Toğrul Vəliyev

İqtisadçı

QARABAĞIN BƏRPA İŞLƏRİNDƏ QARA PƏRDƏ

15.08.2022 / Tenderlər haqda ictimaiyyətə yalnız “epizodik” məlumat verilir


Yeni Füzuli-Şuşa avtomobil yolunun tikintisi. Foto aayda.az saytından götürülüb



İyulun 15-də prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirə vaxtı prezident işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa və tikinti işləri ilə bağlı ayrıca qeyd edib: “Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

Bu bir ilk deyil, prezident müvafiq işlərdə şəffaflığın təmin edilməsi barədə əvvəllər də danışıb. Hələ 2022-ci il, yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verəndə İ.Əliyev deyib ki, “hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.

Beləliklə, prezidentin müşavirədə etdiyi çıxışdan bəlli olur ki, açıq tender prosedurları təmin edilib və gələcəkdə də təmin ediləcək. Bəs reallıq necədir? Açıq tender prosedurları həyata keçirilibmi? Şəffaflıqdırmı? İctimaiyyətə müntəzəm olaraq məlumat çatdırılırmı?...

Qanun nə deyir?

“Dövlət satınalmaları haqqında” qanuna görə, “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır” (minimum məbləğ 50 min manatdır). Qanunun müvafiq maddəsi həmçinin əlavə edir ki, ehtimal olunan qiyməti minimum məbləğdən yuxarı olduqda “malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərti ilə aparıla bilər”. “Digər satınalma üsulu” dedikdə burada təkliflər sorğusu və bir mənbədən satınalma nəzərdə tutulur. Amma hər iki halda bunun üçün xüsusi hallar olmalıdır. Təkliflər sorğusunun tətbiqi aşağıdakı hallarda mümkündür:

Bir mənbədən satınalma metodu isə aşağıdakı şərtlər çərçivəsində mümkündür:

Başqa sözlə xüsusi hal olmadığı vəziyyətdə açıq tender tətbiq edilməlidir. Azərbaycnda isə dsha çox xüsusi hallar müşahidə olunur.

Rəqəmlər prosesin şəffaf olmadığını göstərir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin 2021-ci il ərzində həyata keçirilmiş dövlət satınalmaları haqqında hesabatına görə, il ərzində keçirilmiş 12129 satınalma prosedurundan yalnız 3072-si açıq tender formasında keçirilib. Yuxarıda qeyd olunan minimum məbləğdən (yəni 50 min manatdan) yuxarı məbləğ ilə keçirilən tender prosedurların sayı isə 7090 idi. Yəni, açıq tender şərtlərinə uyğun olan satınalma prosedurların yalnız 43,3%-i bu üsulla keçirilir. Xüsusi halların 57% olması bir qədər şübhəlidir. Bəlkə işğaldan azad olunmuş torpaqlarda işlər başqadır?

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası (2021-ci il) üçün nəzərdə tutulan vəsaitin bölgüsü 2021-ci il, martın 13-də imzalanmış prezidentin sərəncamı əsasında həyata keçirilir. Bu sərəncam imzalandığı tarixdə heç bir KİV-də dərc olunmayıb. Onu yalnız bir müddət sonra e-qanun.az portalında yerləşdiriblər. Üstəlk, sərəncama il ərzində bir sıra dəyişikliklər edilib, amma müvafiq portalda onlardan yalnız 5-i dərc olunub. Həmçinin, dərc olunan, sərəncamın yalnız giriş hissəsidir, müvafiq bölgü gizli saxlanıb.

“Ara-sıra” informasiya var, amma...

“Azərsu” ASC-nin bu ilin iyul ayında dərc olunmuş hesabatına—2021-ci ilin maliyyə hesabatına əsasən bilirik ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü ilə bağlı 3166 nömrəli sərəncam imzalanıb (2022-ci il, 1 mart tarixində). Hətta bu bölgüyə görə “Azərsu”ya 18,6 milyon manat ayrılıb. Amma e-qanun.az portalına müraciət edəndə, orda 3164, 3165, 3167, 3168 saylı sərəncamları tapmaq olur, 3166 saylı sərəncam barədə heç bir məlumat görünmür.

Göründüyü kimi, artıq birinci mərhələdə—müvafiq vəsaitlərin bölgüsü mərhələsində qeyri-şəffaflıq müşahidə olunur. Və ictimaiyyət işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsünə dair məlumatlandırılmır. Ümumiyyətlə, bu xərclər barədə ictimaiyyətə yalnız epizodik olaraq, məlumat verilir.

Məsələn, Maliyyə nazirliyi geniş ictimaiyyət üçün bu xərclərin bölgüsünə dair məlumatı yalnız iyun ayının 30-da dərc olunmuş hesabatda--“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda” verib. Məlumata görə, həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat xərclənib (plana qarşı 0,2 milyon manat az). Avtomobil yolların tikintisi və bərpası işini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) həyata keçirir. Buna əsaslanaraq, müvafiq layihələrə aid şəffaflığı yoxlamağa çalışaq.

Kiçik araşdırma aparaq

İlk əvvəl tenderin keçirilməsi barədə elan yerləşdirilməlidir. Tender elanı sadəcə kiçik bir elandan ibarət olmamalıdır. Qanuna görə, müvafiq elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

1. satınalma keçirən haqqında məlumat;
2. satınalma prosedurlarının başlanması vaxtı və yeri;
3. satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri (əgər nəzərdə tutulubsa);
4. satınalmada iştirak üçün tələb olunan sənədlər;
5. əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi;
6. tender təklifinin təminatı şərtləri;
7.göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri;
8. malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki;
9.malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar və prosedurlar;
10.malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdıran şərtlər;
11. iştirak haqqının məbləği və ödənilməsi qaydası;
12. tender təklifinin və qiymət kotirovkasının hazırlandığı dil (dillər);
13. tender təkliflərinin və ya qiymət kotirovkalarının verilməsinin son tarixi və yeri.

Eyni zamanda, dövlət satınalmalarının vahid internet portalında həmin prosedurların nəticələri dərc olunmalıdır. Buna əsaslanaraq, AAYDA-nın fəaliyyətini araşdıraq.

Dövlət satınalmaları portalına müraciət etdikdə, onun bir neçə bölmədən ibarət olduğunu görə bilərik. Birinci bölmə “Satınalma planları” adlanır. Burada dövlət qurum və şirkətləri növbəti ildə həyata keçiriləcək satınalmalar ilə bağlı planlar dərc edir. Agentlik 2020 və 2021-ci illər üçün satınalma planlarını yerləşdirib. 2021-ci il üçün satınalma planında qeyd olunan 15 layihənin hər birinin ehtimal olunan dəyəri 5,1 milyon manatdan yuxarıdır. Amma bu layihələr arasında işğaldan azad olunmuş torpaqlara aid heç nə qeyd olunmayıb.

İkinci bölmə “Müsabiqə” adlanır. Burada müxtəlif satınalma prosedurlarına dair elanlar və bildirişlər yerləşdirilir. AAYDA-ya aid yalnız “Açıq Tender (3 milyon ABŞ dollarının manat ekvivalentindən çox)” bölməsində 13, “Təkliflər sorğu” bölməsində isə 1 elan tapmaq olur. Bütün elanlar 2019-cu ilə aiddir. “Ləğv edilmiş” bölməsində 2021-ci ilə aid 6 elan var. Amma bu elanlar da Qarabağa aid deyil. Hətta “Bildirişlər” bölməsində sonuncu məlumatlar 2019-cu ilə aiddir.

Daha bir bölmə “Bağlanmış müqavilə haqqında məlumat” adlanır. Burda əsas nəticələr dərc olunur. Amma burdakı məlumatlar da 2019-cu ilə aiddir, sonraki dövr barədə heç nə yoxdur. Bir sözlə, dövlət satınalmaları portalı işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən yol tikintisi barədə məlumatlı deyil.

AAYDA-nın rəsmi saytına baxaq: “Elan” bölməsində satınalmalara dair heç bir elan tapmaq mümkün deyil. Burda daha çox yollardakı vəziyyətə aid elanlar olur. Hətta saytın “Layihələr” bölməsində yer alan məlumatlar əsasən “Regional Yollar və İnkişaf Layihəsi”nə aiddir. Bu layihə isə Dünya Bankından (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)) götürülən kredit vəsaiti hesabına reallaşır. Yəni, beynəlxalq donorun tələbidir (eyni məsələ Bakı-Şamaxı, Gəncə-Qazax-Gürcüstan yollarına da aiddir). Ümumiyyətlə, saytda yerləşdirilən sonuncu satınalma elanları da məhz bu layihə ilə bağlıdır.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası çərçivəsində həyata keçirilən yol tikintisi barədə məlumatlar yalnız “Xəbərlər” bölməsində yer alır. Misal üçün, 2022-ci ilin martın 16-da dərc olunmuş məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 16 yol layihəsi icra olunur. Bu layihələri AAYDA ilə birlikdə kim icra edir? Cavab tapmaq çətindir.

Yolların tikintisində türk şirkətləri aktiv iştirak edirlər

2021-ci il, dekabrın 23-də “I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi”nə həsr olunmuş materialda qeyd olunur ki, “iş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “23 N-li Yol İstismarı” MMC, “43 N-li Yol İstismarı” MMC, “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq, yol tikintisi sahəsində ixtisaslaşmış “Azvirt” MMC, həmçinin Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir”.

Yəni, AAYDA podratçı qismində onun nəzdində olan şirkətləri cəlb edib. Subpodratçıq qismində isə iki türk şirkəti və Azvirt MMC cəlb olunub. “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri həm də Toğanali-Kəlbəcər-İstisu layihəsində iştirak edirlər. Bundan əvvəl “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və Azvirt MMC “Zəfər Yolu”nun tikintisinə qatılıb. Bu şirkətlərin bu layihələrə hansı əsaslarla cəlb olunması haqda heç bir detal təqdim olunmur. Yəni hansı müsabiqə üsulundan istifadə edildiyi bəlli deyil.

Türk şirkətlərinin yol tikintisində aktiv iştirakına dair bir məlumatı bu yaxınlarda AAYDA özü verib; Agentlik tərəfindən ötən müddət ərzində 38726 nəfər Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alınıb.

Amma bu qeyri-şəffaflıq təkcə türk və ya birgə müəssisələrə aid deyil. Məsələn, Bərdə-Ağdam yolunun tikintisində subpodratçı qismində “Körpü-Bina-Tikinti” MMC, Ağdam-Füzuli yolunun tikintisində onunla birlikdə "North West Construction” MMC və s. iştirak edir. Müvafiq şirkətlərin də hansı əsaslarla seçilməsinə dair hər hansı məlumat yoxdur.

Beləliklə, işğaldan azad olunmuş torpaqlarda keçirilən geniş miqyaslı işlərə dair şəffaflıq təmin olunmur. 2021-ci ildə həyata keçirilən işlər barədə maliyyə məlumatlarını yalnız qısadılmış formada (yəni ümumi xərclər barədə) 2022-ci ilin iyununda əldə edirik. Detallı və hər layihə barədə məlumata gəldikdə, vəziyyət daha pisdir. Düzdür, AAYDA texniki məlumatları ümumən təqdim edir (yolun uzunluğu, tələb olunan asfalt həcmi, körpü və tunellər barədə və s.), amma xərclər, müxtəlif şirkətlərin layihələrə subpodratçı qismində cəlbi haqda danışılmır. Bir sözlə, qanun maksimum şəffaflıq tələb etdiyi halda, işdə şəffaflıq təmin edilmir.