Aytən Məmmədova

Müstəqil jurnalist

MTN-NİN QURBANLARININ ZƏRƏRİNİ KİM ÖDƏYƏCƏK?

26.01.2018 / Keçmiş nazirliyin əməkdaşlarının iş adamlarının əlindən aldığı pul və mülklər geri qaytarılmır

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan sonra prokurorluğa bu nazirliyin əməkdaşlarından yüzlərlə şikayət daxil oldu. Şikayətçilərin böyük əksəriyyəti də vaxtilə MTN əməkdaşları tərəfindən şərlənib həbs olunduğunu, yaxud da həbslə, gizli videolarla hədələnib, əmlakının, külli miqdarda pulunun əlindən alındığını iddia edənlər idi. Həmin şikayətçilərin bir qismi sonradan cinayət məsuliyyətinə cəlb olunmuş sabiq MTN-çilərin işində zərərçəkmiş qismində tanındılar, dindirildilər, pullarını əllərindən aldığını iddia etdikləri adamlarla üzləşdirildilər, məhkəmədə iştirak etdilər. Amma bir çoxu heç buna da nail ola bilmədi...

“MTN işi” ilə bağlı bu nazirlikdən 21 nəfər cinayət məsuliyyətinə cəlb olundu. Onların arasında nazirliyin müxtəlif idarələrinə rəhbərlik etmiş generallar – Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdrarəsinin rəisi Akif Çovdarov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, Əməliyyat-Texniki İdarənin rəisi Natəvan Mürvətova da var. Həmin 21 nəfərin də 20-si həbs olundu, təqsirləndirilənlər arasında yeganə qadın olan Natəvan Mürvətova barəsində isə istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçildi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun MTN-dəki əməliyyatı nəticəsində həbs olunanlardan biri – nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən az sonra – 2015-ci il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar etdi. Qalan 20 nəfərin haqqındakı cinayət işi isə bir neçə yerə bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərildi. Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş üç nəfər birlikdə mühakimə olundu. Elçin Quliyev də sabiq işçisi Azər Mehdiyevlə birlikdə məhkəmə qarşısına çıxarıldı. MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsində sabiq şöbə rəisi Mirəziz Əsgərovun hər birinin işinə tək baxıldı.Qalan 12 nəfərin, o cümlədən generallar S.Qurbanov, T.Quliyev və N.Mürvətovanın işinə isə birlikdə baxılır. 12 nəfər keçmiş MTN-çi istisna olmaqla, digərlərinin məhkəməsi yekunlaşıb. Onlara 3 ildən 12 ilə qədər həbs cəzası verilib. Eyni zamanda, rütbələrinin alıması üçün müvafiq dövlət orqanlarına təqdimat göndərilməsi də hökmdə öz əksini tapıb.

Həbsdəki MTN-çilərin bir neçəsinin məhkəməsi yekunlaşan ərəfədə bu iş üzrə daha bir nəfər həbs olundu – keçmiş Milli Təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov. V.Mahmudov eyni zamanda, sabiq nazirin əmisi oğludur. Onun işi üzrə ibtidai istintaq davam etdirilir.

Agentura pullarının yeyilməsi və milyonlarla manatlıq iddialar

MTN-çilərin işi ayrılanda zərərçəkmişlər də epizodlar üzrə bölüşdürüldü. Yəni Yəni hər qrupun işi üzrə zərərçəkmişlər fərqli idi. Zərərçəkmişlər təqsirləndirilən şəxslərin əleyhinə ifadə verib, cəzalandırılmalarını tələb etsələr də, ən əsas istəkləri vaxtilə onlardan alındığını iddia etdikləri pulların geri qaytarılması idi. Bunu məhkəmədə də dilə gətirirdilər. Ona görə də məhkəmədə dəymiş ziyanın ödənilməsi üçü mülki iddialar da qaldırmışdılar.

MTN işində mülki iddiaçılar arasında zərərçəkmiş şəxslərlə yanaşı, bu nazirliyin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti də var. Çünki ittiham epizodlarından biri də agentura və əməliyyatlar üçün büdcədən ayrılmış milyonlarla vəsaitin mənimsənilməsidir. Çovdarovgilin işində DTX 2 milyon 917 min manat, E.Quliyevin məhkəməsində 7 milyon 736 min, S.Qurbanov və daha 11 nəfərin məhkəməsində 1 milyon manatlıq mülki iddia qaldırıb. Həm A.Çovdarov, həm də E.Quliyevin məhkəməsinin sonunda DTX-nın mülki iddiaları təmin olunub, təqsirləndirilən MTN-çilərin əmlaklarının müsadirə olunub, dövlət nəfinə keçirilməsinə qərar verilib. 12 nəfərin məhkəməsi isə davam etdiyindən 1 milyonluq mülki iddia ilə bağlı nəticə hələlik məlum deyil.

Məsələnin maraqlı tərəfi odur ki, DTX-nın mülki iddiaları təmin olunsa da, zərərçəkmişlərə bu məsələdə fərqli münasibət göstərilib. Yüzdən artıq zərərçəkmişdən yalnız birinin mülki iddiası təmin olunub. O da MTN polkovniki Vüsal Ələkbərovun işi üzrə zərərçəkmişlərdən biri Akif Qurbanovdur.

Bir neçə tikinti şirkətinə rəhbərlik edən Akif Qurbanov eyni zamanda, Sabunçu rayonu, 13-cü polis bölməsinin keçmiş rəisi Vüqar Qurbanovun atasıdır. Hadisə baş verən vaxt da polis rəisi olub. İş materiallarına görə, atasının MTN-dən buraxılmasından ötrü 1 milyon manatı da elə o dövrdə Vüqar Qurbanov özü aparıb Vüsal Ələkbərova verib.

Elə Ələkbərovun işində bir xeyli başqa zərərçəkmişlər də vardı. MTN 2012-ci ildə “Texnikabank” işini araşdıranda həmin zərərçəkmişlərdən bir neçəsinin o bankda böyük məbləğdə pulu olduğunu üzə çıxarmışdı. Bundan sonra o adamlar həbs olunmuşdular. Cinayət işinin materiallarında yazılanlara görə, onlar ay yarım-iki ay həbsdə saxlanılıblar, yaxınları tələb olunan məbləği toplayıb, gətirib verəndən sonra azadlığa çıxıblar. Həbsdə olmuş zərərçəkmişlərdən Nizami Kazımov, Hüseyn Səfərov iddia edir ki, o vaxt yaxınlarından iki milyon pul alınıb. Məhkəmədə də bu məbləğdə mülki iddia qaldırmışdılar, amma təmin olunmadı.

Ümumiyyətlə, zərərçəkmişlər MTN işi üzrə zərərçəkmişlər bu prosesin nəticəsindən, çıxarılan hökmlərdən narazı qalıblar və apellyasiya şikayəti veriblər. Onların şikayətləri Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Onları narazı salan əsas məqam isə dəymiş ziyanın ödənilməməsidir.

“Nəyimiz var satdıq, evlərimizi banka girov qoyduq...”

“Məni qanunsuz həbs edib, iki ay həbsdə saxlayandan sonra yaxınlarım pul tapıb-düzəltdilər, gətirib verəndən sonra məni buraxdılar. O vaxt oğlum mənə görə MTN-ə o pulu gətirəndə heç 18 yaşı yox idi. İki milyon da elə-belə düzəlmir... Nəyimiz var, satmışdılar, evlərimizi banka girov qoymuşdular. Üç övladımın evləri bankda batıb. Öz evimi satmalı oldum. Hələ də borcdan qurtara bilmirəm. Əgər pulum qayıtmayacaqsa, daha bu prosesin mənə nə faydası oldu? Əmlakların üzərinə niyə həbs qoyulmuşdu?”, – deyə zərərçəkmiş Hüseyn Səfərov bildirib.

Zərərçəkmiş iş adamlarının mülki iddialarının təmin olunmamasını məhkəmə belə əsaslandırıb ki, keçmiş MTN-çilər onlardan pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin olunmasına gəlincə, məhkəmə belə nəticəyə gəlib ki, ondan pul hədə-qorxu ilə alınıb.

Məhkəmənin hökmündə zərərçəkənlərə tövsiyə edilib ki, təqsirləndirilənlərə qarşı mülki qaydada şikayət etsinlər. Bu da zərərçəkənləri narazı salıb.

“Bu da axırı...”

“Bu hökm məhkəmə, ölkə adına xələl gətirir. Bu boyda hökmün axırında yazırlar ki, gedin, mülki qaydada şikayət edin. Təxminən bunu deyirlər: bəli, siz zərər çəkmisiz, bəli, Elçin Quliyev, Azər Mehdiyev sizə ziyan vurub, amma gedin, mülki qaydada şikayət edin. Mülki qaydada şikayət edən idiksə, Elçin Quliyevgilin həbsi, rütbələrinin alınması nəyimizə lazım idi? Polkovnik Azər Mehdiyevin 5 otaqlı evi dövlətin xeyrinə müsadirə olundu. Bəs biz zərərçəkənlərin pulunu, malını, mülkünü kim verəcək? Dərdimizi kimə deyək? İki il səbr eləyib, məhkəmənin nəticəsini gözlədik. Bu da axırı... Belə qərar çıxaracaqdılarsa, bizi niyə iki il yubadırdılar”, - bunu isə E.Quliyevgilin işi üzrə zərərçəkmiş Maqsud Mahmudov deyir.

“Bazarı Fərhad Əliyevin adına çıxıb, əlimizdən aldılar”

Zərərçəkmişlərdən Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşları da MTN işi üzrə nəticədən narazıdır. Cinayət işinin materiallarında yazılıb ki, Səfərov qardaşlarını zorla MTN-ə gətirib, orada onları döyüb-söyüb, “8-ci kilometr” bazarını əllərindən alıblar. Bazar Akif Çovdarovla keçmiş nazir müavini Hilal Əsədov arasında bölüşdürülüb. Səhmlərin 50 faizi Çovdarovun qızının, qalan yarısı da Əsədovun həyat yoldaşının adına keçirilib. Amma Çovdarovgilin işi üzrə hökmdə bazarın Səfərov qardaşlarına qaytarılması yox, dövlət nəfinə keçirilməsinə qərar verildi. Bu da Səfərov qardaşlarıın etirazına səbəb olub. Salman Səfərovun sözlərinə görə, məhkəmə belə nəticəyə gəlib ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həmin bazarı gerçək sahibinin əlindən zorla alaraq, idarə eləmək üçün qardaşlara verib. Amma S.Səfərov bu haqda yazılanlarla razılaşmır: “Bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Məhkəmə ortaya bunu təsdiqləyən bir sübut qoya bilmədi. Amma hökmdə yazdılar ki, bazar Fərhad Əliyevindir, ona görə də dövlətə keçir. Əgər bazar Fərhad Əlievindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər. Eləmədilər. Faktiki quldurluqla əlimizdən alınan bazarı Fərhad Əliyevin adına çıxarmaqla dövlətə keçirdilər...”

“Çovdarova ömürlük həbs verilsin”

Zərərçəkmiş A.Çovdarova 12 il həbs cəzası verilməsindən də narazıdır. Ona görə apellyasiya şikayətində Çovdarovun cəzasının ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş Səfərovların tələblərindən biri də keçmiş nazir müavini Hilal Əsədovun barəsində xüsusi qərar çıxarılması və onun cinayət məsuliyyətinə cəlb olunmasıdır: “İş materiallarında da təsdiqlənib ki, bazarın 50 faizinə Hilal Əsədov sahiblənib. Amma o, məsuliyyətdən kənarda qalıb. Niyə?”

Zərərçəkmişlərin bir çoxu məhkəmədə ifadələrində keçmiş nazir Eldar Mahmudov və MTN-in İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin məsuliyyətə cəlb olunmamasına etirazlarını bildiriblər. MTN polkovniki V.Ələkbərovun işi üzrə hökmdə adları çəkilən generallarla bağlı məsələ də öz əksini tapıb. Onların barəsində araşdırma aparılması üçün xüsusi qərar çıxarılaraq, prokurorluğa göndərilib. Bu qərarın qəbulundan yarım ilə qədər vaxt keçsə də, ortada heç bir nəticə yoxdur.

MTN-də saxlanılan 4 nəfər birdən-birə necə ürək xəstəsi oldu?

“MTN işi”ndə bir qrup adam da var ki, ümumiyyətlə, şikayətlərinin araşdırılmamasından, onlara ziyan vurduğunu iddia etdikləri şəxslərin cəzalandırılmamasından narazıdılar. Bunlardan biri də mərhum Cahangir Məmmədovun yaxınlarıdır. O Cahangir Məmmədov ki, MTN-ə vermək üçün bankdan kredit götürərkən girov qoyduğu ev əlindən alınanda intihar edib. C. Məmmədov ailəsinin yaşadığı evin müsadirə olunmasıyla bağlı məhkəmədən sonra əvvəlcə damarlarını doğrayıb, amma onu xilas ediblər. Bundan sonra ürək nahiyəsindən özünü bıçaqlayıb. Onu xəstəxanaya çatdırıblar. Ayılanda sağ qaldığını görüb, bu dəfə xəstəxananın pəncərəsindən özünü ataraq, intihar edib.

Mərhum C.Məmmədov daha beş nəfərlə birlikdə həbs olunub. Onlardan dördü xeyli vaxtdır ki, günahkarların cəzalandırılması, pullarının geri qaytarılması üçün dövlət orqanlarının, məhkəmələrin qapılarında qalıb. Deyirlər ki, təkcə dövlət başçısına 10-dan artıq məktub, teleqram göndəriblər, amma nəticə yoxdur.

Onların sözlərinə görə, 2013-cü ilin martında Çindən Gürcüstanda satmaq üçün pirotexnik mallara aid “fişənglər” gətiriblər. Lakin Gürcüstanda malların satışında problemlə üzləşiblər. Ona görə də pirotexnik malların satışında məhdudiyyət olmayan İrana aparmaq qərarına gəliblər. Bu məqsədlə də o malların Azərbaycandan tranzit keçirilib İrana aparılmasına dair sənədləşmə işləri qaydasına salınıb. Mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük əməkdaşlarının müşayiəti altında Astara gömrük postuna yola salınıb. Yolda MTN əməkdaşları yük maşınını saxlatdırıb, gömrük əməkdaşlarının nəzarəti altında olan, möhürlənmiş yükü özləri ilə aparacaqlarını deyiblər. Baxmayaraq ki, tranzit daşıma üçün bütün sənədlər qaydasında olub, buna əhəmiyyət verilməyib. Malları müsadirə, özlərini də həbs ediblər.

“Məqsəd də sonradan bizə zor tətbiq etməklə böyük pullar almaq idi. Bizi xeyli müddət həbsdə saxlayandan sonra məndən və Orxan Abdullayevdən 50 min manat, Əfsəl Həsənəliyevdən 32 min manat, Cahangir Məmmədovdan isə 80 min manat aldılar. Pulu alandan sonra eyni gündə dördümüzün də ürək xəstəliyindən əziyyət çəkdiyimiz barədə ekspert rəyləri alıb, həbsdən buraxdılar. Yerdə qalan iki nəfərin isə pulları olmadığına görə onlar bir il qanunsuz olaraq, həbsdə yatıb çıxdılar. Dörd adam birdən-birə necə ürək xəstəsi ola bilərdi?”, - deyə Sərdar İsmayılov bildirib.