Aytan Mammadova

Freelance Journalist

PREZIDENTIN FƏRMANI--VƏKILLƏRIN KORRUPSIYAYA BULAŞMASININ ETIRAFI

30.04.2019 / Yeni fərman sağlam vəkilliyin inkişafına nə verəcək?

Azərbaycanda vəkilliyin durumundan danışanlar daha çox vasitəçilik məsələsindən gileylənirlər. Söhbət, vəkillərin müvəkkillərinin hüquqlarını müdafiə eləmək əvəzinə məhkəmələr, istintaq orqanlarıyla müvəkkil arasında vasitəçiliyindən, daha doğrusu rüşvət alıb-vermək prosesində vasitəçilikdən gedir. Buna görə vəkilləri bəzən hətta “makler” adlandırırlar.

Vəkillər Kollegiyasının rəhbərliyi, qurumun üzvləri “makler” sözünə etiraz edir, bunu vəkilliyin nüfuzuna zərbə kimi qiymətləndirirdilər. Amma iş o yerə gəlib ki, məsələ prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı fərmanda da əksini tapıb, konkret “makler” sözü işlənməsə də...

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanın 9-cu bəndində yazılıb: “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin”.

Deməli, problemə artıq prezident səviyyəsində münasibət bildirilir, Vəkillər Kollegiyası rəhbərliyindən belə vəkillərin qarşısının alınması üçün addımlar atılması istənilir.

150 minlik rüşvətə görə vəkil ittiham olunur

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manatlıq rüşvət vasitəçiliyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş vəkil Məmmədvəli Cəfərovun işinə baxılır. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil hüquqlarını müdafiə etdiyi Rəhman Yusifovun oğlundan 150 min manat alıb və bu pulu Ali Məhkəməyə verəcəyini, beləliklə, müvəkkili haqqında hökmün dəyişdiriləcəyini bildirib. Amma nə R.Yusifov haqqında hökm dəyişib, nə də pul geri qayıdıb.

R.Yusifov uzun illər Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2008-ci ildən 2012-ci ilə-- həbs olunana qədər isə Qaradağ rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri olub. O özü də rüşvət almaqda günahlandırılaraq, həbs edilib, 5 il azadlıqdan məhrum olub. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra oğlu Rəşad Yusifov atasının müdafiəsi üçün vəkil M.Cəfərovla müqavilə bağlayıb.

“Mən bilirdim ki, Azərbaycanda vəkillərə inam yoxdur. Bir vəzifəli şəxs var, bizə bu adamı o, məsləhət görmüşdü. İndi həmin adamın adını çəkmək istəmirəm, çünki onun bu fırıldağa dəxli yoxdur”, artıq azadlığa çıxmış sabiq məmur belə deyir.

Prezidentin bu fərmanı vəkilliyin durumuna təsir göstərib, vəkillərin nüfuzunu artıracaqmı? Onları rüşvət məsələlərində vasitəçilikdən çəkindirə biləcəkmi? Vəzifəsi birbaşa qanunların icrasını tələb etmək olan vəkil rüşvətin, bu prosesdə vasitəçiliyin cinayət olduğunu bu fərmansız da bilmirmi? Bütün bu suallara cavab tapmağa çalışdıq.

“Bundan sonra daha sərt, barışmaz olacağıq”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov hesab edir ki, bu fərman vəkilliyin inkişafı, nüfuzunun artması baxımından çox faydalı olacaq. Fərmanın “hakimlər və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verən vəkillərin qarşısının alınması” bəndinə münasibət bildirən A.Bağırov belə işlərlə məşğul olan vəkillərin mövcudluğunu təkzib etmir. Əksinə, deyir ki, prezidentin Vəkillər Kollegiyasına bu haqda tövsiyəsi yerinə düşür. Həm də dövlətin də, prezidentin də problemdən xəbərdar olduğunu sübut edir: “Biz bu problemin mövcudluğunu inkar etmirik... Problem varsa, biz onu gizlətmirik. Yəni biz özümüz də indiyə qədər belə hallara göz yummamışıq, tədbirlər görmüşük. Bundan sonra daha sərt, barışmaz mövqedə olacağıq. Əlbəttə, “vəkillər vasitəçilik edir” fikrinin səslənməsi arzuolunmaz haldır. Hətta deyərdim ki, yolverilməzdir. Vəkillər haqqında belə fikirlərin səslənməməsi üçün əlimizdən gələni edəcəyik”, A.Bağırov bildirir.

Vəkillər Kollegiyasının sədri vəkillərin haqqında belə fikirlərin yaranmasına görə nümayəndə kimi məhkəmə işlərinə çıxan şəxsləri də suçlandırır. Söhbət, Vəkillər Kollegiyasının üzvü olmadığı halda (2017-ci ilin sonunda tətbiq olunan məhdudiyyətlərə qədər), nümayəndə qismində məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən şəxslərdən gedir. A.Bağırov deyir ki, həmin şəxslər özlərini vəkil kimi göstərərək, hüquqlarını müdafiə etdikləri adamların maraqlarına bəzən zidd addımlar atır, qanunsuz işlərlə məşğul olurdular: “Axı sadə vətəndaşlar da ayırd edə bilmirdilər ki, bunlar vəkildir, yoxsa yox. Çünki özlərini vəkil kimi təqdim edirdilər. Nəticə etibarilə onların əməlləri vəkilliyin adına yazılırdı. Halbuki, onlar vəkil deyildilər”.

“Bu, bir tövsiyə ilə müalicə olunası xəstəlik deyil”

Vəkil Yalçın İmanov fərqli fikirdədir, fərmanın vəkilliyin inkişafına müsbət təsiri olacağını düşünmür, hətta deyir ki, bu fərman nəinki vəkillik, ümumiyyətlə, məhkəmə-hüquq sistemindəki köklü problemləri həll etmək iqtidarında deyil. Y.İmanovun fikrincə, vəkillik sahəsindəki dərin problemlərin həllindən ötrü ilk növbədə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna mühüm dəyişikliklər edilməli, Vəkillər Kollegiyasının hüquqi statusu qanuna uyğunlaşdırılmalı, bu qurum məcburi peşə birliyindən, könüllü və altenativ peşə birliyi halına gətirilməlidir. Eyni zamanda, Kollegiyanın müstəqilliyini möhkəmləndirən, xüsusən onun dövlət qurumlarından asılılığını aradan qaldıran normalar qanuvericiliyə əlavə edilməlidir.

Y.İmanovun fikrincə, məhkəmə-hüquq sistemində uzun illər kök salmış korrupsiya bir tövsiyə ilə aradan qaldırılacaq məsələ deyil: “Sirr deyil ki, bu korrupsiya mexanizmində vəkillər əhəmiyyətli, vacib rol oynayır. Hazırda bu işə bulaşmayan vəkillərin sayı barmaqla sayılacaq qədər azdır. Fərmanda bunun etirafı da problemin böyük miqyasından xəbər verir. Amma bu, Vəkillər Kollegiyasının tövsiyəsi və ya hansısa xəyali tədbirlərilə aradan qaldırılası, müalicə olunası xəstəlik deyil. Vəkil hüquqi müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirmək imkanından faktiki mərhumdursa, öz qabiliyyəti və hüquqi bilgiləri sayəsində ona həvalə olunan işi görə, müqavilə öhdəliklərini lazımınca icra edə bilmirsə, istər-istəməz onun ağlına başqa üsullar gələcək. Həmin “başqa üsullar”ın ən sınanılmış yolu isə hakimlərlə, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə “qeyri-prosessual münasibətlər”dir. Problemin həlli üçün bütövlükdə məhkəmə-hüquq sistemi kənar təsirlərdən, müdaxilələrdən, sifarişlərdən azad olmalı, ədalət mühakiməsininn təməl prinsiplərinin işləkliliyi təmin edilməlidir”.

Vəkillərin pulu icra hakimiyyətlərinə deyil, Vəkillər Kollegiyasına veriləcək

Prezidentin fərmanında vəkilliyə aid bəndlərdən biri maliyyə məsələsi ilə bağlıdır. İndiyədək vətəndaşa dövlət hesabına hüquqi yardım göstərən vəkillərə uyğun yerli icra hakimiyyəti orqanı pul ödəyirdi. Bundan sonra həmin vəsait büdcədən birbaşa Vəkillər Kollegiyasının özünə ayrılmalıdır.

“Cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələri hazırlanıb, bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun.” Prezidentin fərmanının 13.1 bəndində Nazirlər Kabinetinə belə göstəriş verilir.

Vəkillər Kollegiyası sədrinin dediklərindən məlum olur ki, indiyədək dövlət hesabına hüquqi yardım göstərən vəkillər onlara çatası vəsaiti almaqda çətinlik çəkirmiş, süründürməçilik varmış, bəzi vəkillər pulunu bir ildən sonra da ala bilmirmiş, şəffaflıq təmin olunmurmuş. Ona görə Vəkillər Kollegiyasının rəhbərliyi Nazirlər Kabinetinə müraciət edib, hökumət də bunu nəzərə alıb: “Sevindirici haldır ki, dövlətimiz narahatlığımızı nəzərə aldı. Ümumiyyətlə, vəkilin vəsaitinin yerli icra hakimiyyətinin büdcəsində olmasına, onu almaq üçün aylarla davam edən süründürməçiliyə nə ehtiyac vardı?”, A.Bağırov deyir.

Y.İmanov da deyir ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması özlüyündə müsbət haldır. Amma bu, vəkilləri kollegiya rəhbərindən daha da asılı vəziyyətə salacaq: “Vəkillər Kollegiyasının indiki - müstəqil vəkilləri cəzalandırdığı, müti, ələbaxım vəkilləri, vəkilliyi stimullaşdırdığı halında, bu məsələ vəkillərin olan-qalan müstəqilliyinin də əldən çıxmasına, vəkillərin Kollegiya rəhbərliyindən tam şəkildə asılı olmasına gətirib çıxaracaq”.