Açıq Azərbaycan

Analitik Portal

ÜNVANLI SOSİAL YARDIM ÜNVANSIZ QALIB...

18.01.2019 / Sosial yardım haqda qərarlar konsitutsiyaya ziddir, əhalinin haqqlarını pozur

Nəinki Azərbaycanda, bir çox inkişaf etmiş və inkşaf etməkdə olan ölkələrdə aztəminatlı ailələrə verilən sosial təminatın ən vacib formalarından biri ünvanlı dövlət yardımıdır. Azərbaycanda bu hüququn rəsmiləşdirilməsindəki bürokratik əngəllər və korrupsiyalaşmış sistem əvvəllər xeyli çətinlik yaradırdı, 2018-ci ildə aparılan “islahatlarla” vətəndaşlar haqları çatan sosial yardımın ünvanını da itiriblər.

İşsizlər haqda qanuna dəyişiklik ünvanlı sosial yardıma da təsir edib

Ünvanlı dövlət sosial yardımı haqqında qanuna dəyişiklik edilməzdən əvvəl, qanunun 3-cü maddəsinə müvafiq olaraq, sosial yardım hüququna orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik idilər. Yəni ailə özündən asılı olmayan səbəblərdən--ailə üzvlərinin əmək qabiliyyətsiz olması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün yerinin məlum olmaması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması və s. səbəbdən aztəminatlı sayılır və sosial yardım hüququ alırdı. Beləlilklə, işsiz kimi qeydə alınan şəxslər işsizliyə görə sosial müavinətlə yanaşı (indi ləğv edilib) ailə üzvlərini dolandırmaqdan ötrü ünvanlı sosial yardım da ala bilirdilər.

Ancaq 2018-ci il, aprel ayının 24-də qanuna dəyişiklik edildi və “işsiz” anlayışı dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, ya da işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz olaraq qeydə alınan şəxslərlə məhdudlaşdırıldı. Bu o deməkdir ki, yalnız qanunun müəyyən etdiyi səbəblərə görə işsiz qalan şəxslər əvvəlcə işsiz statusu almaqdan ötrü çalışmalı, sonra ünvanlı sosial yardım üçün müraciət etməlidirlər. Başqa səbəblərə görə işsiz qalanlar bu əsasla ünvanlı sosial yardım tələb edə bilməzlər. İşsizlər üçün nəzərdə tutulan işsizlik müavinəti sığorta ödənişləri ilə əvəzlənəndən ünvanlı dövlət yardımı da məhdud sayda işçiyə şamil olunmağa başlayıb.

Ehtiyacın məbləği artıb - 13 manat?

2018-ci ilin son ayı həm də 2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının müəyyən olunması ilə yadda qaldı. Qeyd edək ki, yaşayış minimumu, xüsusilə də ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının məbləğinin müəyyən olunmasında əhəmiyyətli paya sahibdir. Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanuna əsasən, bu meyar 143 manatdır. Doğrudur, ötən ilki (130 manat idi) ilə müqayisədə məbləğ 13 manat artırılıb. Ancaq Azərbaycanda ünvanlı sosial yardıma müraciət edən aztəminatlı ailələrin, adətən, iki və daha çoxuşaqlı ailələr olduğunu nəzərə alsaq, rəqəm bugünkü bazar qiymətləri fonunda, əlbəttə, çox aşağıdır.

Dəyişikliklər beynəlxalq öhdəliklərə nə qədər uyğundur?

Azərbaycan Respublikasının insan haqları sahəsində götürdüyü beynəlxalq öhdəliklər sosial təminat və sığortaya dair öhdəlikləri də əhatə edir. Azərbaycanın tərəf olduğu İqtisadi, Sosial və Mədəni Haqlara dair Beynəlxalq Paktın 9-cu maddəsi, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ təsbit olunub. Beynəlxalq Paktın 10-cu maddəsi dövlətlərin üzərinə ailə və uşaqların mühafizəsinə, o cümlədən sosial müdafiəsinə dair öhdəliklər də qoyur. Beynəlxalq sənədin müddəalarına baxanda Azərbaycanın ünvanlı dövlət sosial yardım proqramını uğurlu addım hesab etmək olar. Amma sosial yardımın məhdudlaşdırılması və icrasındakı çətinliklər uğurdan danışmağa qoymur. Qanunda nəzərdə tutulan səbəblərə görə deyil, başqa amillər ucbatından işini itirən vətəndaşların ünvanlı sosial yardımı ala bilməməsi onların mühafizədən əsassız şəkildə məhrum edilməsi deməkdir.

Ünvanlı sosial yardım almaq üçün işsiz şəxsin iş yerini hansı səbəbdən itirməsi göstərici olmamalıdır. Ona görə ki, aylıq ehtiyaclarına görə işsizlərin arasında fərq ola bilməz. İşini müəssisədə aparılan ixtisarlar nəticəsində itirən vətəndaşla işdən müəssisə rəhbəri tərəfindən azad edilən və yaxud ümumiyyətlə işləməmiş və iş axtaran vətəndaşa necə fərq qoymaq olar ki?

Hətta etiraf etmək lazımdır ki, bu ehtiyacın həddi, ümumiyyətlə, işləməmiş və ya iş axtaran şəxslər üçün daha çoxdur. Yəni dəyişiklik işsiz vətəndaşları müəyyən kateqoriyalara bölür, ünvanlı sosial yardımın çərçivəsini daraldır və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin olunan bərabərlik hüququnu pozur.

İşsizlikdən sığorta haqqında qanuna əsasən, işsizliyə görə ödəniləcək müavinətlər əvvəldən yığılan sığorta ödənişlərinə görə hesablanır. Yəni işçilər qanunvericiliklə müəyyən olunan səbəblərdən dolayı işdən azad edilmə təhlükəsindən sığortalanmaq üçün sığorta ödənişləri edirlər və bu hallardan hər hansı biri baş verdiyi zaman sığorta ödənişinə haqq qazanırlar.

Ünvanlı sosial yardımda isə vəziyyət tamamilə başqadır. Ünvanlı dövlət sosial yardımı almaq niyyətində olan vətəndaşlar bunun üçün əvvəlcədən hər hansı sığorta ödənişi etmədiklərindən, işsizlik səbəblərinə görə ayrı-seçkiliyə məruz qalır və bu ayrı-seçkiliyə səbəb qanunvericilikdəki dəyişiklikdir.

Ehtiyac meyarının və yaşayış minimumun məbləğindəki cüzi artım və yeni məbləğin ölkədəki həyat səviyyəsinə uyğun olmaması İqtisadi, Sosial və Mədəni Haqlara dair Beynəlxalq Paktın 11-ci maddəsində nəzərdə tutulan adekvat həyat şəraitinin təmin olunması hüququnun pozulmasıdır. Daha dəqiq desək, yaşayış minimumu və ehtiyac meyarının həddi ölkədəki adekvat həyat şəraiti üçün lazım olan minimal məbləğdən azdırsa, bu, dövlətin öz öhdəliyini yerinə yetirməməsi deməkdir.

Həyat standartlarına uyğun olmayan ünvanlı dövlət sosial yardımının aztəminatlı ailələrə ayrı-seçkilik qoymaqla verilməsi, işsiz şəxslər arasında gərəksiz fərqlərin hesaba alınması sistemin yarıtmazlığını təsdiq edir.