Open Azerbaijan

Analytic Portal

AZƏRBAYCAN KORRUPSIYA ILƏ BAĞLI DURUMUN ƏN PISLƏŞDIYI ÖLKƏLƏRDƏNDIR

01.02.2023 / “Dünya korrupsiyanın qarşısını almaqda aciz görünür” - hesabat belə deyir

“Transparency İnternational” (Beynəlxalq Şəffaflıq Təşkilatı) yeni—2022-ci il üzrə Korrupsiya Qavrama İndeksini açıqlayıb. Sənəd bu fikirlə başlayır: “Dünya təcili hərəkətə keçməlidir”.

180 ölkədə dövlət sektorunda korrupsiyanın səviyyəsini öyrənən hesabat müəllifəri bildirirlər ki, bu ölkələrin böyük əksəriyyəti—150 ölkə korrupsiyaya qarşı mübarizədə ya heç bir irəliləyiş göstərməyib, ya da 2012-ci ildən bu yana geriləməkdədir. Müəllflərin qənaətinə görə, dünya korrupsiyanın qarşısını almaqda acizdir və məhz korrupsiyanın genişlənməsi demokratik proseslərə zərbə vurub, zorakılığı, münaqişələri alovlandırıb.

Azərbaycan rekord həddə geriləyən ölkələrdəndir

Azərbaycan da geriləyən ölkələr sırasındadır və 23 balla siyahının ən sonlarında—157-ci yerdə qərarlaşıb. Keçən il Azərbaycan 30 balla 128-ci idi (yenə 180 ölkə arasında). Beləliklə, Azərbaycan Tacikistan (24 bal) və Türkmənistanla (19 bal) bir yerdə Avrasiya regionunun ən çox korrupsiyası olan ölkəsidir.

Azərbaycan həm də balı ötən ildən bu yana rekord həddə düşən ölkələrdəndir. Balı çox azalanlar Türkiyə (36 bal), Bosniya-Herseqovina (34 bal) və Azərbaycandır.

Azərbaycanın qonşuları Gürcüstan 41-ci yer, Ermənistan 63-cü, Türkiyə 2 pillə geriləyərək 101-ci yerdə, Rusiya 137-ci, İran 147-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Gürcüstan korrupsiya ilə mübarizədə bir pillə irəliləyib.

Avropa ölkələri də irəliləmir

Siyahının ilk pilləsində Avropanın güclü dövlətləri—Danimarka (90), Finlandiya (87) və Yeni Zelandiya (87). Bununla belə, hesabatda ən çox xal toplayan region ölkələri, Qərbi Avropa və Avropa Birliyi ölkələrinin də 10 ildən artıqdır ki, ya durğunluq vəziyyətində qaldığı, ya da 5 ildir gerilədiyi qeyd olunur.

Ən sonuncu yerləri Cənubi Sudan (13), Suriya (13) və Somali (12) tutub.

“Korrupsiya hökumətlərin insanları qorumaq qabiliyyətini zəiflədir və ictimai etimadı azaldır, təhlükəsizlik təhdidlərinə nəzarəti çətinləşdirir. Digər tərəfdən, münaqişə korrupsiya üçün imkanlar yaradır və hökumətlərin onu dayandırmaq səylərini alt-üst edir”, deyə hesabat müəllifləri yazırlar.

Korrupsiyanı Qavrama İndeksi Dünya Bankı, Dünya İqtisadi Forumu başda olmaqla 13 xarici mənbə, konsultasiya şirkətləri və təhlil mərkəzlərinin datası əsasında hazırlanır.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsya səviyyəsinin çox yüksək olduğunu göstərir.