Oktyabrın 22-də ABŞ-ın Vanity Fair jurnalında dərc olunan araşdırmada bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı rəhbərləri Donald Trampın kürəkəni Cared Kuşnerin istifadəsi üçün ən azı 2 milyard dollar ayırıblar. Bu vəsaitin böyük hissəsi Azərbaycan bankları vasitəsilə köçürülüb.
Araşdırmanın müəllifi, jurnalist Metyu Koul yazır ki, 2018-ci ilin əvvəlində Niderlandın hərbi kəşfiyyatı Kuşnerin iPhone telefonuna giriş əldə edib. Kəşfiyyatçılar onun telefon ekranını izləyərək BƏƏ-dəki bank hesabına daxil olduğunu müəyyənləşdiriblər.
Azərbaycan bankından 750 milyon dollar
Araşdırmaya görə, 2017-ci ildən başlayaraq BƏƏ və Səudiyyə Ərəbistanı rəhbərləri Dubaydakı First Abu Dhabi Bankda yerləşən hesaba təxminən 750 milyon dollar köçürüblər.
Məqalədə “Alfa” adlandırılan bu hesab Birləşmiş Ərəb Əmirlikləri hökumətinin maliyyələşdirdiyi Watani Al Emarat Foundation xeyriyyə təşkilatına məxsus olub. Kuşner hesabın sahibi deyil, imza səlahiyyətinə malik şəxslərdən biri olub.
Niderland kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, vəsait Azərbaycandakı bir bankdan ABŞ dolları ilə göndərilib. Kəşfiyyatçılar həmin bankın Azərbaycan hökuməti ilə əlaqəli ola biləcəyini ehtimal ediblər. Məqalədə bankın adı açıqlanmır.
Müəllif yazır ki, bəzi Azərbaycan bankları iri beynəlxalq köçürmələrdə vasitəçi kimi çıxış edir. Onlar Səudiyyə rialı və BƏƏ dirhəmi ilə daxil olan vəsaitləri başqa hesablar vasitəsilə ABŞ dollarına çevirərək təyinat yerinə göndərirlər.
Araşdırmada belə əməliyyatlara görə 6–7 faiz komissiya tutulduğu iddia olunur.
Daha bir milyard dollar İsrailə köçürülüb
Araşdırmada bildirilir ki, 2018-ci ilin yazına qədər BƏƏ lideri Məhəmməd bin Zayed Kuşner üçün Azərbaycan vasitəsilə İsrailə təxminən 1 milyard dollar köçürüb.
Məqalədə “Beta” adlandırılan bu hesabın İsrail Mərkəzi Bankında yerləşdiyi iddia edilir.
Müəllifin mənbəsinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu vəsaitin Mərkəzi Bankda saxlanılmasını təklif edib. Kuşner isə hesabdan əməliyyat aparmazdan əvvəl Netanyahunu məlumatlandırmalı olub.
Araşdırmada iddia edilir ki, sonradan həmin vəsaitin böyük hissəsi Kiprdəki bank hesablarına, oradan isə başqa istiqamətlərə köçürülüb.
Məqalədə bu pulun Kuşnerin şəxsi maraqları üçün nəzərdə tutulduğu bildirilir. Lakin onun vəsaitdən konkret necə istifadə etdiyi məlum deyil.
Pulun siyasi məqsədləri
Araşdırmaya görə, gizli maliyyə razılaşmaları Trampın ilk prezidentliyi dövründə ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı olub.
BƏƏ rəhbəri Məhəmməd bin Zayed İranla nüvə sazişinin ləğvini istəyib. Səudiyyə Ərəbistanından Məhəmməd bin Salman vəliəhd şahzadə olmaq üçün dəstək axtarıb. Kuşner isə İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşmasına çalışıb.
Məqalənin mənbələrindən biri bildirib ki, Kuşner BƏƏ rəhbərinə onların maraqlarını Tramp administrasiyası daxilində müdafiə edəcəyini vəd edib.
Müəllif hesab edir ki, xarici hökumətlərin Kuşnerə belə böyük məbləğlərə çıxış imkanı verməsi ABŞ qanunvericiliyi baxımından ciddi suallar yaradır.
Kuşner və digər şəxslər iddiaları təkzib edirlər
Kuşnerin vəkili onun BƏƏ-dəki xeyriyyə təşkilatı və bank hesabı ilə hər hansı əlaqəsinin olduğunu inkar edib.
Vəkil bildirib ki, Kuşner xarici hökumətlərlə münasibətlərində qanunları pozmayıb və bütün razılaşmalar ABŞ prezidentinin razılığı ilə həyata keçirilib.
ABŞ-ın İsraildəki keçmiş səfiri Devid Fridman da iddia edilən pul köçürmələrində iştirakını təkzib edib.
Kuşnerin hüquq müşaviri İsraildə onun üçün açıldığı iddia edilən hesabın da mövcud olmadığını bildirib.
P.S. Vanity Fair jurnalının araşdırması Metyu Koulun 2026-cı ildə nəşr olunacaq “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd bin Zayedin Yaxın Şərqi yenidən formalaşdırmaq üçün gizli planı” kitabından götürülüb.