2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə cəmi 1,6 faiz artım deməkdir.
Maliyyə Nazirliyinin məlumatına görə, gələn il dövlət büdcəsinin xərclərinin 42 milyard 400 milyon manat olması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 696,4 milyon manat və ya 1,6 faiz çoxdur.
2027-ci ildə icmal büdcənin xərclərinin isə 50 milyard 386,7 milyon manat olacağı gözlənilir. Bu göstərici 2026-cı illə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur.
Hökumət gələn il Azərbaycanda illik inflyasiyanın 5,3 faiz təşkil edəcəyini proqnozlaşdırır. Maliyyə Nazirliyinin 2026-cı il üzrə inflyasiya proqnozu isə 5,7 faizdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Avqustda illik inflyasiya 5,7 faiz, aylıq inflyasiya isə 0,2 faiz olub.
Büdcə layihələri hazırlanarkən “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb. Bu göstərici 2026-cı ilin büdcəsindəki qiymətlə eynidir.
2027-ci ildə müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 816,4 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsait dövlət büdcəsi xərclərinin 20,8 faizini təşkil edir və 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 1,1 faiz çoxdur.
Ümumiyyətlə, Azərbaycan hökumətinin növbəti dörd il üçün büdcə proqnozları bədbin xarakter daşıyır. 2030-cu ilədək büdcə gəlirlərinin 2026-cı illə müqayisədə cəmi 5,1 faiz artacağı, büdcə kəsirinin isə 3,7 milyard manata çatacağı proqnozlaşdırılır.