Nurlan Hüseynov

Müstəqil jurnalist

CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN UKRAYNADAKI MÜHARİBƏYƏ MÜNASİBƏTİ

22.12.2022 / Azərbaycanın Ukraynaya yardımları 30 milyon manatı keçib


Foto Trend.az-dan götürülüb



Azərbaycanın Ukraynaya son yardımı Moskvanın narazılığına səbəb olub. Dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyindən bir mənbə Tass informasiya agentliyinə bildirib ki, “Azərbaycanın Ukraynaya generatorlar göndərməsi Rusiyada çaşqınlıq yaradıb.” Dekabrıın 10-da Azərbaycan höküməti Rusiyanın hücumları nəticəsində sıradan çıxmış elektrik enerjisi təchizatının bərpası məqsədilə Ukraynaya 45 güc transformatoru və 50 generator göndərib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan Moskva keçmiş sovet ölkələrinin müharibə və Ukrayna ilə bağlı açıqlamaları və davranışlarını xüsusi diqqətlə izləyir, xoşuna gəlməyən məqamlar olanda həmin ölkələrə qarşı təzyiqə başlayır. Bu isə post-sovet ölkələrini ehtiyatlı davranmağa, Rusiyanın qəzəbinə tuş gəlməkdən çəkinməyə məcbur edir. Yəni, post-sovet məkanında müharibəyə münasibət bildirmək, Kiyevə yardım etmək məsələsində hər ölkənin davranışı müstəqil deyil və Rusiya faktoru nəzərə alınır. Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Ukrayna ilə münasibətlərinə nəzər salaq.

Azərbaycan Ukraynaya, müharibə başlayandan humanitar yardım etməyə başlayıb. 6 milyon avroluq dərman preparatları və tibbi avadanlıqları daşıyan təyyarə Ukraynaya V.Putin bu ölkəyə müharibə elan eləyəndən 3 gün sonra—fevralın 27 -də yola düşüb. Dərman vasitələri, ərzaq və qida məhsullarından ibarət 5.5 milyon avroluq ikinci yardım paketi isə martın 12-də göndərilib. 1 ay sonra—aprelin 15-də Azərbaycan ukraynalı qaçqınlar üçün Moldovaya 1.7 milyon manatlıq, aprelin 21-də isə Ukraynaya 5 milyon manatlıq yardım paketi göndərib. Daha sonra yardımlar iyul və avqust aylarında gerçəkləşib. Sentyabr ayında isə SOCAR-ın Ukrayna bölməsi İrpen şəhərində Rusiyanın hücumu nəticəsində dağılmış Zərifə Əliyeva adına məktəbi təmir edib. Sentyabr ayında həmçinin müharibədən zərər görmüş 29 ukraynalı uşaq sosial reabilitasiya keçmək üçün Azərbaycana gətirilib. Bütün bunlardan əlavə, müharibənin başlanğıcından Azərbaycan Ukrayna təcili tibbi xidmət və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edib. Dekabrın 3-ü Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski müharibə qurbanlarının ailələrinə ərzaq və gigiyeniya vasitələri yardımına görə Azərbaycana təşəkkür edib. Sonuncu yardım—hərbi əməliyyatlar zamanı sıradan çıxmış elektrik enerjisi təchizatının bərpası üçün nəzərdə tutulan transformator və generatorlar isə dekabrıın 10-da göndərilib. Müharibə başlayandan bu günə Azərbaycanın Ukraynaya yardımları 18 milyon dolları (30 milyon manat) keçib. Ümumilikdə, müharibə ilə keçən 11 ay müddətində Azərbaycan hökumətinin və əhalisinin Ukraynaya dəstəyi birmənalı olub və başda Ukrayna prezidenti Volodimir Zelenski olmaqla Ukrayna rəsmilərindən təşəkkürlə cavablandırılıb.

Ukraynada döyüşən gürcüstanlılar vətəndaşlıqdan məhrum ediləcəklər

Cənubi Qafqazın digər ölkəsi Gürcüstanın məsələyə münasibəti fərqlidir. Gürcüstanla Ukrayna yaxın keçmişdə ümumi düşmən Rusiyaya qarşı eyni cəbhədə yer alır, strateji müttəfiq hesab olunurdular. Lakin müharibə başlayandan sonra Gürcüstan hökumətinin Rusiyayla ehtiyatlı davranışı və bu məqsədlə səsləndirdiyi bəzi bəyanatlar iki ölkə arasında münasibətləri gərginləşdirib. İşğaldan bir gün sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Ukraynaya qarşı sanksiyalara qoşulmayacağını bildirmiş, sonra isə Gürcüstan hökuməti Ukraynada döyüşmək istəyən gürcüləri Kiyevə aparmaq üçün gələn təyyarənin Tiflisə enişinə icazə verməmişdi. Məhz bu hadisədən sonra Ukrayna Tiflisdəki səfirini geri çağırdı.

Bununla belə, Gürcüstan da Ukraynaya yardım edir. 315 min dollar dəyərində ilk yardım müharibə başlayandan 3 gün sonra—fevralın 27-də Ukraynaya çatdırılmaq üçün Polşaya göndərilib. Gürcüstan hökuməti müharibəyə görə Gürcüstanda ilişib qalmış 26 minə qədər Ukrayna vətəndaşının yaşayış və yemək xərclərini öz öhdəsinə götürüb. Bundan əlavə, mart ayında Gürcüstan ReqbiFutbol federasiyalarının, həmçinin ölkənin bütün regionlarından yığılan ümumi yardımlar və Gürcüstan parlamentinin 40 tonluq yardım paketi Ukraynaya göndərilib. Martın 25-də isə Gürcüstan fondları və biznesinin 200 tonluq yardımı Ukraynaya çatıb.

Ancaq son günlər Gürcüstan hökumətinin Ukraynadakı müharibəyə yönəlik məsələlərdə yenə çəkingən davrandığı görünür və bu, həm ölkənin daxilində, həm də Ukraynada tənqid və narazılıqlara səbəb olub. Dekabrın 8-də “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Ukraynada döyüşən Gürcüstan vətəndaşlarının vətəndaşlıqdan çıxarılacağını deyib. Hazırda ölkədə Ukrayna səfirini əvəz edən diplomat Andrey Kasianov isə bildirib ki, Ukraynaya generatorlar göndərsin deyə Gürcüstan hökumətinə rəsmi müraciətlərinə baxmayaraq, heç bir cavab almayıblar. Bundan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukraynaya göndərmək üçün generatorlar alınacağını deyib. İ. Qaribaşvili, bütün siyasi gərginlik və ziddiyətlərə baxmayaraq, müharibə başlayandan dekabrın 1-nə qədər ölkəsinin Ukrayna vətəndaşlarına 12 milyon dollar dəyərində yardım etdiyini xatırladıb.

Ermənistan niyə susur?

Ukraynaya heç bir yardım göstərməyən və bu məsələdə müharibə başlayan gündən susan ölkə Ermənistandır. Yalnız müharibənin ilk günlərində İrəvanda “Ermənistan Avropa” adlı partiyanın kiçik etiraz aksiyası keçirildi. Ermənistanın Ukraynaya münasibətini Rusiyanın müttəfiqi olması və onun hərbi-iqtisadi təşkilatlarında mövcudluğu formalaşdırır. Digər tərəfdən, İkinci Qarabağ müharibəsində Ukrayna rəsmiləri, eləcə də cəmiyyətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi Ermənistan rəsmilərinin və cəmiyyətinin Ukraynaya münasibətinə təsir edib. Və bu kontekstdə Ermənistandan Ukraynaya heç bir yardım edilməyib.

Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiya işğal etdiyi ərazilərdən tədricən geri çəkilməyə məcbur olur. Lakin onun məğlubiyyəti hələ təsdiqlənməyib. Cənubi Qafqaz ölkələrinin bu müharibədə azad iradəyə əsaslanan əsl mövqeyi ancaq Rusiyanın məğlubiyyətindən sonra aşkara çıxa bilər. Hələliksə Rusiya bu münasibətləri formalaşdıran ciddi faktor olmaqda davam edir.