Nurlan Hüseynov

Müstəqil jurnalist

GÜRCÜSTAN RUSİYADAN ERMƏNİSTANA DƏNİZ YOLU AÇIR

18.08.2022 / Bu baş tutsa Ermənistandan Rusiyaya daşımaların müddəti iki dəfə qısalacaq


Açıq mənbələrdən foto: Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan



Gürcüstan Ermənistanın Rusiyaya dəniz yoluyla yük daşımasına icazə verib. Ermənistan hökuməti uzun müddətdi Gürcüstana müraciət etmiş, Rusiyaya və geriyə dəniz yolu ilə yükdaşımaya şərait yaradılmasını istəmişdi. Müraciətə səbəb, Ermənistan mallarının xaricə çıxışını təmin edən “Kazbek”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükünün çoxalmasıdır.

Ermənistan üçün yeganə ixrac yolu olan Yuxarı Lars əslində yükdaşımalar üçün əlverişli deyil. Qışda kəskin hava şəraiti ilə əlaqədar yol uzun müddət bağlı olur. Yayda isə yükdaşımaların artması “Kazbek”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsində böyük sıxlıq yaradır. Ukraynada müharibə durumu bir az da çətinləşdirib. Rusiya və Ukrayna qüvvələrinin Qara dənizdə su minaları yerləşdirməsi dəniz daşımalarının riskini artırdığından bütün region quru yollarla yükdaşımaya üstünlük verir. Türkiyə və Rusiya arasındakı daşımaların da bir hissəsi Lars yolunakeçib. Nəticədə sıxlıq, uzun sürən növbələr daşınan malların korlanmasına, sahibkarların zərər çəkməsinə səbəb olur.

Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan Lars yolundakı vəziyyətin Ermənistan iqtisadiyyatına zərbə vurduğunu deyib. Ermənistan Yuxarı Larsa alternativ olacaq multimodal nəqliyyat növünü çoxdan nəzərdən keçirirdi. Və bu günlərdə Gürcüstanın Dəniz Nəqliyyatı agentliyi Ermənistanın müraciəti ilə bağlı açıqlama yayaraq, Rusiya ilə bərə keçidinin—Azov dənizindəki Rusiya limanı Qafqaz və Gürcüstanın Poti limanı arasında yükdaşımaların işə salınmasına razılıq verdiyini bildirib.

Yüklərin Ermənistandan Poti limanına dəmir yolu və ya yük maşınları ilə, daha sonra isə gəmilər vasitəsilə konteynerlərdə Rusiyanın Qafqaz limanına və digər şəhərlərinə çatdırılması nəzərdə tutulur.

Yeni yol işlək ola bilərmi?

Nəqliyyat və Logistika üzrə ekspert Rauf Ağamirzayev Ermənistandan Rusiyaya yeni tranzit xəttinin işləkliyinə şübhə edir. Onun sözlərinə görə, bu yol haqqında nəsə demək, hələ ki, çətindir: “Biz hələ bilmirik nə qədər daşıma olacaq. Gürcüstan nəqliyyat yollarının da bir yükgötürmə qabiliyyəti var. Hal-hazırda həm Şərq-Qərb dəhlizi üzrə, həm orta dəhliz üzrə, həm də digər marşrutlar üzrə bu yol zatən yüklənib. Dəmir yolu da, avtomobil yolu da. Ona görə məncə bu, hələ ki, simvolikdir.”

Yeni ticarət yolunun işə salınmasının Azərbaycanın regionda “ticarət hub”ı olmaq siyasətinə təsirinə gəlincə, R.Ağamirzayev deyir ki, Poti-Qafqaz ticarət yolu işləsə belə, Zəngəzur dəhlizi yenə gündəmdə olacaq: “Bu ciddi alternativdir. Rusiyadan Azərbaycan üzərindən Ermənistana daşınma, dəmir yolu, yəni bir nəqliyyatda daşınma daha ucuz və rahatdır. Daşımada nəqliyyat növləri, yəni multimodallıq artırsa, xərclər də ona uyğun, avtomatik olaraq artır. Digər tərəfdən, Gürcüstan bunu nə qədər qəbul edə biləcək? Çünki Gürcüstanın da limanları indi yetərincə yüklənib.”

Qeyd edək ki, 2020-ci ildə Qarabağ müharibəsini sonlandıran 10 Noyabr bəyanatının 9-ci bəndinə əsasən ölkələr bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə razılaşıblar. Burada həm Zəngəzur koridorunun açılması, həm də Ermənistana aid yüklərin Azərbaycan ərazisindən dəmir yolu və avtomobil vasitəsilə Rusiyaya çatdırılmasından söhbət gedir.

Ermənistan keçidin bir neçə günə işə düşəcəyini bildirir

Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, Gürsüstanla Rusiya arasında bərə keçidi bir neçə gün içində işə başlayacaq və yeni tranzit xətti Ermənistan mallarının beynəlxalq bazarlara ixracına müsbət təsir göstərəcək, yükdaşımaların həcmini artıracaq və logistika infrastrukturunu daşıyıcılar üçün daha əlçatan edəcək. Ermənistan hökumətinin 24 mart 2022-ci il tarixli qərarına əsasən, Poti limanından Qafqaz limanına və əks istiqamətdə həftədə 2 dəfə baş tutacaq reysləri bərə operatoru, yerli logistikaşirkəti “C&M International” həyata keçirəcək. Nazirlik yeni tranzit xətti ilə Ermənistandan Rusiyaya daşımaların müddətinin 7 gündən 3 günə qısalacağını proqnozlaşdırır.

Bununla belə Ermənistanın özündə də ekspertlər yeni yolun işləkliyinə inamsız yanaşırlar. İqtisadçı Suren Parsyan deyir ki, artmış xərcləri nəzərə alsaq bərə sadəcə ehtiyat yolu kimi qalacaq: “Bərə alternativ ticarət yoludur. Quru yolu daha sərfəli xətt olmağa davam edəcək. Bərə yolu ancaq sərhədlərin bağlı olduğu və hökumətin uzun vədədə xərclərə görə subsidiyalar ödədiyi təqdirdə sərfəli və uyğun olar bilər.”

Yeni yolun açılması bu yoldakı əsas vasitəçi Gürcüstanda da müəyyən qruplar tərəfindən təəccüblə qarşılanıb. Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti hökumətin Rusiyanın Ukraynadakı işğalçı müharibəsi və Gürcüstanın öz ərazilərinin Rusiya işğalında olduğu bir vaxtda düşmən ölkə ilə ticarətə başlamağı mənəvi baxımından düzgün hesab etmirlər. Hökumət isə beynəlxalq razılaşmalar uyğun öhdəliyini yerinə yetirdiyini bildirir. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunur ki, Ermənistanın dənizə çıxışı yoxdur və beynəlxalq ticarət üçün ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir. Agentlik Gürcüstanın dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında beynəlxalq Konvensiyaya üzv olduğunu və üzvlük çərçivəsində öhdəliklərini nəzərə alaraq hərəkət etdiyini bildirib.