Azər Dilənçiyev

DÖVLƏT MÜƏSSİSƏLƏRİ HƏR ÜÇ QAFQAZ ÖLKƏSİZDƏ SƏMƏRƏSİZDİR

17.02.2023 / Cənubi Qafqazda iqtisadi inkişafa mane olan məsələlərdən biri budur

Cənubi Qafqazda dövlət idarələrinin inkişafını əngəlləyən əsas problemlər zəif idarəçilik, şəffaflığın olmaması, texnologiya və infrastruktura qoyulmuş sərmayənin qeyri-adekvatlığıdır.

Zəif idarəçilik Cənubi Qafqazdakı dövlət müəssisələrinin işə yaramazlığının əsas səbəblərindən biridir. Dövlət şirkətlərinin çoxunu biznes təcrübəsi olmayan məmurlar idarə edir ki, bu da qərarvermənin zəifliyi və hesabatsızlıqla nəticələnir. Əməliyyatları şəffaf olmadığından ictimaiyyət bu cür şirkətləri məsuliyyətə cəlb edə bilmir.

Digər mühüm məsələ, texnologiya və infrastruktura qoyulan sərmayənin azlığıdır. Cənubi Qafqaz ölkələrindəki dövlət müəssisələrinin əksəriyyəti köhnə, vaxtı keçmiş avadanlıqlarla təchiz olunub. Bu da həmin şirkətlərin məhsuldarlığını, rəqabət qabiliyyətini xeyli aşağı salır. Reginonun iqtisadi inkişafında əhəmiyyəti olan kənd təsərrüfatı, mədənçilik və nəqliyyat sənayesində bu problem özünü xüsusi göstərir.

Dövlət müəssisələri səmərəsizlik mənbəyidir, ancaq eyni zamanda, COVİD dönəmindən sonrakı iqtisadiyyatın bərpasına əhəmiyyətli şəkildə yardım edəcək ən böyük potensiala malikdirlər. Cənubi Qafqazın dövlət müəssislərinin çoxu həm də imkanlardan sui-istifadə və korrupsiya mənbəyidir. Bu müəssisələr keyfiyyətli və səmərəli idarəçilikdən, gəlirlərin artırılmasına hesablanmış innovasiyalardan çox siyasi məqsədlərə—siyasi elitanın işlə təmin olunmasına, kimlərinsə layihələrini maliyyələşdirməyə, beynəlxalq münasibətlərdə siyasi rol almağa xidmət edir.

Dövlətin pis idarəçi olduğunu hamı bilir

Dünyanın istənilən yerində, iqtisadiyyatın istənilən sahəsində belədir: dövlətin payı artdıqca sektor cazibədarlığını itirməyə başlayır. Dövlətin pis idarəçi olduğunu hamı bilir. Resurslara nəzarət imkanı verən paya investorlar da sahib olmaq istəyir. Və bu payın çoxu dövlətin əlində olanda sərmayə siyasəti çökür, perspektiv vəd edən xarici investisiya axını azalır.

Məsələn, Gürsüctanda baş nazir İrazkli Qaribaşvili 2023-cü ildə yerinə yetirilməli olan plan və məqsədlərdən danışıb. Anaklia dərin dəniz limanının tikintisi ölkənin əsas planlarındandır və liman özəl investorla birgə tikilməlidir. Ancaq konsorsiumun 51%-nin dövlətə məxsus olması layihənin səmərəliliyi məsələsini, yəqin ki, qaldıracaq və investorlara neqativ siqnallar ötürəcək.

Azərbaycana gəldikdə, burda dövlətə məxsus şirkətlər öz nəzarət orqanlarından istifadə edərək, bazara girmək istəyən yeni oyunçuların qarşısını alırlar. Əslində Azərbaycandakı dövlət müəssisələri özəl şirkətlərlə eyni vergi yükünə sahibdirlər, vergi siyasəti hər iki tərəfə eyni yanaşır. Bununla belə, özəl və xarici şirkətlərə də açıq olan sektorlarda əsasən dövlət müəssisələrinə üstünlük verilir, dövlət kontraktlarının böyük hissəsini onlar alırlar.

Ermənistanda isə sənayenin hansı sahəsi olur olsun, əsas və ya aparıcı rolu dövlət müəssisələrinə verən qayda-qanun yoxdur. Kommersiya fürsətlərinə və beynəlxalq biznes reytinqinin artmasına baxmayaraq, Ermənistanda da biznes mühitinə əngəllər var. Hökumətin bürokratik əngəlləri azaltmaq, biznesi asanlaşdırmaq cəhdləri, hələ ki, xüsusi nəticə verməyib, şirkətlər dövlət idarələriylə iş görəndə hələ də müəyyən çətinliklərlə üzləşirlər. Şəxsi maraqların və korrupsiyanın yaratdığı mühit—rəqabətin olmaması həm yerli, həm də xarici biznesin bazara daxil olmasına əngəl yaradır. Qonşu ölkələrlə sərhədlərinin bağlı qalması, bazarının kiçikliyi Ermənistanın ticarət və iqtisadi artım imkanlarını onsuz da məhdudlaşdırır. Üstəlik, gömrük inzibatçılığı və idarəçiliyi ilə bağlı problemlər, eləcə də korrupsiya və yanlış idarəçilik transsərhəd ticarətə mane olur, investisiyanın qarşısını alır. Biznes ictimaiyyəti Ermənistanda da qanunun aliliyi və şəffaflıq problemləri, məhkəmələrin ədalətsizliyi, əqli mülkiyyət hüquqlarının təmin edilməməsi, korporativ idarəetmə və şəffaflıq standartlarıyla bağlı narahatlığını bildirir.

Beynəlxalq maliyyə institutları təsir edə bilər

Hazırda beynəlxalq maliyyə institutları dövlət müəssisələrinə birbaşa, ya da büdcədən maliyyələşmə formasında əhəmiyyətli kreditlər verirlər. Bu birbaşa (yaxud ictimai) maliyyə müqabilində beynəlxalq insititutlar dövlət müəssisələrindən müəyyən vaxt ərzində “Eurobond” (borclanma sənədi) hazırlamasını, yaxud İİT-nin (İlkin İctimai Təklif—özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi) həyata keçirilməsini tələb etməlidirlər. Bu, həm də şirkət rəhbərliyinin uzunmüddətli inkişafa fokuslandığına, idarəçilərin gəlirlərinin şirkətin fəaliyyətindən asılılığına təminat verər. Bu da xarici investisiyanı cəlb edər, şirkətlərin rəqabət qabiliyyətini artırar.

Cənubi Qafqaz ölkələri, eləcə də inkişaf etməkdə olan digər ölkələrin hökumətləri bu sadalanan problemləri həll etmək üçün dövlət şirkətlərində şəffaflığın və idarəçiliyin inkişafına fokuslanmalı, məsələn, müstəqil direktorlar şurası kimi daha yaxşı idarəçilik strukturlarının tətbiqinə, ictimai nəzarətin və hesabatlılığın artırılmasına çalışmalıdırlar. Bundan başqa, xüsusilə ölkənin, yaxud regionun iqtisadi inkişafında mühüm rol oynayan sahələrdə infrastrukturun və texnologiyanın inkişafına daha çox sərmayə qoymalıdırlar.

Beynəlxalq maliyyə institutları dövlət müəssisələrini maliyyələşdirərkən bu məsələlərə diqqətlə yanaşmaq, müəssisələr qarşısında şərtlər qoymaqla mühüm iş görmüş olarlar.

Beləliklə, Cənubi Qafqazdakı dövlət müəssisələri iqtisadi inkişafda əhəmiyyətli rol oynaya bilər. Ancaq onların həll edilməli problemləri qalır. İdarəçiliyin inkişafı, şəffaflıq, tenxnologiya və infrastruktura sərmayə, həmçinin, beynəlxalq maliyyə institutlarının dəstəyi bu şirkətlərin səmərəliliyini artıra və ölkədə, eləcə də regionda iqtisadi artıma səbəb ola bilər.