Open Azerbaijan

Analytic Portal

SÖKÜLƏN EVLƏRƏ KOMPENSASIYA NECƏ HESABLANIR?

23.11.2018 / Kompensasiyalar müəyyən edilərkən beynəlxalq öhdəliklələrlə yanaşı milli qanunvericilik də pozulur

Füzuli küçəsində (keçmiş Basin), Papanin kimi tanınan ərazidə və son illərdə aktuallaşan “Sovetski” məhəllələrində başlayan kütləvi söküntülərin hüququn tələblərininin kütləvi pozulduğu çox müzakirə olunur. Dövlət ehtiyacı üçün alınan daşınmaz əmlakların hər kvadtar metri üçün bazar qiymətindən iki-üç qat aşağı qiymət təyin olunur. Bəs, heç olmasa, təyin olunan kompensasiyanın əmlakın real qiyməti ilə hansısa bir əlaqəsi varmı? Kompensasiya, yoxsa, cib xərcliyi? Əsl sual bax budur!

Məsələn, “Sovetski” ərazisində həyata keçirilən söküntülər zamanı ərazinin hər m2 üçün təyin edilən kompensasiya 1500 manat təşkil edirdi. Maraqlı nüanslardan biri budur ki, dövlət tərəfindən təyin edilən bu kompensasiyaların məbləği əvvəlki söküntülər də daxil olmaqla təxminən 700-1500 manat aralığındadır.

Lakin paytaxt Bakının mərkəzi küçəsindəki evlərə də, paytaxtın kənar rayonlardakı söküntülərə də oxşar qiymətlərin qoyulması artıq reallığı əks etdirmir. Narazı “Sovetski” məhəlləsi sakinləri də bu məbləğin bugünkü bazar qiymətləri ilə 2000 manatdan başlamalı olduğunu iddia edirlər.

Mülki qanunvericiliyin tələbi başqadır

Bəs, icra hakimiyyəti orqanlarının dillərinin əzbəri olan “dövlət ehtiyacları”, “orta bazar qiyməti” nə deməkdir və necə hesablanır? Problemin hüquqi tərəflərini işıqlandıraq.

Azərbaycan Mülki Məcəlləsinin 157-ci maddəsinin 9-cu bəndində mülkiyyətin yalnız dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur. Dövlətin mülkiyyətimizə nə vaxt əl uzada biləcəyi isə həmin bənddə və habelə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda ifadə edilib.

Dövlət ehtiyaclarına isə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və nəhayət, dəniz limanının ərazisinin artırılması daxildir.

Mülki Məcəllənin 246.4.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir. Eyni Məcəllənin 247.1.1-ci maddəsi kompensasiyanın əsasını bazar qiyməti olaraq müəyyən edir. Qanuna görə, (maddə 247.2.1), iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin.

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 58-ci maddəsinin birinci bəndi bazar qiymətinə anlayış verir. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiymət deməkdir.

Qanunvericiliyə baxanda aydın olur ki, kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Ancaq Azərbaycandakı praktika bunun əksini göstərir. Ümumiyyətlə, söküntülər aparılan ərazilərdə ssenari təxminən eyni ardıcıllıqla qurulur: dövlət tərəfindən müvafiq sərəncamla vahid qiymət müəyyən olunur, narazılıq başlayır, sakinlər susdurulur, sonda isə Mənzil-Kommunal Təsərrüfat Birliyi kimi sakinlərin “ağ günündə” sükuta qərq olan bir qurumun rəhbəri peyda olaraq, söküntü aparılan ərazilərin “şəhərin mərkəzi” sayılmadığını bildirərək mübahisələrə son qoyur. Əlbəttə ki, Kvant mexanikasının qanunlarına uyğun qaydada!

Avropa İnsan Haqları Məhkəməsinin yanaşması

Azərbaycanda yerli məhkəmə instansiyalarında hakimin ədalət çəkici ilə bir dəfə də “döyülən” vətəndaşlar Ali Məhkəmənin yekun qərarından sonra Avropa İnsan Haqları Məhkəməsinə üz tuturlar - fizika qanunlarının hələ də tətbiq oluna bildiyi, “yeni Amerikaların” kəşf edilmədiyi bir Məhkəməyə. Bəs, Avropa İnsan Haqları Məhkəməsinin kompensasiyalara yanaşması necədir?

Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar presedent hüququnda göstərir ki, ictimai marağın gözlənildiyi legitim məqsədlər əsas tutulmaqla, tam bazar qiymətindən daha aşağı miqdarda ödəmə nəzərdə tutula bilər, ancaq kompensasiyanın məbləği ən azından əmlakın dəyəri ilə ağlabatan ölçüdə əlaqəli olmalıdır (James Birləşmiş Krallığa qarşı iş A98 (1986), § 54; Müqəddəs Monastırlar Yunanıstana qarşı iş, A301-A (1994), § 71; Lithgow Birləşmiş Krallığa qarşı iş A98 (1986), §121). Məhkəməyə görə, əmlakın dəyəri ilə ağlabatan ölçüdə əlaqədar məbləğdə ödəniş edilmədən əmlakın götürülməsi qeyri-mütənasib müdaxilə təşkil edir, ona görə də haqlı hesab edilə bilməz (James Birləşmiş Krallığa qarşı iş A98 (1986), § 36; Lithgow Birləşmiş Krallığa qarşı iş A98 (1986), §50-51).

Məhkəmə həmçinin qeyd edir ki, ərizəçilərin evlərinin onlardan bazar qiymətindən aşağı qiymətə alınmasından sonra özlərinə ev ala bilməməsi, onların “qeyri-müəyyən, əslində isə çətin sosial vəziyyəti” əmlakın götürülməsinin ədalətli tarazlıq şərtinə uyğun olmadığını göstərir (Pincova və Pinc Çexiya Respublikasına qarşı iş (2002) §62).

Hüquqi nöqteyi-nəzərdən baxanda, Azərbaycandakı durum daha dəhşətli görünür. Ona görə ki, milli qanunvericilik və onun tərkib hissəsi hesab olunan beynəlxalq praktika kompensasiyaların doğru və ədalətli şəkildə təyin olunması üçün kifayət edir. Amma siyasi iradənin mövcud olmaması qədərindən az kompensasiyaların təklif edilməsinə və nəticədə vətəndaşların hüquqlarının ciddi pozuntularına gətirib çıxarır.