Open Azerbaijan

Analytic Portal

YENU QANUN IŞSIZLƏRI DARDA QOYUR

10.01.2019 / İşsizlikdən sığorta sistemi bizə nə verir?

Azərbaycan Respublikasının İşsizlikdən Sığorta Qanunu qəbul olunanda məqsəd işsizləri mümkün əmək bazarı risklərindən qorumaq, onların itirilmiş əmək haqlarını kompensasiya etmək idi. Amma bütün dünyada mütərəqqi sistem sayılan bu qanunun qəbulu və əvvəlki qanuna dəyişikliklər işsizi bir az da çətin duruma salıb.

Azərbaycan Respublikasının İşsizlikdən Sığorta Qanunu 2018-ci ilin yanvar ayının 1-dən qüvvədədir. Bu qanun, həmçinin Azərbaycan Respublikasının Sosial Müavinətlər haqqında Qanununa 15 may 2018-ci ildə edilən dəyişikliklər—işsizlik müavinətinin 4-cü maddədən çıxsrılması müavinət sistemini aradan qaldırıb, onu işsizlikdən sığorta sistemiylə əvəz edib.

Ancaq işsizlikdən sığorta işsizlik müavinəti demək deyil. Çünki yeni qanunun təmin etdiyi sığorta yalnız həmin qanunun işsiz kimi tanıdığı şəxslərdən ötrü nəzərdə tutulub. Sosial Sığorta haqqında Qanunun 4-cü maddəsi də sığorta hadisəsi kimi “işsizliyi” tanımır. Bu o deməkdir ki, qanunlar yalnız İşsizlikdən Sığorta Qanununun təminat verdiyi şəxslərə yarayır, qalan işsizlər tamamilə köməksiz qalırlar.

Qanun kimə işsiz deyir?

Azərbaycan Respublikasının Məşğulluq haqqında Qanununun 1.1.6-cı maddəsinə əsasən, işsiz şəxs dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olan, ancaq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Amma İşsizlikdən Sığorta Qanununun 1.2-ci və 13.1-ci bəndləri qanunun tətbiq dairəsini “yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar” olaraq müəyyən edir. Belə çıxır ki, başqa işsizlər--işini qanunda qeyd olunmayan səbəblərdən itirənlər, əmək müqaviləsinə başqa əsaslarla xitam verilənlər, ali məktəbin yeni məzunları və sair işsizliyə görə müavinət tələb edə bilməz.

Artıq bir ildir ki, Azərbaycanda işsizlərin dairəsi sığortaolunanlarla məhdudlaşdırılıb, həmin şəxslər də yalnız dövlət orqanı və ya hüquqi şəxs ləğv edilərsə, ya da ixtisarlar nəticəsində işsiz qalarlarsa, sığortalanmaq haqqına sahibdirlər. Həm də müavinətlərin bir hissəsi işçinin işlədiyi müddətdə verdiyi sosial sığorta ödənişləri vasitəsilə ödənilir. Əvvəlki müavinət sistemi ilə şəxsin müavinət almaq üçün işləmiş olması, ya da belə bir səbəblə işdən azad edilməsi şərti mövcud deyildi.

Yeni qanun valideynsiz uşaqları da çətin vəziyyətə salıb.

Yeni sistem tətbiq ediləndən sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanunun 8-ci maddəsinə də dəyişiklik edilib. Dəyişikliyə görə, ilk dəfə iş axtaran və işsiz olaraq qeydə alınmış valideynsiz uşaqların işsizliyə görə müavinət hüququ artıq yoxdur. Əvvəl belə uşaqların əmək hüquqlarına təminat verən qanun maddəsi orta aylıq əmək haqqı miqdarında işsizlik müavinəti nəzərdə tuturdu. Demək ki, yeni qanun dövlət dəstəyi və qayğısına möhtac olan uşaqların bu qrupu üçün istisna tanımır.

2017-ci ildə Azərbaycanda işsizliyə görə sosial müavinətlərdən ötrü 17.5 milyon manat ayrılmışdı. 2018-ci ildə İşsizlikdən Sığorta Fonduna az qala iki dəfə çox--33.5 milyon manat verilib.

Beynəlxalq təcrübə

Azərbaycan Respublikası tərəf olduğu beynəlxalq sazişlərdən irəli gələn bəzi öhdəlikləri üzərinə götürüb. Sosial və Mədəni Haqlara dair 1966-cı il tarixli Beynəlxalq Paktın 6-cı maddəsi “iş” anlayışını “yaşamaq üçün qazanc əldə etmə fəaliyyəti” şəklində izah edir. Bu beynəlxalq sənəddə dövlətlərin işsiz şəxsləri müdafiə etmək öhdəliyi birbaşa qeyd olunmayıb, ancaq sazişin 9-cu maddəsində dövlətlərin hər kəsin sosial təminat, habelə sosial sığorta hüququna zəmanət vermək öhdəliyi qeyd edilir.

Beynəlxalq Əmək Təşkilatının Məşğulluğun Təbliği və İşsizlikdən Müdafiəyə dair 1988-ci il tarixli Konvensiyasının 5.4-cü bəndində dövlətlərin işsizlikdən müdafiə edilən insanların sayını artırmaq öhdəliyi müəyyən olunur. Doğrudur, Azərbaycan bu Konvensiyaya tərəf ölkə deyil, amma beynəlxalq standartlar bütün dövlətlərdən mümkün qədər çox insanın sosial müdafiəsini təmin etməyi tələb edir.

Əslində bu beynəlxalq sazişlərdən irəli gələn öhdəlikləri əks etdirən Azərbaycan Konstitusiyası sosial müavinət hüququnu təsbit edir. Konstitusiyanın 35.7-ci bəndində işsiz şəxslərin dövlətdən sosial müavinət almaq hüququ qeyd olunub. Belə çıxır ki, qanunvericiliyə edilən dəyişiklik və yeni gətirilən işsizlikdən sığorta sisteminin işsizliyə görə müavinəti ortadan qaldırması özlüyündə əmək hüququ və işsizliyə görə sosial müavinət almaq hüququna yer verən Konstitusiyaya ziddir.

İşsizlik müavinəti niyə vacibdir?

Dünya təcrübəsində belədir, iş axtaran şəxslərə ödənilən işsizlik müavinəti həmin şəxslərin gəlirlərinin stabilləşdirilməsinə və məşğulluğa dəstək proqramlarına çatmasına yardım edir. Yəni işsizliyə görə sosial müavinət olmasa, işsizlərin hansısa məşğulluq proqramına qoşulması və sabit gəlir mənbəyi əldə etməsi qeyri-mümkün hesab olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin 2016-cı ildəki statistikasına baxaq: Finlandiya işsizlik müavinəti ilə təmin olunan işsiz payına görə liderdir (63%). Sonra Belçika (60%), Fransa (42%) və İsveçrə (36%) kimi ölkələrdə iş axtaranlara dövlət dəstəyi böyükdür.

Azərbaycan qanunvericiliyində işsizlikdən sığorta sisteminin tətbiqini işindən xüsusi hallarda azad edilən şəxslərin sosial müdafiəsi nöqteyi-nəzərindən “təqdirəlayiq” adlandırmaq olar. Lakin işsizlikdən sığorta sisteminin işsizlik müavinətlərinin ləğvinə bəhanə edilməsi və çoxsaylı işsizlərin sosial müdafiədən kənarda qoyulması qəbul edilə bilməz.