Kənan Aslanlı

Siyasət təhlilçisi

SOSİAL BƏRABƏRSİZLİYİ AZALTMAQ ÜÇÜN NƏ ETMİŞİK?

17.12.2018 / Bərabərsizliyinin mövcudluğunu rəsmi qurumlar da etiraf edir


İlustrasiya Avstraliya Müstəqil Araşdırılmalar Mərkəzinə məxsusdur



Sosial bərabərsizliyi ortadan qaldırmaq dövlətin həm vətəndaşı, həm də beynəlxalq ictimaiyyət qarşısında öhdəliyidir. Azərbaycan Konstitusiyasının “Sosial inkişaf və dövlət” adlı 16-cı maddəsində deyilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”. Bundan başqa, 2015-ci ildə BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) təşəbbüsünə qoşulmaqla Azərbaycan gəlir bərabərsizliyini azaltmağı beynəlxalq miqyasda boynuna götürüb. Çünki cəmiyyətdəki gəlir bərabərsizliyini, yoxsullarla zənginlər arasındakı boşluğu azaltmadan, yoxsulluğu aradan qaldırmaq və inklüziv iqtisadi artıma nail olmaq mümkün deyil.

2017-ci ildə Beynəlxalq İnkişafın Maliyyəsi (DFI) və Oxfam təşkilatları hökumətlərin bərabərsizliyin azaldılması yönündə fəaliyyətlərini qiymətləndirməkdən ötrü ilk indeksi ortaya çıxardı. “Bərabərsizliyi Azaltmaq Öhdəliyi” İndeksi 157 ölkədə sosial xərclərə, vergi siyasətinə və əmək hüquqlarına dair tədbirləri nəzərdən keçirərək, gəlir bərabərsizliyini azaltmaq öhdəliyinin icrasını dəyərləndirir.

Azərbaycan Cənubi Qafqazda hamıdan geridədir

2018-ci il üzrə “Bərabərsizliyi Azaltmaq Öhdəliyi” İndeksində Azərbaycan 157 ölkə arasında 116-cı olub. Cənubi Qafqaz, həm də Orta Asiya ölkələri ilə müqayisədə bu çox aşağı göstəricidir. İndeksin əsas göstəriciləri və Azərbaycanın həmin göstəricilər üzrə performansına baxaq.

Sosial xərclər və bərabərsizlik

Sosial xərclər üzrə sırada Azərbaycan 157 ölkə arasında 140-cıdır və bu, Orta Asiya və Cənubi Qafqaz regionunda ən aşağı göstəricidir. İndeksin xərclər sütununda hökumətin müəyyən sektorlara xərclərinin dinamikasına və effektivliyinə nəzər salınır. Bu, dövlətin sosial investisiyalara verdiyi önəmi ölçmək üçündür. Bu kateqoriya iki göstəricidən ibarətdir: hökumətin sosial xərclərinin cəmi hökumət xərclərində payı və Gini əmsalı. Məlumdur ki, hökumətlərin təhsil, səhiyyə və sosial müdafiə xərcləri bərabərsizliyin azaldılmasına güclü təsir göstərir. Sosial xərcləri təmsil edən göstərici təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılmış dövlət xərclərinin payını təhlil edir, yəni hökumətin xərclərlə bağlı öhdəliyini əks etdirən göstəricidir. Çünki hökumət büdcəsindən keçən vergi və yardım fondlarının payı hökumətin gəlirləri səfərbər etmək qabiliyyətindən asılı olmayaraq, bərabərsizliyin azalmasına səbəb olan sahələrə ayrılır.

Azərbaycanda bütün sosialyönümlü büdcə xərcləri bir qayda olaraq büdcənin 30%-ni təşkil edir (məsələn, 2017-ci ildə 27.3%). 2017-ci ildə təhsil xərcləri büdcənin 10%-i, ÜDM-in isə 2.5%-ni təşkil edib. 2015-ci ilə qədər Azərbaycan dövlət büdcəsi xərclərinin 6-7%-ni təhsilə ayırıb. OECD ölkələrində təhsil xərcləri ümumi dövlət büdcə xərclərinə nisbətdə 13%, ÜDM-ə nisbətdə isə 5%-dən yüksəkdir (orta hesabla). Qonşu ölkələrdən Ermənistanda mərkəzi büdcənin 10%-i, ÜDM-in isə 3%-ə yaxını sosial xərclərə ayrılır. Gürcüstanda isə ÜDM-in 3-4%-i, ümumi büdcənin 12-13%-i təhsilə ayrılır. Azərbaycanda səhiyyə xərcləri mərkəzi dövlət büdcəsinin orta hesabla 4%-i, ÜDM-in isə 1.3%-i civarındadır. Ermənistanda səhiyyə xərcləri mərkəzi dövlət büdcəsinin 6-7%-i, Gürcüstanda 8-10%-i, OECD ölkələrində isə 17-18%-i qədərdir. Sosial müdafiə və sosial təminat xərclərinə isə büdcənin 13%-i ayrılır.

Gəlir bərabərsizliyini və ədalətsizliyini ölçən Gini indeksi Azərbaycan üçün sonuncu dəfə 2005-ci ildə açıqlanıb. O zaman Azərbaycanın indeksi 0.16 olub (2001-ci ildə 0.36). Ancaq bu rəqəm əhalinin fərqli qrupları arasındakı rifah bərabərsizliyini obyektiv əks etdirmir.

Vergi siyasəti və sosial bərabərsizlik

Bərabərsizliyi azalda biləcək əsas alətlərdən biri korporasiyaların və ən zəngin şəxslərin daha çox vergiyə cəlb olunduğu proqressiv vergitutmadır. Vergi yığmaqda məqsəd cəmiyyətin resurslarını yenidən bölüşdürmək və ictimai xidmətlərin maliyyələşməsini təmin

etməkdir. Amma vergi ödəmələrini çətinləşdirən və vergidən yayınmaları asanlaşdıran zərərli vergi tətbiqləri ölkələrin proqressiv vergiləri toplamaq qabiliyyətini zəiflədir. Proqressiv vergitutma sistemi gəlirlər artdıqca artan vergi dərəcələri ilə ifadə olunur. Amma institusional problemlərin olduğu ölkələrdə yığılan vergi, adətən, vergi potensialından az olur.

İndeksin vergi siyasəti üzrə sıralamasında Azərbaycan 157 ölkə arasında 70-cidir. Bu, Qazaxıstan və Rusiya ilə müqayisədə daha yaxşı göstərici olsa da, Ermənistan və Gürcüstandan geriyik. Azərbaycanda əməkhaqlarının yaşayış minimumu məbləğində olan hissəsi, yəni 173 AZN-ə qədərki hissə vergidən azaddır. 2018-ci ildə aylıq 2500 AZN-dək əməkhaqqı alanların da 173 AZN-ə qədərki gəlirindən vergi tutulmur. 2018-ci ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM-in 6650 manata yaxın olduğunu nəzərə alsaq, gəlir vergisindən azad olunan maksimum məbləğin adambaşına düşən ÜDM-ə nisbəti cəmi 2.6%-dir.

Ancaq 2019-cu il yanvar ayının 1-dən bəzi güzəştlər var. Neft-qaz sahəsində 7 il fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100% güzəşt edilməlidir. Aylıq gəlir 8000 manatdan çox olduqda isə gəlir vergisi dərəcəsi 25%-dən 14%-ə endirilir. Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır. Bu addımların və ya islahatların vergi yükünün və qeyri-rəsmi məşğulluğun azaldılması kimi effektləri ola bilər. Amma sosial-iqtisadi bərabərsizliyə təsiri hələ tam öyrənilməyib və iqtisadi baxımdan mübahisəlidir.

Proqressiv vergitutma prosesində yalnız fiziki şəxslərin gəlir vergisi deyil, korporativ mənfəət vergisi, ƏDV, sosial sığorta ödəmələri, gömrük rüsumları və aksiz vergiləri də gəlir bərabərsizliyinin azalmasına və dolayısı ilə Gini əmsalının azalmasına səbəb olmalıdır. Ümumiyyətlə, proqressiv vergitutma özü özlüyündə müsbət prosesdir. Ancaq bu prosesdən büdcənin mütərəqqi sosial xərcləri üçün, həm də korrupsiya riski olmadan istifadə edildikdə onun təsiri daha güclü olur.

Əmək hüquqları, əmək təminatı və bərabərsizlik

Çalışan əhali, xüsusilə də qadınlara yüksək əməkhaqqı verilməsi bərabərsizliyin azaldılması üçün vacibdir. Hökumətlər minimum əməkhaqqını təyin etməklə və orta əməkhaqqı səviyyəsini artırmaqla ölkənin durumuna birbaşa təsir göstərə bilər. Ancaq həmkarlar ittifaqı təşkilatları son zamanlar zəifdir, bu da bərabərsizliyin artması ilə bağlıdır, qadınlar qeyri-mütənasib şəkildə aşağı ödənişli işlərdə təmsil olunurlar.

Bərabərsizliyin aradan qaldırılmasına təsir edə biləcək amillərdən biri də işçi qüvvələrin birliyidir. İşçilər birliklərini həmkarlar təşkilatları vasitəsilə genişləndirməklə çox şeyə nail ola bilərlər. İş yerində böyük gender bərabərliyi də ümumi bərabərsizliyi azalda bilər. Güclü əmək qaydaları qadınların iş yerində bərabər hüquqlara nail olmasına və onların sui-istifadəyə məruz qalmamasına kömək edər. Həmçinin minimum əməkhaqqının bərabərsizliyin azaldılmasına böyük təsir göstərdiyini söyləmək olar.

Bərabərsizliyin səviyyəsini dəyərləndirmək üçün minimum əməkhaqqını gəlir səviyyəsi maksimum olan əhali qrupunun (10%) gəlirləri ilə, əhalinin median gəlirləri ilə və adambaşına düşən ÜDM ilə müqayisə etmək olar.

İndeksin əmək hüquqları və maaşlar üzrə sıralamasında Azərbaycan 157 ölkə arasında 100-cüdür ki, burda da yalnız Gürcüstandan irəlidəyik. Azərbaycanda minimum əməkhaqqının (2018-ci il yanvarın 1-dən aylıq 130 manat) adambaşına düşən ÜDM-ə nisbəti sadəcə 2%-dir. Ölkə üzrə median gəlirlərin (220 manat) adambaşına düşən ÜDM-ə nisbəti isə sadəcə 3.3.%-dir. Maksimum qazanan əhalinin gəlirləri ilə bağlı məlumat (ayda 500 manata yaxın) isə etibarlı deyil.

Dövlət Statistika Komitəsinin 2017-ci ilki məlumatına əsasən şəxslərin və ev təsərrüfatlarının adambaşına düşən gəlirlərinə görə kənd yerləri şəhərlərdən ortalama 3 dəfə geri qalır. Azərbaycan üzrə Minilliyin İnkişaf Məqsədlərinin göstəricilərinə əsasən əhalinin ən yoxsul 20%-nin milli gəlirdə və yaxud istehlakda olan payı 2008-ci ildəki 17.3%-dən 2015-ci ildə 15.4%-ə qədər azalıb. Azərbaycanda çalışan əhalinin yalnız 40%-i, iqtisadi qeyri-fəal əhalinin təqribən 70%-i, şəhər yerlərində işsiz əhalinin daha böyük qismi (52%) qadınlardır. Yəni ölkədə gender əsaslı və ümumi əməkhaqqı bazalı gəlir bərabərsizliyinin mövcudluğu rəsmi dövlət orqanları tərəfindən də etiraf edilən gerçəklikdir. “Bərabərsizliyi Azaltmaq Öhdəliyi” İndeksinə görə çıxış yolu proqressiv vergitutmanın tətbiqi, sosial xərclərin miqyasının və effektivliyinin artırılması, bütün gender qrupları üçün orta aylıq və minimum əməkhaqqının artırılmasıdır.