“Kaspi” liseyində itmiş yarım milyon ortaya başqa suallar da çıxarıb. Liseydə mənimsəmə iddiasıyla bağlı məhkəmə bir ilə yaxındır davam edir və bu işdə diqqəti çəkən təkcə sözügedən vəsaitin məbləği deyil, həm də liseyin sahibi və onun haqqında səslənən iddialardır.
“Kaspi Liseyi” ümumtəhsil məktəbi prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanındır. Lisey Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi 2014-cü il, avqustun 2-də Vergilər Nazirliyində qeydiyyatdan keçib. Sənədlərdə liseyin iki təsisçisi var –S.Vəliyeva və “Kaspi –EC” MMC.
Cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar isə “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevdir. Onlar Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunurlar. Bu maddə azadlıqdan 10 ildən 14 ilə qədər məhrumetməni nəzərdə tutur.
“Sona Vəliyeva məni aldatdı”
T.Məmmədov və F.Möhbalıyev həbs olunarkən (2018-ci ilin oktyabrında) 564 min 482 manat 19 qəpiklik mənimsəmədə ittiham ediliblər. İstintaqın gedişində məbləğ artırılıb, 565 min 920 manat 67 qəpiyə çatdırılıb. İddiaya görə baş mühasib və mühasib əlbir olub, 2018-ci ilin aprelindən oktyabrına qədər təhsilhaqqı kimi ödənilən vəsaitin bir hissəsini mənimsəyiblər.
T.Məmmədov özünü təqsirli bilir. Deyir ki, ödənişlərin bir hissəsini götürüb, amma məbləğ iddia olunduğu kimi 565 min manat yox, təxminən 300-350 min olub. O pulu Naxçıvandan olan həmyerlisi Nihad Ələkbərov və Türkiyə vətəndaşı Adem Yüzücü ilə birgə biznesin qurulmasına xərcləyib. İstintaqın gəldiyi nəticəyə görə, T.Məmmədovun “biznesə” qoyduğu pul təxminən 180 min manatdır.
Ancaq cinayət işinin materiallarındakı məktublardan birində T. Məmmədov 560 min manatı götürdüyünü etiraf edir. O, məhkəməsində bu məsələyə aydınlıq gətirib, deyib ki, məktubu ona liseyin təsisçisi S.Vəliyeva, mənimsəmə faktının üstü açılandan sonra (2018-ci il, oktyabrın 16-da) yazdırıb. Məktubun mətni belədir:
“Kaspi Liseyi”nin təsisçisi Sona Vəliyevaya. Yazaraq bildirirəm ki, sizin təhsil şirkətində tələbələrdən yığılan 560 min manatlıq məbləği bir il müddətində geri qaytaracağıma söz verirəm. Qaytarmayacağım təqdirdə məsuliyyətə cəlb olunmağı öz öhdəmə götürürəm. Sizdən xahiş edirəm, ailə vəziyyətimi nəzərə alaraq, əlinizdən gələn köməkliyi əsirgəməyəsiniz. Sizə namusum və şərəfim üzərinə söz verirəm, bu məbləğ hər ay hissə-hissə ödəniləcək.
T.Məmmədovun dediyinə görə, S. Vəliyeva ona söz verib ki, məktubu yazsa, polisə şikayət etməyəcək: “Baxmayaraq ki, məbləğ ikiqat şişirdilmişdi, məcbur olub razılaşdım, elə məktub yazdım. Elə yazıb verdim, S.Vəliyevanın otağından çıxıb öz iş otağıma qayıdandan az sonra polislər gəldilər. Onda bildim ki, məni aldadıb”, T.Məmmədov məhkəmədə söyləyib.
“Pulları hamısını Sona Vəliyevaya vermişəm”
29 yaşlı F.Möhbalıyev isə özünü, ümumiyyətlə, təqsirli bilmir, bir manat da pul mənimsəmədiyini deyir. O, ifadələrində liseydəki illik ödənişlərin 40%-nin əvvəldən ödənildiyini, qalan məbləğin hissə-hissə ödənişi üçün cədvəl tərtib olunduğunu bildirib. Ödənişləri valideynlərdən baş mühasib T.Məmmədov qəbul edirmiş, o olmayanda F.Möhbalıyev alırmış və dediyinə görə pulun hamısını S.Vəliyevaya verir, o da bunu öz dəftərində qeyd edirmiş. F.Möhbalıyev ibtidai istintaq vaxtı da, məhkəmədə də dəfələrlə S. Vəliyeva ilə üzləşmə tələb edib, ancaq onları üzləşdirməyiblər. F.Möhbalıyevin vəkili S.Vəliyevanın qeydiyyat dəftərinin araşdırılmasını istəyib, bu vəsatət də təmin olunmayıb. Qeydiyyat dəftəri haqda təqsirləndirilən şəxslərin ikisi də danışıb və istintaq dəftərdən bəzi çıxarışlar edib. Ancaq onlar F.Möhbalıyevin yox, T.Məmmədovun S.Vəliyevaya verdiyi vəsaitlərin qeydiyyatıdır və istintaqı aparan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dəftərlə bağlı əlavə araşdırmaya ehtiyac olmadığını bildirib. Vəkil Yusif İsmayılov idarəyə məktubunda S.Vəliyevanın dəftərlərini istintaqa vermədiyini, istintaqın isə buna susduğunu qeyd edib.
Gənc mühasib şəxsi qərəzə görə həbsə atıldığını deyir
İttihamda yazılıb ki, baş mühasib məzuniyyətdə olanda (16 avqust-1 sentyabr) F.Möhbalıyev onun tapşırığıyla valideynlərdən aldığı ödənişlərdən təxminən 30-40 min manatı aparıb A.Yüzücüyə çatdırıb. F.Möhbalıyev bunun yalan olduğunu, T.Məmmədovla əlbirliyi görüntüsü yaratmaqdan ötrü belə ittiham irəli sürüldüyünü deyir.
F.Möhbalıyevin işdə əli olmadığını T.Məmmədov da təsdiqləyib. Bununla belə, istintaq onların cinayəti əlbir törətməsi qənaətinə gəlib. Buna sübut kimi, F.Möhbalıyevin ilkin ifadəsi--cinayəti etiraf etməsi əsas götürüb, halbuki F.Möhbalıyev istintaqdan sonrakı ifadələrində də, məhkəmədə də ilkin ifadəyə təzyiq altında imza atdlığını vurğulayıb.
F.Möhbalıyev həbsinin şəxsi-qərəzlik olduğunu bildirir. Dediyinə görə, liseyin təsisçisi S.Vəliyeva onu qanunsuz tapşırıqları icra etməyə, o cümlədən vergidən yayınmaya xidmət edən addımlara məcbur edib. O da bu məcburiyyətə etiraz olaraq, ərizəsini yazıb işdən çıxmaq istəyib: “Əvvəlki direktor da liseydə baş verən qanunsuzluqlara görə məsuliyyət daşımamaq üçün işdən çıxmışdı. Mən də eyni addımı atmaq istəyirdim. S. Vəliyeva dedi ki, bütün məsuliyyəti onun özünün təyin etdiyi T. Məmmədov daşıyır. Tural da S.Vəliyevadan başqa heç kimlə hesablaşmırdı. Açıq şəkildə dedi ki, əgər özbaşına qərar verib, çıxıb getsəm, problem yaranacaq”.
14 gün qanunsuz saxlanıblar
Cinayət işinin materiallarından görünür, təqsirləndirilən şəxslər özləri də deyirlər ki, onlar 2018-ci il oktyabrın 16-da tutulub, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb, həbs qərarı çıxanadək orda qalıblar. Cinayət işi oktyabrın 29-da başlanıb, 30-da isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə çıxır ki, təqsirləndirilənlər 14 gün qanunsuz saxlanıblar.
F.Möhbalıyevin vəsatətlərindən birində göstərilib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qaldıqları iki həftə ərzində təzyiqlərə məruz qalıblar, həqiqətə uyğun olmayan ifadələrə imza atmağa məcbur ediliblər. Onların bu haqda şikayətləri araşdırılmayıb.
Maliyyə eksperti “Xətai Estetik Klinikası”nın direktoru imiş...
Cinayət işinin materiallarından görünür ki, hadisə baş verən il—2018-ci ildə liseydə pul dövriyyəsinin araşdırılması, maliyyə-mühasibatlıq kassa əməliyyatlarının yoxlanması məqsədilə xüsusi komissiya yaradılıbmış. Maraq doğuran məqamlardan biri komissiyanın tərkibidir. Qanunvericiliyin tələbinə görə, mütəxəssis, yaxud ekspert kimi rəy verən şəxs iş üzrə tərəflərin heç birinə yaxın olmamalıdır, heç bir maraq güdməməlidir, müstəqil şəxs olmalıdır. Amma auditor (komissiya üzvü) kimi rəyə imza atmış şəxslərdən Ehtiram Kərimov S.Vəliyevanın işçisidir, daha doğrusu S.Vəliyevanın təsis etdiyi “Xətai Ekstetik Klinikası”nın direktorudur. Cinayət işinin materiallarında E.Kərimovun şahid ifadəsi var. Amma protoklda klinika ilə bağlı qeyd yoxdur.
“Auditor qismində rəyə imza atmış Həmidə xanım da S.Vəliyevanın köməkçisidir. İşə 2018-ci ilin oktyabrından götürülüb. Bu faktların araşdırılması üçün elektron hökumət portalına sorğu verilməlidir. Həmin şəxslər şahid qismində dindirilməlidir”, təqsirləndirilənlərdən T.Məmmədov vəsatətində yazıb.
“Kaspi”nin rəsmi və qeyri-rəsmi maaşları
Bu cinayət işinin istər ibtidai istintaqında, istərsə də məhkəmə istintaqında “Kaspi Liseyi”ndə ikili mühasibatlıq, vergidən yayınma hallarının mövcudluğuna dəlalət edən ifadələr ortaya çıxıb. Təqsirləndirilən F.Möhbalıyev 30 oktyabrda prokurorluqda verdiyi birinci (şübhəli şəxs qismində) ifadəsində bildirib: “Mən 01.09.2015-ci il tarixdən “Kaspi Ümumtəhsil Liseyi”ndə çalışıram. Mühasib kimi vəzifəm rəsmi və qeyri-rəsmi əməkhaqqı cədvəllərinin tərtib olunması, dövlət qurumlarına hesabatların verilməsi, bank əməliyyatlarının aparılması, şagirdlərin nümayəndələrinin ödənişini qəbul edib, ödəniş qəbzini və hesab fakturanı printerdə çap edib, ödəniş edənə təqdim etmək və s.-dən ibarət idi”.
Yəni F.Möhbalıyev prokurorluğa ikili mühasibatlıq haqda lap əvvəldən məlumat verib. Bu faktı məhkəmə iclaslarında dindirilən, övladları liseydə oxuyan müəllimlər də etiraf ediblər, bildiriblər ki, uşaqlarının ödənişi aylıq maaşlarından çıxılıb. 300-400 manatlıq ödənişi rəsmi maaşın--170-175 manatın bir hissəsi kimi ödəmək olarmı? Müəllimlər bu barədə sualları cavablandırarkən bildiriblər ki, aylıq maaşları 1200-1500 manat olsa da, bunun çox az hissəsini rəsmi şəkildə kartla çıxarır, qalanını isə liseyin mühasibatlığından nağd alırlarmış.
Şahidlərdən biri Laiq Məmmədyarov liseydə riyaziyyat müəllimidir. İfadə verəndə “Kaspi”də iki övladının təhsil aldığını, buna görə liseyə ayda 450 manat ödədiyini deyib. Özünün maaşı 1500 manat olub, bunun 500 manatını kartla, qalanını mühasibatlıqdan nağd alıb. Vəkillər L.Məmmədyarova, “Bu cür ikili maaş alma prosesi indi də davam edirmi?” deyə sual verəndə o, “Bəli, əvvəlki kimi” cavabını verib.
Təqsirləndirilən T.Məmmədov bildirib ki, liseydə verginin azaldılması üçün “qara mühasibatlıq” vardı: “S.Vəliyevanın göstərişi belə olmuşdu, biz də onun əsasında elə eləyirdik.”
İstintaq araşdırmaları vaxtı “Kaspi Liseyi”ndəki maliyyə məsələlərilə bağlı xeyli faktlar ortaya çıxdığından direktor E. Əliyevi istintaqın sonunda bir daha dindirilib. Bu dəfə E.Əliyev liseydəvergidən yayınma halları olduğunu etiraf edib. Ancaq bunun günahını təqsirləndirilən şəxslər F.Möhbalıyev və T.Məmmədovun üzərinə qoyub. İddia edib ki, mənimsəmə nəticəsində məktəbə ciddi ziyan dəydiyindən vergilərin ödənilməsini təmin etmək mümkün olmayıb: “Dövlət vergisinin ödənilməsi həmin məbləğ vasitəsilə təmin ediləcəkdi”.
İş üzrə məhkəmə prosesi davam edir.