Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir.
Hakimiyyətin nəzarətində olan “Qafqazinfo” saytının məlumatına görə, artıq iş materialları tanış olmaq üçün vəkillərə verilib.
Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsidə araşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaq orqanının yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcəyi bildirilir.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Əli Kərimli və Məmməd İbrahimin həbsi ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqələndirilib. Hakimiyyətə yaxın media AXCP sədrinin Ramiz Mehdiyevin işində şahid qismində cəlb olunduğunu bildirib.
Əli Kərimli uzun illərdir hakimiyyətə ardıcıl müxalif mövqedə dayanıb və Prezident İlham Əliyevin əsas tənqidçilərindən biridir. Onun rəhbərlik etdiyi AXCP müntəzəm olaraq etiraz aksiyaları keçirib və uzun illər ərzində partiya üzvlərinin həbsi və digər təzyiqlərlə üzləşdiyini bildirib.
AXCP sədri ittihamları qəbul etmir. Partiyanın məlumatına görə, Əli Kərimli istintaqa heç bir ifadə verməyib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Onun sağlamlığı və saxlanma şəraiti ilə bağlı sentyabrın əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib. Hökumət AİHM-dən cavab təqdim etmək üçün sentyabrın 16-dək vaxt istəmişdi.
Bu ərəfədə DTX-yə yaxın media resurslarında Ramiz Mehdiyevin işinin məhkəməyə göndərildiyi, Əli Kərimli və Məmməd İbrahimin işinin isə həmin cinayət işindən ayrıldığı barədə məlumatlar yayılmışdı.