Open Azerbaijan

Analytic Portal

“SAXTA MÜQAVILƏ” IDDIALARI - MILYONLUQ QALMAQAL

10.09.2020 / İş adamları əmlaklarının zorla alındığını iddia edirlər

Banklara qarşı ciddi ittihamlardan biri də vətəndaşların adına saxta kredit müqavilələrinin tərtibi, vətəndaşların pul və əmlaklarının əllərindən alınmasıdır. Yerli məhkəmələrdə belə qalmaqallarla bağlı xeyli çəkişmələr gedir. “Muğanbank”, “Premium Bank”, lisenziyası ləğv olunmuş “Qafqaz İnkişaf Bankı” adı məhkəmələrdə hallanan banklardandır.

“İdeal”ı sahibinin əlindən necə alıblar?

Parfümeriya satışıyla məşğul olan “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, “İdeal Company”ni onun əlindən almaq üçün adına 5 milyonluq saxta kredit müqaviləsi tərtib edilib.

“İdeal” şəbəkəsi 1999-cu ildə yaradılıb. İ.İsmayılov 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyir. İş adamının sözlərinə görə həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif hazırkı “Premium Bank” (o zaman “SilkWay Bank” adlanırdı) rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə İ.İsmayılov 100%-lik payının 50%-ni “Gazelli” şirkətinə satıb. Onun sözlərinə görə, məqsəd əlavə maliyyə resursları cəlb etməklə “İdeal”ın daha dinamik inkişafına nail olmaq idi: “Amma payımın bir hissəsinin “Gazelli” şirkətinə ötürülməsi sahibkarlıq fəaliyyətimin inkişafı yox, hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələndi. “Gazelli”nin sahibləri qalan 50% payı əlimdən almaq üçün məni ilk növbədə direktor vəzifəsindən istefa verməyə məcbur etdilər. Təsisçi kimi razılığım və iştirakım olmadan şirkətə yeni direktor təyin olundu. Və yeni direktor vasitəsilə, saxta sənədlər və əsassız mülahizələrlə məndən prokurorluğa şikayət edildi. Guya şirkətin qanuni təmsilçisi olduğum dövrdə mənimsəmə faktları baş verib. Şirkətimə tam sahiblənmək üçün “Gazelli”nin sahibləri mənə qarşı plan qurub, heç bir rəsmi yoxlama sənədi olmadan mənim qanunsuz həbsimə nail oldular (7 iyun 2017-ci ildə). Mənə qarşı daha bir təzyiq üsulu kimi, adıma saxta kredit müqaviləsi rəsmiləşdirdilər. Faktiki bir manat da vermədikləri halda, mənə guya “Premium Bank”dan 5 milyon manat kredit verildiyi iddia olundu...”

İ.İsmayılovun sözlərinə görə, həbsdə olduğu zaman ona bildiriliblər ki, azadlığa çıxmaq istəyirsə, şirkətdə qalan payını və 100% ona məxsus olan “İdeal” əmtəə nişanını “Gazelli”nin sahiblərinə verməlidir. Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlananda--2017-ci il, sentyabrın 12-də onun yanına gəlib, təklifi özünə deyiblər. İki gün sonra isə ora notarius gətirib, qalan payının digər təsisçiyə ötürülməsi barədə müqaviləyə imza atdırıblar: “Həmin sənədlərə imza atdığım gün haqqımdakı həbs-qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Halbuki, mən o günə qədər də qəti imkan tədbirinin dəyişdirilməsi üçün məhkəmələrə müraciət etmişdim, amma rədd cavabı almışdım. Bu halın özü sübut edir ki, mən o müqaviləyə təzyiq altında imza atmışam. Nəticədə əmlaklarım iradəmə zidd olaraq, əlimdən alınıb”.

İ.İsmayılov əmlakının zorla əlindən alınmasıyla əlaqədar sabiq Baş prokuror Zakir Qaralova ünvanladığı şikayətlərinin obyektiv araşdırılmadığını bildirir. O, yeni Baş prokuror Kamran Əliyevə də müraciət edib, həmçinin Bakı Kommmersiya Məhkəməsində iddia qaldırıb, Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Vergilər Nazirliyinə də şikayət göndərib.

Vergilər Nazirliyindən gələn cavab məktubunda yazılıb ki, “Silk Way Bank”da yoxlamalar nəticəsində qanunsuzluq halları aşkarlanıb. 5 milyonluq saxta kredit müqaviləsi məsələsinə gəlincə, ona tövsiyə olunub ki, məhkəməyə müraciət etsin, çünki bu, Vergilər Nazirliyinə aid məsələ deyil: “Vergi orqanlarının səlahiyyətinə aid olmayan digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz”.

Ekspertiza imzanın saxta olduğunu bildirir

İ.İsmayılov deyir ki, “Premium Bank”dan 5 milyon manat kredit götürməsi barədə müqavilədə onun adından atılan imza saxtadır. Onun sözlərinə görə, əvvəllər bu bankdan kredit götürüb, sənədləri imzalayıb. Həmin imzalara baxıb, müqaviləyə oxşar imza atıblar: “İlk 3 səhifəsinin imzasız olması həmin kredit müqaviləsinin saxtalığını sübut edir. Məxaric orderində də imzamın saxtalaşdırıldığı, mənim tərəfimdən imzalanmadığı ilk baxışdan aydın şəkildə görünür. Saxta məxaric orderini həm Rusiyada, həm də Türkiyədə ekspertizaya təqdim etmişəm. Hər iki ekspertizanın nəticəsinə əsasən, məxaric sənədindəki imza mənə məxsus deyil. Bu saxta kredit müqaviləsindən mənim əleyhimə təzyiq vasitəsi kimi istifadə edildi, bankın faktiki rəhbərliyini həyata keçirən şəxslər bütün əmlakımı əlimdən aldılar”.

“Premium Bank” İ.İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İ.İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

“Bank pullarının başına oyun açıb, bizim kimilərdən çıxırlar”

Əmlakının əlindən saxta kredit müqaviləsiylə alındığını deyənlərdən biri də “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbəri Bəxtiyar Abbasovdur. Bu mübahisədə isə qarşı tərəf “Muğanbank”dır. Bank iddia edir ki, quruma verilən (2008-ci ildə) 300 min dollarlıq kredit qaytarılmayıb. Və bank girov qoyulmuş üç evin (iki mənzil və bir bağ evi) hərraca çıxarılıb satılması, əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.

Bu məsələyə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə Bakı Apellyasiya Məhkəməsi, iki dəfə də Ali Məhkəmə baxıb.

Nərimanov rayon Məhkəməsi iddianı təmin edib: “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə iddiada qeyd olunan evlərin hərraca çıxarılıb satılması və orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.

B. Abbasov iddiların yalan olduğunu, ona 300 min dollar verilmədiyini deyir. Onun sözlərinə görə, əvvəl bankdan müxtəlif müqavilələrlə (ayrı-ayrı adamların adına) ümumilikdə 240 min manat kredit götürüblər. O kreditləri də tədricən ödəyiblər. Sonra bankdan onlara deyiblər ki, həmin kreditləri bir kredit müqaviləsi ilə əvəzləyirlər. B.Abbasov deyir ki, o vaxtkı məzənnə ilə 240 min manat 300 min dollar edirdi, ona görə də 300 min dollarlıq müqavilə bağlanıb: “Amma bizə 300 min dollar verilmədi. Heç biz istəmədik də, çünki əvvəl götürdüyümüz kreditlərin ümumiləşməsi idi. Bizə elə demişdilər. İndi isə iddia edirlər ki, yox, 300 min dollar da əlavə kredit verilib, bizim bank hesabımıza köçürülüb. Amma bunu təsdiqləyən mədaxil-məxaric orderini ortaya qoymurlar. Qoya da bilməzlər, çünki yoxdur.”

Bakı Apellyasiya Məhkəməsi məhz 300 min dolların “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderi olmadığına görə bankın iddiasını haqlı saymayıb. Nərimanov rayon Məhkəməsinin qərarını ləğv edib, bankın iddiasının təmin edilməməsi haqda yeni qətnamə çıxarıb.

Bank bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə bankın xeyrinə qərar çıxarıb. Əvvəlki qərar ləğv edilib, iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və bu dəfə Apellyasiya Məhkəməsi bankın xeyrinə qərar çıxarıb. Sonra Ali Məhkəməyə sahibkar və şərikləri şikayət ediblər. Amma xeyri olmayıb, Ali Məhkəmə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Hərarcda satılmasına qərar verilən evlərdən biri, B.Abbasovun şəriki Yelmar Babayevə məxsusdur. Bakının Qara Qarayev prospektində yerləşən həmin üçotaqlı mənzildə Y.Babayev iki övladı, anası, bacısı və onun uşağıyla birlikdə yaşayır.

“Mən bir qolumu Ağdamda qoyub gəlmişəm. O birini də Azərbaycan məhkəmələri kəsib, bizi ikinci dəfə evimizdən didərgin saldı”, Y.Babayevin 81 yaşlı anası belə deyir.

Sahibkar B.Abbasovun hərraca çıxarılan bağ evi həyat yoldaşı Təranə Ərizanovanın mülkiyyətindədir. T.Ərizanova hesab edir ki, məhkəmələr sifarişlə qərar verir, insanların əmlaklarının əllərindən alınmasına yaşıl işıq yandırırlar: “Özüm ikinci qrup əliləm, qan xərçəngiyəm. Kimlərsə bankın pullarının başına oyun açıb, indi bizim kimilərdən çıxmaq istəyirlər. Bir araşdıran olmadı ki, yoldaşıma 300 min dollar kredit verilibsə, hanı bunun məxaric orderi?”

“Muğanbank”dan bildirilib ki, B.Abbasovun dedikləri həqiqətə uyğun deyil, 300 min dollarlıq kredit müqaviləsinə özü imza atıb.

“Bank mənə pul verməyib”

Oxşar mübahisə 2016-cı ilin yanvarında ləğv olunmuş “Qafqaz İnkişaf Bankı” ilə bağlıdır. Bankın Əmanətlərin Sığortalanması Fondu ilə paytaxt sakini Bağman Məmmədov arasında iki ildən çoxdur ki, 800 min dollarlıq məhkəmə çəkişməsi gedir. Onların mübahisəsinə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə apellyasiya instansiyası, iki dəfə də Ali Məhkəmə baxıb, hələ də yekun qərar verilməyib.

İddiaya görə, 2008-ci ilin iyulunda bu bank B.Məmmədova 600 min dollar kredit ayırıb. Məqsəd paytaxtın Binəqədi rayonundakı Ə.Naxçıvani və Nəvai küçələrinin kəsişməsindəki 3068-ci məhəllədə tikinti işlərinin aparılması olub. Kredit, deyilənə görə, 24 aylıq imiş, 2010-cu ilin iyuluna qədər ödənilməliymiş. Əmanətlərin Sığortalanması Fondu məhkəmədə B.Məmmədova qarşı 600 min dollar əsas, 2010-cu ilin iyuluna - kreditin bitmə vaxtına qədər 9 min dollar faiz borcunun, həmçinin ötən müddət ərzində illik 5%-dən hesablamaqla, 212 min dollar da əlavə faiz borcunun (ümumilikdə 821 min dollar) ödənilməsi tələbiylə iddia qaldırıb.

B.Məmmədov isə bildirir ki, deyilənlər yalandır, banka borcu olmayıb. Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bankı”ndan ona 1 manat da verilməyib. B.Məmmədov məhkəmədə də deyib ki, bankın Müşahidə Şurasının sədri Eldar İsmayılovla (o, həm də Azərbaycan Banklar Assosiasiyasının prezidenti olub) münasibətləri varmış. İşgüzar fəaliyyətləri çərçivəsində E.İsmayılov ona bir neçə sənədə imza atdırıb, o da həmin sənədlərin mahiyyətinə diqqət yetirməyib: “Mən bankdan pul almamışam. Pulun mənə verilməsiylə bağlı heç bir sübut, məxaric qəbzi yoxdur. Münasibətimiz vardı deyə, imzalamışam. İşgüzar münasibətlərdə E.İsmayılovdan ayrılanda da aramızda borcun, məsuliyyətin olmamasına dair təhvil-təslim işləri aparılıb”.

B.Məmmədov müqavilənin bağlanmasını, onu imzalanmasını təsdiqləsə də, orada göstərilən məbləği almadığını, bu səbəbdən banka ödəniş etmədiyini söyləyir.

Nərimanov rayon Məhkəməsi Fondun iddiasını rədd edib. Əsas kimi isə bu mübahisə ilə bağlı iddia qaldırma müddətinin ötürülməsi göstərilib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Əmanətlərin Sığortalanması Fondu Ali Məhkəməyə üz tutub. Bu instansiya əvvəlki qərarı ləğv edərək, işi apellyasiya məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin ikinci qərarı da əvvəlkindən fərqlənməyib, yenə fondun əleyhinə qərar çıxarılıb. Fond bir daha Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə isə yenə də əvvəlki kimi, onun şikayətini qismən təmin edərək, bir daha bu işi apellyasiya məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi mübahisəyə üçüncü dəfə baxıb qərar verməlidir.