Açıq Azərbaycan

Analitik Portal

QARABAĞDA REABİLİTASİYA NECƏ APARILACAQ?

21.12.2020 / Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə abidələrin bərpasına başlayır


Füzuli şəhəri. Foto Əhməd Muxtarındır.



Qarabağın reabilitasiyası... Necə olacaq?

Qarabağdakı abidələrin bərpasına başlanır

Azərbaycanın Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dağılmış abidələrin bərpasına başlayır. Bu barədə nazirlyin rəsmi Facebook səhifəsində video yerləşdirilib.

Qarabağ bölgəsinə yerli ekspertlərdən ibarət işçi qruplar yollanıb, Azərbaycan höküməti post-konflikt ərazilərinin reabilitasiyasına dair proqramlar üzərində çalışdığını bildirir. Ancaq prosesin icrası, cəlb edilən tərəflər və mexanizmlərə dair yanaşmalar fərqlidir. Məsələ ilə bağlı ictimai müzakirələr başlayıb.

Xarici mətbuat erməni abidələrindən narahatdır

"The Times" nəşri “Dağlıq Qarabağ: Dəyərli xristian əsərlərinin məhv olma riski var” başlıqlı məqalə yayımlayıb. “İndi dünya başqa bir mədəni və humanitar fəlakətin astanasındadır. Buna nəzarət edilməsə, nəticə İŞİD tərəfindən Orta Şərqdə beş il əvvəl başladılan tarixə - mədəni irsə edilən vandal hücumdan daha dağıdıcı ola bilər,” deyən məqalədə Şuşa və Kəlbəcərdə xristian abidələrinin məhvindən, tarixi ərazilərə siyasi nəzarət dəyişdikcə mədəni irsin təhrif ediləcəyindən narahatlıq ifadə olunub.

"Los Angeles Times" qəzeti “Azərbaycanda erməni abidələri risk altındadır” başlığı ilə yayımladığı məqalədə Los-Ancels sənətkarlarının Qarabağdakı erməni mədəni irsinin mühafizəsi və unudulmaması üçün kampaniyaya başladığını bildirir: “Los-Ancelsdəki rəssam və elm adamları birləşərək, Qarabağdakı erməni abidələrinin xatirəsinə memorial hazırlayırlar. Ermənilər qaçır, geridə isə çoxəsirlik erməni mədəni irsi dayanır: Bir zamanlar Tiqranakertin önəmli ziyarətgahı və arxeoloji məskəni olan 12-ci əsrə aid zərif Dadivank Manastırı. Yunan və erməni sivilizasiyalarının ən yaxşı qorunan şəhər abidələri...”

“The Conversation” nəşri isə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər orta əsr abidəsi olan kilsələrinin məhv ediləcəyindən qorxurlar” başlıqlı məqalə yayıb: “Müharibə bitsə də, bölgənin zəngin memarlıq irsi hələ təhlükə altındadır. Bölgədəki çoxsaylı tarixi erməni kilsələrinin, monastırlarının və məzar daşları zərər görə və ya məhv edilə bilər.” Məqalədə belə deyilir.

Human Rights Watch: Mədəni əhəmiyyətli abidə qəsdən hədəf seçilib

“Human Rights Watch” insan haqları təşkilatı Şuşa şəhərindəki kilsənin vurulmasıyla bağlı ayrıca hesabat yayıb. Hesabatda kilsənin vurulması müharibə qanunlarının pozulması, mədəni irs abidələrinə qəsd kimi qiymətləndirilir. Qurum bildirir ki, “mədəni əhəmiyyəti olan mülki obyekt məqsədyönlü şəkildə hədəf seçilib, onun hərbi məqsədlər üçün istifadə edildiyinə dair dəlil olmayıb.”

“Qarabağda bərpa işlərinə dost ölkələrdən olan şirkətləri cəlb etmək istəyirik”

Bunu Azərbaycanın prezidenti İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında onlayn çıxışı zamanı deyib. O bərpa işlərinin Azərbaycanın büdcə vəsaitləri hesabına maliyyələşəcəyini vurğulayıb: “Əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Fürsətdən istifadə edib, Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçı kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”.

Şuşada qiymətləndirmə və inventarlaşdırma işləri başlayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələrinin daxil olduğu işçi heyət hazırda Şuşadadır və şəhərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədiylə monitorinq aparırlar. İşçi qrupunun qarşısında duran vəzifələrdən biri, Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud durumunun, o cümlədən binaların dayanıqlılığının, arxitekturasının, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpa işləriylə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Bərpa prosesi hansı prinsiplərlə aparılacaq? Tarixi özünəməxsusluq qorunacaqmı?

Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyir ki, Qarabağdakı abidələrin özünəməxsusluğu qorunacaq, ancaq işğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var: “Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb və bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq. Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq, tam yenidən qurulacaq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük. "

15 il bərpa sistemində çalışmış, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova, Qarabağın bərpa prosesinə cəlb edilən rəsmi qurumların və mütəxəssislərin işin öhdəsindən gəlməyəcəyindən narahatdır: “Ölkəmizdə abidələrin qorunması və qəzalı vəziyyətdə olan abidələrin bərpasına dair konsepsual yanaşma yox səviyyəsindədir. Abidələrin mühafizəsinə və bərpasına dair mövcud qanunvericilikdəki boşluqlar, qanuni müddəaların icrası problemi illərdir ki, həll olunmayıb. Ölkədə bu sahədə heç bir qaydaya riayət olunmur. İşlər, hər hansı cavabdeh məmurun zövqüylə, ağlıyla icra edilir. Biz bunu dəfələrlə lazımı orqanlara demişik, ancaq bir iş görülməyib.”

Bununla belə, A.İmranova Azərbaycanın hansısa quruma hesabat verməli olmadığını, əksinə, tələblə çıxış etməli olduğunu deyir: "Qarabağdakı abidələr illərlə talan edilib və bununla bağlı Ermənistan hökümətindən heç bir beynəlxalq hüquqi normalar çərçivəsində hesabat tələb edilməyib. Mən düşünmürəm ki, Azərbaycan özünə məxsus irsin talan olunduğu ərazilərdə bərpa prosesinə başlayanda dırnaqarası narahat tərəflərin qarşısında hesabat verməlidir. Çünki Azərbaycanda heç bir mədəni irsə və mədəniyyətə qarşı vandal münasibət olmayıb. Öz irsimizə və abidələrimizə necə yanaşmışıqsa, digər mədəniyyətlərin tarixi abidələrinə də eyni münasibəti sərgiləmişik. Laqeyidlik olubsa, bu ümumi görülən işin və mənzərənin bir hissəsi olub, xüsusi yanaşmanın deyil."

Ekspert bildirir ki, Qarabağda mədəni irsin bərpası yalnız abidə və daş infrastrukturun yenidən tikilməsi deyil, talanmış dəyərli arxeoloji və tarixi eksponatların siyahılaşdırılaraq, beynəlxalq səviyyədə axtarışa verilməsidir. O, hesab edir ki, işə monitorinqdən başlamaq lazımdır: "Qarabağda dağıdılan və oğurlanıb dünya bazarında satılan irs nümunələri siyahıya alınmalı, itkiyə dair qiymətləndirmə siyahısı ortalığa qoyulmalıdır. Arxiv, eskiz sənədlər və arxeoloji, etimoloji arayışların üzərindən hazırlanan ilkin konseptual layihə müvafiq aidiyyəti ekspertlər, elmi mütəxəssislər, ictimai qurumlar və layihələndirmə institutları qarşısında müzakirəyə çıxarılmalıdır. Proses davamlı, bütün dövlət və ictimai sektorlarla yanaşı beyin mərkəzlərinin də cəlb olunduğu kampaniya şəklində aparılmalıdır."

Databaza problemi

Tarix üzrə fəlsəfə doktoru, mədəni irs abidələri üzrə ekspert Fariz Xəlili bildirir ki, Qarabağdakı maddi mədəniyyət abidələri ilə bağlı arxiv tədqiqatların baza-bələdçi sənədlərinin vəziyyəti qənaətbəxş deyil: “Sözsüz ki, işğal dövründə də bir çox beynəlxalq təşkilatlar və qurumlar qarşısında Qarabağda məhv edilən mədəni irs nümunələrinə dair məsələlər qaldırılıb. Lakin, işin əlçatmaz olduğu dönəmdə - müharibədən öncə Qarabağ abidələrinin arxeoloji, epiqrofiq və memarlıq tədqiqatlarına dair vahid data baza – sənəd hazırlanmayıb. Hər işin başlanğıcı düzgün sənədləşdirilmə olmalıdır. Qarabağən dünya və ölkə əhəmiyyətli abidələri pasportlaşdırılsa da, yerıli əhəmiyyətli abidələrin bəzilərindən xəbər yoxdur”.

Ekspert bildirir ki, bərpa prosesinin ilkin mərhələsi olaraq, arxeoloji tədqiqatlara başlanılmalıdır: “Ərazi komendatlıqları yeni yaradılıb, bölgə demək olar ki, minalanıb. Bu kimi məsələlər icra prosesini yubada bilər. Lakin, ilkin mərhələdə faktiki dağıdılmış abidələrin yeraltı hissələri aşkar edilməli və tipologiyaya uyğun bərpa konsepsiya sənədi hazırlanmalıdır. Düşünürəm ki, Mədəniyyət Nazirliyi təcrübəli mütəxəssislərlə əməkdaşlıq edir, bu şəxsləri əksəriyyətimiz tanıyırıq və beynəlxalq səviyyədə təcrübəyə malik şəxslərdir. Nazirlik həmçinin, xarici ekspertləri də işə cəlb etməklə işin öhdəsindən layiqincə gələcək”.