Open Azerbaijan

Online Media

HESABLAMA PALATASI YOL LAYIHƏLƏRINDƏ 31,3 MILYON MANATLIQ POZUNTU AŞKAR EDIB

24.10.2026 / 6,3 milyon manatlıq təmir işləri müqavilə imzalanandan bir neçə gün sonra başa çatdırılıb


Foto sia.az sayrından götürülüb.



Azərbaycan Hesablama Palatası 14 rayon və şəhər icra hakimiyyətində yolların əsaslı təmiri üçün ayrılmış dövlət vəsaitlərinin istifadəsində çoxsaylı qanun pozuntuları aşkar edib. Yoxlamalar nəticəsində podratçılara 1 milyon 78 min 610 manat artıq ödəniş edildiyi müəyyənləşdirilib.

Bu barədə Hesablama Palatasının 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair analitik təhlilinin nəticələrində bildirilir. Nəticələr haqda məlumat oktyabrın 23-də qurumun rəsmi saytında açıqlanıb.

Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarının, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərlərinin icra hakimiyyətlərini əhatə edib.

Təmir işləri müqavilədən bir neçə gün sonra başa çatıb

Hesablama Palatası müəyyən edib ki, 6 yerli icra hakimiyyəti orqanının həyata keçirdiyi ümumilikdə 6 milyon 291 min 235 manatlıq yol təmiri işləri üzrə satınalma müqavilələri bağlandıqdan cəmi 1–2 gün, bəzi hallarda isə 4 gün sonra işlərin başa çatmasına dair qəbul aktları rəsmiləşdirilib.

Hesablama Palatasının qənaətinə görə, bu faktlar təmir işlərinə satınalma prosesindən əvvəl başlanıldığını təsdiqləyir. Nəticədə dövlət satınalmalarında rəqabət, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə əməl olunmayıb, qaliblər öncədən bəlli olub və satınalma prosesləri əsasən formal xarakter daşıyıb.

Bəzi hallarda layihə-smeta sənədlərinin hazırlanmasına əsas verən qüsur aktları da satınalma prosedurları başa çatdıqdan sonra tərtib edilib.

Podratçılara 1 milyon manatdan çox artıq ödəniş edilib

Təhlil zamanı mövcud asfalt örtüklü yolların vəziyyətinin qüsur aktlarında düzgün əks etdirilmədiyi, söküntü və bərpa işləri üzrə texniki normalara əməl olunmadığı müəyyən edilib.

Bu nöqsanlar layihə-smeta və satınalma sənədlərində iş həcmlərinin süni şəkildə artırılmasına şərait yaradıb.

Nəticədə 14 icra hakimiyyəti üzrə ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq artıq iş həcmi və dəyəri rəsmiləşdirilərək podratçılara əlavə ödəniş edilib.

Hesablama Palatası bildirib ki, analitik fəaliyyət dövründə həmin vəsait tam həcmdə dövlət büdcəsinə qaytarılıb.

24 milyon manatlıq yol aktivləri mühasibat uçotuna alınmayıb

Araşdırma zamanı 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 milyon 977 min 875,5 manat dəyərində yol aktivlərinin mühasibat uçotunda əks olunmadığı da müəyyən edilib.

Bunun səbəbi şəhərdaxili yolların müvafiq qurumların balansına götürülməməsi və əsaslı təmir xərclərinin kapitallaşdırılmaması olub.

Palatanın qiymətləndirməsinə görə, bu nöqsanlar icra hakimiyyətlərinin maliyyə və əmlak hesabatlarının təhrif olunmasına, dövlət əmlakının uçotunun etibarlılığının zəifləməsinə səbəb olub.

Yolların texniki vəziyyəti yoxlanılmayıb

Hesablama Palatası bildirib ki, yolların əsaslı təmirə ehtiyacı çox vaxt instrumental ölçmələr və laborator sınaqlarla deyil, yalnız vizual baxış əsasında müəyyənləşdirilib.

Layihələrdə əsasən asfalt-beton örtüyünün qalınlığı nəzərə alınıb, yolların uzununa və eninə profilləri, meyllilik göstəriciləri və yağış sularının axması üçün texniki həllər ortaya qoyulmayıb.

Bu isə təmir edilmiş yollarda suyun toplanması və çökəkliklərin yaranması riskini artırıb. Belə hallar yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.

Eləcə də, təmirdən əvvəl söküntü zamanı əldə olunan tikinti materialları müvafiq qaydada qiymətləndirilməyib və uçota alınmayıb. Bəzi hallarda daşınmanı təsdiqləyən sənədlər olmadığı halda daşınma xərcləri smetalara daxil edilib.

Dörd icra hakimiyyətində hüquqi əsası olmayan smeta normativlərindən istifadə edilib, iki icra hakimiyyətində isə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənməsi və rənglənməsi işləri əsaslı təmir smetalarına salınıb.

Öhdəliklərini pozan podratçılar cərimələnməyib

Hesablama Palatası bütün yoxlanılan icra hakimiyyətlərində satınalma qanunvericiliyinin təkrarlanan pozuntularını qeydə alıb.

Podratçılar bəzi hallarda icra təminatlarını gec təqdim edib, müqavilə öhdəliklərini vaxtında yerinə yetirməyiblər. Buna baxmayaraq, müqavilə şərtlərinə uyğun cərimələr tətbiq edilməyib və ya müqavilələrdə cərimə faizləri ümumiyyətlə nəzərdə tutulmayıb.

Nəticədə dövlət vəsaitinin uzun müddət özəl şirkətlərin istifadəsində qalmasına şərait yaranıb.

Hesablama Platası ifadələri yumşaldır

Onu da qeyd edək ki, Hesablama Palatası sözügedən auditlə bağlı yalnız məlumat açıqlayıb, analitik təhlili (əslində bu audit hesabatı olmalı idi - A.A.) isə dərc etməyib. Məlumatda isə pozuntulara yol vermiş icra hakimiyyətlərinin və şirkətlərin adları çəkilmir. Eyni zamanda, qurum açıqlamada yumşaq ritorikadan istifadə edir. Bunlara misal olaraq “artıq ödəmə”, “nöqsan”, “hesabatlarının təhrif olunması”, “şəffaflığa mənfi təsir” kimi ifadələri göstərmək olar. Halbuki podratçılara artıq ödəmə, “qalib şirkət”lərin əvvəlcədən müəyyən edilməsi, müqavilədəki işlərin dəyişdirilməsi, smeta xərclərinin süni şəkildə artırılması və təmir edilmiş yolların standartlara cavab verməməsi korrupsiya faktlarıdır ki, bunların da hüquqi qiyməti olmalı idi.