Togrul Valiyev

Economist

AZƏRBAYCANDA BUĞDA ISTEHSALI AZALIB

16.11.2022 / Ancaq ərzaqlıq buğdanın istehsalı artmaqdadır


Foto stm.az saytına məxsusdur



Oktyabrın sonuncu günündə yayılan məlumata görə, unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur. Bunu, qiymətlərə nəzarəti həyata keçirən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də təsdiqləyir: sentyabrın 26-da 50 kiloqramlıq un kisəsinin qiyməti 40.20-41.50 arasında dəyişirdisə, noyabrın 1-i 39.40-40 manat arasında dəyişir. Ancaq çörəyin qiyməti dəyişməyib. Çörək istehsalçıları unun ucuzlaşmadığını deyirlər.

Son bir ildə Azərbaycanda əla növ buğda çörəyinin qiymətində 20% artım qeydə alınıb (əksi qeyd olunmayıbsa, bu və bundan sonrakı bütün məlumatlar Dövlət Statistika Komitəsinə aiddir). İri un və çörək istehsalçıları bahalanmanı COVİD-19 pandemiyasının təsirləri, dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri ilə izah edirlər. Belə çıxır ki, Azərbaycanda da un və çörək bazarında qiymət artımının əsas səbəbi idxaldan asılılıqdır. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesablamalarına görə, dənli bitkilərin qiymət indeksi 2021-ci ilin oktyabrından 2022-ci il, iyunun 1-nə qədər 26% artıb. Sonradan bir qədər azalma qeydə alınıb, nəticə etibarilə 2022-ci ilin oktyabrında dənlilərin beynəlxalq bazarda qyiməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb.

Hökumətin bahalanmaya qarşı addımları

2022-ci ilin əvvəli Azərbaycanda problem o qədər ciddiləşdi ki, birinci rübün yekunlarına həsr olunan sosial-iqtisadi müşavirədə prezident bu haqda danışdı və Azərbaycanın buğda tələbatının 60%-ni özü təmin etdiyi halda, ərzaqlıq buğda ehtiyacının cəmi 25%-ni təmin edə bildiyini dedi. Problemin kəskinləşməsini nəzərə alaraq, iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman təsdiq olundu. Bir həftə keçməmiş Nazirlər Kabineti fərmanın icrasına dair sərəncam qəbul etdi. Sərəncama uyğun olaraq, üç gün sonra “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 580 manat müəyyən edildi ( 2022-ci il üçün).

Qiymət dəyişikliyini başa düşməkdən ötrü bir faktı qeyd edək: 2021-ci ildə də hökumət buğdanın bahalanmasını kompensasiya etmək üçün bəzi addımlar atmışdı. Bu addımlar Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarı ilə tənzimlənirdi. Bu qərara sentyabrın 16-da edilən dəyişikliyə görə, “un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat” müəyyən edilmişdi. Bu subsidiya fevral-sentyabr aylarını əhatə edirdi.

Qərarda qeyd olunmuş 3-cü sinif ərzaqlıq buğdanın 1 tonundan ən yaxşı halda 720 kiloqram un almaq olar. Yəni 1 ton un üçün ən azı 1,38 ton buğda lazımdır. Yuxarıda Nazirlər Kabineti tərəfindən təsdiq olunan qiyməti nəzərə alsaq, bu o deməkdir ki, 2022-ci ilin iyul ayında 1 ton un istehsal etmək üçün ən azı 806,2 manatlıq buğda alınmalıdır. Yəni 1 ton unun topdansatış qiyməti daha da yüksək olmalıdır...

Ölkədə buğda istehlakı çoxalıb

Yuxarıda qeyd edildiyi kimi, prezident Azərbaycanın ərzaqlıq buğda ehtiyacının cəmi 25%-ni təmin edə bildiyini söyləmişdi. Bu rəqəmi araşdırmazdan əvvəl Azərbaycanda, ümumiyyətlə, buğda istehlakına dair məlumatlara baxmaq lazımdır. Dövlət Statistika Komitəsi hər il bununla bağlı ərzaq balansı dərc edir. Komitənin məlumatına görə, 2020-ci ildə Azərbaycan 3480,4 min ton, 2021-ci ildə isə 3227 min ton buğda istehlak edib. 2021-ci ilə aid istehlakın strukturu belədir:

Qida məhsulları istehsalı üçün – 2062 309 ton

Mal-qara və quş yemi üçün – 762 566 ton

Toxum üçün - 132 703 ton

Ərzaq məhsulu kimi istifadə edilmişdir (emal olunmadan) – 67 398 ton

Qeyri-ərzaq məhsullarının istehsalına – 143 421 ton

İtkilər – 58 619 ton

Maraqlıdır ki, 2021-ci ildə Azərbaycan 1,15 milyon ton buğda idxal edib. Bu, 2019 və 2020-ci illərin göstəriciləri ilə müqayisədə 27,5 və 15,8% azdır. Eyni zamanda, 2019-cu ildə həm 2007-ci ildən bəri ən yüksək idxal göstəricisi (1,58 milyon), həm də bu dövrdə ən yüksək yerli istehsal göstəricisi (2,1 milyon) qeydə alınıb. Başqa tərəfdən, əgər bu rəqəmi un və yarma istehsalı üçün istifadə olunan buğda ilə müqayisə etsək, o zaman bizdə 55% alınacaq. Bəs ptrezident niyə 25% deyir? Ümumiyyətlə, Azərbaycanın buğda bazarında hansı tendensiyalar mövcuddur?

Qrafik 1-dən də göründüyü kimi, ölkədə buğda istehlakı artmaqdadır. Əgər 2007-2014-cü illərdə buğda istehlakı 2,84 milyon ton təşkil edirdisə, 2015-2020-ci illərdə orta istehlak 3,28 milyon tona bərabər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ciddi artım 2012, 2013, 2016 və 2019-cu illərdə müşahidə edilib. Yerli istehsalın həcmi isə 2019-cu ildə pik həddə çatıb; 2,11 milyon ton təşkil edib. 2019-cu ildən sonra istehsalda azalma başlayıb; 2020-ci ildə 1,87 milyon, 2021-ci ildə isə 1,84 milyon ton buğda istehsal edilib. Yəni, il ərzində buğda istehsalı 304 min ton və ya 14% azalıb.

Azalma əsasən Cəlilabad, Şəki, Şamaxı və Hacıqabul rayonlarında müşahidə olunub. Daha doğrusu, azalmanın 50,7%-i bu 4 rayonun payına düşür. Halbuki, Cəlilabad və Şəki Azərbaycanda buğda istehsalına görə ilk iki yeri tutur.

Buğda istehsalı niyə azalıb?

Bu suala cavabı “Azərbaycan” qəzeti axtarmağa çalışıb. Əvvəl bir faktı qeyd edək: 2019-cu ildə Cəlilabad taxıl istehsalında son dövrün rekord göstəricilərinə nail olmuşdu, il ərzində 240,7 min ton taxıl istehsal etmişdi. Onun da 203,7 mini buğdanın payına düşürdü. Amma 2020-ci ildə bu göstəricilər 179 və 154 min ton təşkil etdi. 2021-ci ildə buğda istehsalı müəyyən qədər bərpa olunub, 161 min tona çatdırıldı, amma 2019-cu ilin göstəricilərinə qayıtmadılar. Niyə? “Azərbaycan” qəzeti yazır ki, Cəlilabad rayonunun taxılı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Məqalədə qeyd olunan məlumata görə, yaranmış vəziyyətin 3 əsas səbəbi var:

– Keyfiyyətsiz toxum;

– Taxıl əkini sahələrində yemləmə, yəni azot və karbamid gübrələrinin verilməsi üçün ayrılan vəsaitlərin fermerlərin hesabına vaxtında köçürülməməsi;

– 2021-ci ilin əvvəlində Cəlilabad rayonu üzrə 21 min 452 taxılçı fermer əkin apardığını bəyan edib. Amma onlardan 15 min 452-si subsidiyanı vaxtında ala bilmədiyini deyib. 7 minə yaxın fermer isə, ümumiyyətlə, subsidiyadan məhrumdur. Səbəb, əkib-becərdikləri torpaq sahələri haqqında hüquqi sənədin – aktın bu günə kimi onlara verilməməsidir.

Hər üç məsələ müvafiq kənd təsərrüfatı qurumlarının nəzarətində olan sahələrdir. Başqa sözlə, dövlətin kənd təsərrüfatı sahəsində həyata keçirtdiyi siyasətin nəticəsində artım yerinə azalma qeydə alınıb.

Şəki rayonunda vəziyyət başqadır. 2019-cu ildə rayonda buğda istehsalı 160 min ton təşkil etdiyi halda, 2021-ci ildə 100 min tona bərabər olub və əsas səbəb, yerli əhalinin buğda yerinə arpa əkməsidir. Bu dövrdə arpa toxumunun səpildiyi sahə 11 min hektar artdığı halda, buğda əkini sahələri 13 min hektar azalıb. Bundan başqa, qoz və fındıq bağlarının da sahələri artıb. KİV-lərin verdiyi məlumata görə, bəzi bağlar keçmişdə buğda əkini üçün istifadə olunan sahələrdə salınıb.

Çörək istehsalı üçün istifadə olunan buğda

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tövsiyyəsi ilə hazırlanmış və Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının 19.05.2017-ci il tarixli, 274 saylı əmri ilə dərslik kimi təsdiq edilmiş “Sort və toxum nəzarəti” kitabında (F. Qurbanovundur) qeyd olunur ki, “zülallar və sulu karbonlar insan orqanizmi tərəfindən çox asan mənimsənilir... Çörəkbişirmə üçün dənin tərkibində 14-15%, makaron hazırlanması üçün isə 17-18% zülal tələb olunur. Ən qiymətli göstərici yüksək keyfiyyətli, qüvvəli buğda sortlarının olmasıdır. Yalnız yumşaq buğdalar qüvvəli buğda hesab olunur”. Yəni, qüvvəli buğda dənlərinin keyfiyyəti yüksək olduğundan onlardan daha yaxşı çörək alınır. Dövlət Statistika Komitəsi də müvafiq buğdaya dair ayrıca məlumat toplayır.

Göründüyü kimi, Azərbaycanda müvafiq buğda növünün istehsalı 2018-ci ildə 146,1 min ton təşkil edirdisə, 2021-ci ildə bu göstərici 322,3 min tona çatıb. Nəticədə ərzaqlıq buğda ilə təminat 8%-dən 25%-ə kimi artıb. Və burada əsas rolu yerli istehsalın artımı deyil, istehlakın azalması oynayıb. Cədvəl 1-də sonuncu bənddə ölkə üzrə istehsal olunan çörəyin həcminə uyğun olaraq lazım olan buğdanın həcmini hesablamağa çalışdıq və çörək/un və un/buğda nisbətlərinə əsaslanaraq təxmin etdik ki, 1 ton çörək üçün 0,97 ton buğda lazımdır.


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 1,8 milyon ton buğda unu istehsal olunub (cədvəl 2). Çörək üçün lazım olunan yumşaq buğdanın həcmi isə 1,26 milyon ton təşkil edib. Amma bu buğda təkcə çörək istehsalında yox (həm də bütün çörəklər məhz bu buğdadan istehsal olunmur), başqa qənnadı məmulatların istehsalında da istifadə olunur. Ancaq göründüyü kimi, digər istiqamətlər üzrə istehsal azalıb. DSK-ya görə buğda ununun istehsalı 2021-ci ildə 2020-ci il ilə müqayisədə 344 min ton və ya 18% azalıb. Hətta əmtəəlik çörək istehsalı 3,5% aşağıdır.

Ərzaqlıq buğda istehsalının strukturuna baxsaq (cədvəl 3), görə bilərik ki, əsas pay ailə kəndli ev təsərrüfatlarına düşür. Amma 2021-ci ildə həm kənd təsərrüfatı müəssisələri üzrə, həm də fərdi sahibkarlara görə kəskin artım qeydə alınıb. Fərdi sahibkarlar 12,5 dəfə çox, müəssisələr isə 2,5 dəfə çox ərzaqlıq buğda istehsal ediblər. Artım aqroparklarla bağlıdır. İqtisadiyyat naziri M. Cabbarovun sözlərinə görə, 2020-ci ildə aqroparklar 35,2 min ton, 2021-ci ildə 55 min ton, 2022-ci ildə isə 2021-ci ilə nisbətən 61% çox, yəni 88,8 min ton ərzaqlıq buğda istehsal edib.

Bütün bunlardan əlavə, yuxarıda qeyd olunan fərmana görə ərzaqlıq buğda istehsalının stimullaşdırılması nəzərdə tutulur və Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə “ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üzrə bu il üçün proqnozlaşdırılan hədəfə artıq sentyabr ayında nail olunacaq”. Bir sıra stimullaşdırıcı addımları nəzərə alsaq, bunun müəyyən qədər real olduğunu təxmin etmək olar.

Beləliklə, Azərbaycanda son 4 ildə iki fərqli tendensiya müşahidə olunur. Ümumi olaraq, buğda istehsalı azalır. Bunun həm obyektiv, həm daha çox subyektiv (kənd təsərrüfatı sistemində subsidiyalaşma və s. siyasətlər, torpaqların sıradan çıxması) səbəbləri mövcuddur. Eyni zamanda, ərzaqlıq buğda təminatında dəyişikliklər baş verir. Yerli istehsal artır və tələbatın azalması fonunda onun payı da artır. Amma bu artımın vacib bəndlərindən biri də dövlət-özəl əməkdaşlığı çərçivəsində yaradılmış aqroparklardır. Həm də kənd təsərrüfatı müəssisələrin (əsasən “aqroholdinq” adlandırdığımız) və fərdi sahibkarların istehsalı artdıqca, fermerlərin payı azalmağa doğru gedir.