Open Azerbaijan

Online Media

AVROPA PARLAMENTI AZƏRBAYCANLA BAĞLI SANKSIYALARI GÜNDƏMƏ GƏTIRIR

08.10.2026 / Əli Kərimli və Anar Məmmədli qətnaməsi nə vəd edir?


Kollaj "Açıq Azərbaycan"ındır



Avropa Parlamentinin 6 siyasi qrupu Azərbaycanda siyasi məhbusların vəziyyəti ilə bağlı birgə qətnamə layihəsi təqdim edib. Sənəddə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin, hüquq müdafiəçisi Anar Məmmədlinin və jurnalist Anar Abdullayevin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur.

Sənəddə həmçinin, Avropa İttifaqına Azərbaycanın vəzifəli şəxslərinə qarşı hədəfli sanksiyalar hazırlamaq, rəsmi Bakı ilə gələcək tərəfdaşlıq sazişini insan hüquqları sahəsində real irəliləyişlə şərtləndirmək və mühacirətdəki müstəqil media ilə vətəndaş cəmiyyətinə dəstəyi artırmaq çağırışı edilir.

Oktyabrın 7-də təqdim olunan sənəd Avropa Parlamentinin 8 oktyabr plenar iclasının gündəliyinə daxil edilib. Birgə layihə Avropa Xalq Partiyası (PPE), Sosialistlər və Demokratlar (S&D), Avropa Mühafizəkarları və İslahatçıları (ECR), Renew Europe, Yaşıllar/Avropa Azad Alyansı (Verts/ALE) və Sol qrupun təkliflərini birləşdirir.

Beləliklə, layihənin arxasında Avropa Parlamentində müxtəlif siyasi xətləri təmsil edən 6 qrup – yəni, mütləq çoxluq dayanır. Onların arasında sağ mərkəzçi, sosial-demokrat, liberal, mühafizəkar, yaşıl və sol qüvvələr var.

Əli Kərimlinin saxlanma şəraitinə xüsusi diqqət

Qətnamə layihəsində Əli Kərimlinin 29 noyabr 2025-ci ildən həbsdə olduğu xatırladılır. Onun barəsində həbs qətimkan tədbirinin iki dəfə uzadıldığı və hazırda 13 noyabr 2026-cı ilədək qüvvədə olduğu bildirilir.

AXCP sədri hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı ittiham olunur. Sənəddə bu ittiham üzrə ömürlük həbs cəzası ehtimalının olduğu qeyd edilir. Əli Kərimli isə ittihamı rədd edir.

Avropa Parlamentinin layihəsində onun saxlanma şəraitinə ayrıca yer ayrılıb. Human Rights Watch və Amnesty International təşkilatlarının məlumatlarına istinadla bildirilir ki, Kərimlinin ünsiyyət imkanları məhdudlaşdırılıb, ona qida bağlamalarının və içməli suyun çatdırılmasında maneələr yaradılıb.

Sənəddə təcridxana kamerasında havalandırmanın olmaması, Əli Kərimlinin yuxusuzluq, ciddi susuzluq və huşunu itirmə halları ilə üzləşdiyi qeyd edilir. Amnesty International bu rəftarın işgəncə və ya qeyri-insani rəftar sayıla biləcəyi barədə xəbərdarlıq edib.

Hakimiyyətdən Əli Kərimlinin zəruri qida, içməli su, tibbi yardım və yerləşdiyi kameranın havalandırma ilə təmin olunmasını, eləcə də vəkilləri və ailəsi ilə ünsiyyətinə imkan yaradılmasını tələb olunur. Eyni zamanda, onunla pis rəftar edilməsi barədə məlumatların müstəqil araşdırılmasına çağırır.

Anar Məmmədli və Anar Abdullayev

Layihədə hüquq müdafiəçisi və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 7 sentyabr 2026-cı ildə müxtəlif cinayət ittihamları ilə 13 il müddətinə azadlıqdan məhrum edildiyi xatırladılır. Eyni iş üzrə jurnalist Anar Abdullayev 12 il həbs cəzası alıb.

Avropa Parlamenti Anar Məmmədlinin əvvəlki həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına da istinad edir. Həmin qərarda onun həbsinin siyasi motivli olduğu müəyyən edilib.

Sənəddə Anar Məmmədli işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam icrası tələb olunur. Avropa Parlamenti hər iki şəxsin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır.

Layihə bu üç şəxsin işini ayrı-ayrı hadisələr kimi deyil, Azərbaycanda müxalifət nümayəndələrinə, jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara və alimlərə qarşı daha geniş təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirir. Sənəddə Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğu bildirilir.

Azərbaycan rəsmilərinə qarşı sanksiyalar istənilir

Qətnamə layihəsinin mühüm müddəalarından biri Avropa İttifaqının mümkün sanksiya tədbirləri ilə bağlıdır. Avropa Parlamenti Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və üzv dövlətləri Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində hədəfli tədbirlər hazırlamağa çağırır.

Bu mexanizm ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan şəxslərə qarşı aktivlərin dondurulması və Aİ ərazisinə səfər məhdudiyyətləri kimi tədbirlərin tətbiqinə imkan verir.

Eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və üzv ölkələrin səfirliklərinə siyasi motivli hesab edilən məhkəmə proseslərini izləmək çağırışı edilir.

Azərbaycanla yeni tərəfdaşlıq sazişinə insan hüquqları şərti

Layihədə bildirilir ki, Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi insan hüquqları və qanunun aliliyi sahəsində konkret irəliləyişlərdən asılı olmalıdır. Sənəddə siyasi məhbusların azad edilməsi bu irəliləyişin əsas göstəricilərindən biri kimi təqdim olunur.

Bu müddəa Avropa Parlamentinin Bakı ilə münasibətlərdə iqtisadi, enerji və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, insan hüquqlarının da əsas şərt kimi nəzərə alınmasını istədiyini göstərir.

Qətnamə layihəsində Avropa İttifaqının Azərbaycanla diplomatik münasibətlərinin demokratik dəyərlərə uyğun aparılmasının vacibliyi də vurğulanır.

Mühacirətdəki vətəndaş cəmiyyəti və mediaya dəstək

Sənəddə Avropa Komissiyasına Azərbaycan vətəndaş cəmiyyətinə və müstəqil mediaya maliyyə və siyasi dəstəyi artırmaq çağırışı edilir. Bu çağırışda Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə yanaşı, mühacirətdə fəaliyyətini davam etdirən media qurumları və vətəndaş cəmiyyəti təşkilatları da xüsusi qeyd olunur.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsi və milli təhlükəsizliklə bağlı qanunvericilikdən istifadəni dayandırmağa çağırır.

Sənəddə məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməsinin, dinc tənqidçilərə qarşı təzyiqlərin dayandırılmasının və siyasi motivli hesab edilən cinayət ittihamlarının ləğvinin vacibliyi qeyd olunur.

Bundan başqa, layihənin bir müddəası da xaricdə yaşayan və Azərbaycan hakimiyyətini tənqid edən fəalların və jurnalistlərin durumuna həsr olunub. Avropa Parlamenti transmilli repressiyaları pisləyir, ölkə xaricində fəaliyyət göstərən tənqidçilərə qarşı təzyiqləri yolverilməz sayır.

Bu məqamda Aİ üzv dövlətlərinə çağırışı edilir ki, Azərbaycan hökumətini tənqid edən şəxslərlə bağlı ekstradisiya sorğularını ciddi şəkildə yoxlasınlar. Bu hissə xaricdə yaşayan azərbaycanlı fəalların, jurnalistlərin və müxalifət nümayəndələrinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qubad İbadoğlunun ölkədən buraxılması alqışlanır

Avropa Parlamenti iqtisadçı alim, 4 ildən artıq ölkədə həbsdə və ev dustaqlığında saxlanılan Qubad İbadoğlunun təcili tibbi müalicə üçün Almaniyaya gəlməsini müsbət qarşılayır. Bununla yanaşı, onun barəsində bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edir.

Layihədə Avropa İttifaqı vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı narahatlıq da ifadə olunur. Xüsusilə Fransa vətəndaşı Anass Derrazın adı çəkilir.

Milli Məclislə əməkdaşlığın bərpası istənilir

Sənəddə Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarından təəssüf ifadə edilir. Qətnamə layihəsi parlamentlərarası əlaqələrin bərpasına çağırış edir.

Beləliklə, layihə bir tərəfdən Azərbaycan hakimiyyətinə qarşı daha sərt tədbirlərin hazırlanmasını istəyir, o biri tərəfdən isə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu göstərir.

Öncəki qətnamələr xatırlanır

Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair əvvəllər də bir neçə qətnamə qəbul edib. 19 dekabr 2024-cü ildə qəbul edilmiş qətnamədə Qubad İbadoğlu, Rüfət Səfərov və Meydan TV jurnalistlərinin həbsi xüsusi qeyd olunmuşdu. Avropa Parlamenti vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri pisləmişdi.

18 dekabr 2025-ci ildə qəbul edilmiş digər qətnamə isə anti-müharibə fəalı Bəhruz Səmədov və etnik azlıqlar üzrə elmi araşdırmalar edən İqbal Abılovun həbsi və məhkum edilməsinə həsr olunmuşdu.

Həmin sənəddə siyasi məhbusların sayının 400-ə yaxınlaşdığı vurğulanırdı. İndi təqdim olunan layihədə siyasi məhbusların sayı 300-dən çox göstərilir. Bu da son bir ildə bir sıra siyasi məhbusların məhkumluq müddətini başa vurması, əfv və amnistiya aktları nəticəsində azadlığa çıxması ilə bağlıdır.

Qətnamə nəyi dəyişə bilər?

Yeni sənədin siyasi əhəmiyyəti tanınmış siyasi məhbusların azadlığının tələb edilməsi ilə məhdudlaşmır. Layihədə insan hüquqları məsələsinin Aİ–Azərbaycan münasibətlərinin əsas istiqamətləri ilə əlaqələndirilməsi təklif olunur: gələcək tərəfdaşlıq sazişi, hədəfli sanksiyalar, məhkəmə proseslərinin beynəlxalq müşahidəsi və xaricdəki müstəqil vətəndaş cəmiyyətinə dəstək.

Bununla belə, qeyd etməliyik ki, Avropa Parlamentinin qətnamələri əsasən siyasi mövqe ifadə edir və tövsiyə xarakteri daşıyır. Müddəaların icrası Avropa Parlamentinin qətnamələrlə bağlı nə dərəcədə davamlı olacağından asılıdır.