ictimaiyyətə açıqlanmamalıdır” fikri aydın şəkildə göstərilməlidir.

Venesiya Komissiyası və DTİHB Azərbaycan hakimiyyətinə əlavə yardım da təklif edib.

Komissiya məruzəçilərinin Azərbaycana gəlməsinə icazə verilməyib.

Venesiya Komissiyasının DTİHB ilə birgə hazırladığı rəyin məruzəçiləri Veronika Bilkova, Renata Deskoska və Jan Velaersdir. Komissiya hesabatında bildirib ki, onların rəyi yalnız çox mühüm hesab etdikləri elementlərə fokuslanıb.

Sənədin hazırlanmasında iştirak edən mütəxəssislərin Azərbaycana gəlməsinə icazə verilmədiyindən qurumlar Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və siyasi partiya üzvləri ilə onlayn müzakirələr aparmağa məcbur olub. Hakim partiya ilə planlanan görüşlər isə təxirə salınıb.

Siyasi partiyalar haqqında qanun layihəsi Azərbaycan Milli Məclisinə 2022-ci il, sentyabrın 9-da təqdim edilib, 29 noyabr, 6 və 16 dekabrda oxunuşundan keçib və qəbul olunub, 2023-cü il, yanvarın 11-də isə prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Siyasi partiyalar haqqında yeni qanun Azərbaycanın bütün vətəndaş cəmiyyətləri və siyasi partiyaları tərəfindən neqativ qarşılanıb, onu mürtəce sənəd adlandırıb, siyasi səhnəni biraz da qapadacağını bildiriblər.