Open Azerbaijan

Online Media

SOLTANLI VƏ CAHANGIRBƏYLININ BƏRPASI DÖVLƏTƏ NEÇƏYƏ BAŞA GƏLIB?

12.11.2026 / 101,5 milyon manatllıq Cahangirbəyli və Azərbaycanla Macarıstanın pullarının qarışdığı Soltanlı


Cahangirbəyli kəndi. Foto Azərtacdan götürülüb.



Son günlər ən çox müzakirə olunan məsələlərdən biri, Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinin memarlıq layihələridir. Hər iki kəndin açılışı 2026-ci il noyabrın 6-da baş tutub[1]. Açılışdan sonra kəndlərin ilk sakinləri ilə görüşlər də keçirilib[2]. Amma bu sakinlərin qayıdışının, daha doğrusu, bu kəndlərin bərpasının neçəyə başa gəlməsi haqda heç yerdə məlumat verilmir.

Dövlət satınalmaları reyestrində əks olunan rəqəmlərə görə, 242 məcburi köçkün ailəsinin Cahangirbəyli kəndinə köçürülməsinə 220 min manat xərclənib[3]. Soltanlı kəndiylə bağlı oxşar məlumat yoxdur, ancaq bu kəndlər arasındakı məsafənin 50 km-i keçmədiyini nəzərə alsaq, məbləğin eyni olduğunu təxmin edə bilərik. Bəs digər xərclər?

Dövlət büdcəsində ən çox vəsait ayrılan istiqamətlər, dövlət investisiyaları və Qarabağın bərpasıdır. Lakin bu vəsaitin məhz hansı layihələrə, necə xərcləndiyi, bir sözlə, xərclərin təfərrüatları qapalı saxlanır. Maliyyə Nazirliyi və Hesablama Palatası yalnız təsadüfi hallarda ümumi rəqəmləri paylaşmaqla kifayətlənir, sistemli hesabat yoxdur.

Digər bir problem isə xərc maddələrinin qeyri-şəffaflığı ilə bağlıdır. Hesablama Palatasının rəylərində tez-tez vurğulanır ki, eyni layihəyə aid xərclər fərqli büdcə maddələrində gizlənə bilər. Üstəlik, işlərin müxtəlif dövlət şirkətləri tərəfindən icra olunması konkret bir kənd və ya şəhər üzrə ümumi xərclərin hesablanmasını qeyri-mümkün edir. Nəticədə yeganə məlumat mənbəyi dövlət satınalmalarının reyestridir. Amma burda da bir sıra problemlər var. Məsələn, yolların tikintisi kimi iri layihələr çox vaxt subpodrat müqavilələri əsasında həyata keçirildiyindən həmin müqavilələri reyestrdə tapmaq mümkün deyil.

Bir sözlə, Qarabağla bağlı xərcləri dövlət büdcəsi sənədlərindən müəyyən etmək çətindir. Bununla belə, müəyyən ipucları var.

Cahangirbəylidəki tikintilərə aid tenderləri bir-birinə bağlı şirkətlər “udub”

Rəsmi məlumata görə, Cahangirbəyli kəndinin layihə sahəsi 179,54 hektardır[4]. Birinci mərhələdə 62,57 hektar ərazidə 242 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Bu evlərin 162-si birmərtəbəli (54-ü ikiotaqlı, 108-i üçotaqlı), 80-i isə ikimərtəbəlidir (70-i dördotaqlı, 10-u beşotaqlı). Layihədə hər bir fərdi yaşayış evi üçün ayrıca təsərrüfat sahəsinin və təsərrüfat tikilisinin yaradılması da qeyd olunub. Kənddə inzibati və çoxfunksiyalı binalar, bazar kompleksi, 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının inşası da başa çatıb.

İkinci mərhələyə dair detallı məlumat verilmir, açıq mənbələrdən başa düşmək olur ki, burada daha 331 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub[5]. Aşağıda qeyd olunan xərclər daha çox birinci mərhələ ilə bağlıdır.

HAŞİYƏ: Azərbaycan Milli Ensiklopediyasının məlumatına görə, işğala qədər kəndin 1000 nəfər əhalisi olub[6]. Layihəyə əsasən yalnız ilkin mərhələdə kənddə 1200, ikinci mərhələdə isə daha 1320 nəfər məskunlaşacaq.

Dövlət satınalmalar reyestrində Cahangirbəyli kəndinə aid 14 müqavilə görünür. Bu müqavilələr fərqli işlərlə bağlıdır. Kəndə aid ilk müqavilə hələ 2022-ci ilin aprel ayında imzalanıb. Həmin vaxt Ərazi-Tikinti Planlaşdırma Mərkəzi Cahangirbəyli kəndinin salınması üçün şəhərsalma layihəsinin hazırlanmasını sifariş edib. İşi “Qala Group” MMC 330 min AZN-ə yerinə yetirib. Bu şirkət 2011-ci ildən fəaliyyət göstərir və bir çox layihələrdə, o cümlədən, Füzuli şəhəri, “Sea Breeze” və s iştirak edib[7].

Kəndlə bağlı ikinci layihənin sifarişçisi Şərqi Zəngəzur üzrə 1 saylı bərpa, tikinti və idarəetmə qurumudur. Bu layihə çərçivəsində ərazinin ümumi şaquli planlaşdırılması üzrə torpaq işlərinin görülməsi nəzərdə tutulub. Layihə ilə bağlı tender 2023-cü ilin iyulunda keçirilib, qalib “Kəmalə-A” şirkəti olub. Müqaviləyə əsasən, şirkət 2,05 milyon manat almalı, işləri iki ay ərzində yekunlaşdırmalı idi. Maraqlıdır ki, həmin şirkət eyni vaxtda Qarabağda başqa bir layihəni də icra edib. Lakin bu müqavilələrdən sonra şirkətin hər hansı başqa bir iş görüb-görmədiyi məlum deyil, çünki satınalmalar reyestrində onun adına bir daha rast gəlinmir.

Növbəti tenderlər artıq birbaşa tikinti ilə əlaqəli olub. Yaşayış evlərinin tikintisi ilə bağlı açıq tender keçirilib, “Hünər-İnşaat” şirkəti qalıb elan edilib. 2024-cü ilin aprel ayında şirkətlə 30,8 milyon manatlıq müqavilə imzalanıb[8]. Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bu şirkətin kimə məxsus olmasıdır. Şirkətin qanuni nümayəndəsi Yunis Nəbiyevin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini Pərvin Nəbiyevin atası olduğunu yazırlar[9]. Yunis Nəbiyev əvvəllər “6-cı Mərtəbə” müstəqil şirkətinin də qanuni nümayəndəsi kimi çıxış edib (indi həmin şirkətin qanuni nümayəndəsi Atəş Təhməzovdur). Maraqlıdır ki, növbəti tenderin – “Cahangirbəyli kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” ilə bağlı müsabiqənin qalibi elə “6-cı mərtəbə” olub[10]. Bu müqavilənin dəyəri 13,8 milyon manat idi. Beləliklə, Cahangirbəyli kəndində həm yaşayış, həm də qeyri -yaşayış obyektlərinin tikintisinə aid müqavilələr bir-biri ilə əlaqəli iki şirkətlə bağlanıb.

“6-cı mərtəbə” şirkətinin rəhbəri Atəş İlahi oğlu Təhməzov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun qardaşıdır.

2026-cı ilin aprelində “Hünər-İnşaat” şirkəti Dövlət Əmək Müfəttişliyinin yoxlamalarına mane olmaqda ittiham edilərək, 2 min manat məbləğində cərimələnib[11]. Nəticədə, kənddə evlərin və binaların tikintisi ilə bağlı bütün işlər faktiki olaraq bir şəxsə -- A. Təhməzova verilib.

41 milyon manatlıq kommunal işlər üç şirkət arasında bölünüb

Kənddəki bütün kommunal işləri üç şirkət görüb: “Euroline” QSC (xarici su təchizatı və kanalizasiya), “İMA-Energy” MMC (elektrik xəttlərinin çəkilişi) və “Protean Construction” ASC (kənddaxili qaz, su və elektrik). Onların işi ümumillikdə təxminən 41 milyon manata başa gəlib.

Bu üç şirkəti birləşdirən ortaq cəhət onların sifarişçi dövlət qurumlarının daimi tərəfdaşları olmasıdır. Məsələn, “Euroline” QSC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsinin ənənəvi partnyorudur (satınalmalar reyestrində onların 20-yə yaxın birgə müqaviləsi mövcuddur). Hətta Cahangirbəyli kəndi ilə bağlı layihə açıq tender vasitəsilə deyil, məhz tək mənbə satınalma üsulu ilə həmin şirkətə həvalə edilib.

“İMA-Energy” MMC “Azərişıq” ASC-nin daimi tərəfdaşıdır. Şirkətin dövriyyəsinin əhəmiyyətli hissəsi məhz dövlət satınalmaları hesabına formalaşır. Rəsmi maliyyə hesabatlarına əsasən, 2024-cü ildə müəssisənin ümumi gəliri 53 milyon manat təşkil edib[12]. Şirkətin elə həmin il qalib gəldiyi tenderlərin ümumi dəyəri daha yüksək — 87,4 milyon manat olub (bu, bəzi layihələrin uzunmüddətliliyi ilə izah edilə bilər).

“Protean Construction” ASC da Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin vacib partnyorlarından biridir.

Kəndə aid daha iki müqavilə köməkçi obyektlərin tikintisi və yol, səki və yaşıllaşdırma ilə bağlıdır. Dəyəri 2 milyon manat olan birinci müqaviləni reallaşdıran “Az Techocon Group” MMC olub. İkinci müqavilənin dəyəri 11.2 milyon manatdır. Bu layihəni “SSAL-2” MMC reallaşdırıb.

Beləliklə, Cahangirbəyli kəndində həyata keçirilmiş işlərin təxmini ümumi dəyəri 101,5 milyon manatdır.

Sosial və xarici kommunal infrastruktur da bura daxildir və bunları çıxsaq, bir fərdi yaşayış evinin orta dəyəri 216.6 min AZN olur. Yalnız “Hünər-İnşaat” şirkətinin tikinti işlərini nəzərə alsaq, orta dəyər 127 min AZN alınır (bir otağın dəyəri 46.6 min AZN).

114,5 milyonluq müqavilə iki şirkətə verilib

Soltanlı kəndində vəziyyət bir qədər fərqlidir. Cahangirbəyli kəndində ayrı-ayrı işlər tenderlərlə bölünmüşdüsə, Soltanlıda bir müqavilə bir neçə işi əhatə edib:

1. Fərdi yaşayış evlərinin tikintisi;
2. Qeyri-yaşayış obyektlərinin tikintisi;
3. Sahədaxili və xarici mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, rabitə şəbəkəsi, elektrik təchizatı və qaz xətti) təşkili;
4. Yol və səkilərin (yaşıllaşdırma, abadlıq) işlərinin satın alınması.

Yəni Cahangirbəyli kəndində 4 fərqli müqavilədən ibarət olan işlər Soltanlıda bir müqaviləyə daxil edilib və ümumi dəyəri 114,5 milyon manat təşkil edən müqavilə cəmi iki şirkətlə bağlanıb, həm də tendersiz…

Bu “əhatəli” müqavilə “KESZ Group Azerbaijan” MMC və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC ilə bağlanıb. Birinci şirkət Macarıstanın məşhur tikinti holdinqi olan "KÉSZ Group"un Azərbaycandakı rəsmi, özəl törəmə şirkətidir, 2024-cü ildə yaranıb, 2025-ci ilin avqustundan Soltanlı kəndində işə başlayıb.

Soltanlının bərpasında Macarıstan hökumətinin pulları

Maraqlı məqamlardan biri də budur ki, Soltanlı kəndində məktəbin layihələndirilməsi və yaşayış binalarının tikintisi üçün Macarıstan hökuməti böyük vəsaitlər ayırıb. “Magyar Hang” qəzeti hələ 2025-ci ilin dekabrında araşdırmışdı ki, ölkənin Xarici İşlər və Ticarət Nazirliyi Hungary Helps Ügynökség Nonprofit Zrt. humanitar təşkilatı vasitəsilə Soltanlıdakı layihələr üçün təxminən 100 milyon avro vəsait ayırıb.[13] Həmçinin, Macarıstanın keçmiş xarici işlər naziri Peter Szijjarto 2023-cü il noyabrın 24-də Soltanlının təməlqoyma mərasimində iştirk edib.[14]

Doğrudan da, Macarıstanın Dövlət Vəsaitləri Reyestrində Soltanlı ilə bağlı üç müqavilə qeydiyyatdan keçib[15]. Bunlardan birincisi Soltanlıda məktəbin layihələndirilməsinə dəstək layihəsidir ki, buna 1,35 milyard forint (7,13 milyon manat) ayrılıb. Layihənin 2024-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

İkinci layihə isə “Azərbaycanın Soltanlı kəndinin yenidən qurulması çərçivəsində tikinti işlərinin həyata keçirilməsi” adlanır və müqavilənin dəyəri 27,64 milyard forintdir (145,8 milyon manat). Müqavilə üzrə işlərin 2025-ci ilin sentyabrında başlaması və 2028-ci ilin fevralında başa çatması qeyd olunur.

Üçüncü müqavilə isə “Azərbaycanın Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması çərçivəsində yaşayış binalarının tikintisi” adlanır. Onun dəyəri 10 milyard forintdir (52,8 milyon manat). Bu layihənin də 2025-ci ilin sentyabrında başlanması və 2028-ci ilin martında başa çatması sənədlərdə qeyd olunur.

Bununla belə, Macarıstan dövlətinin ayırdığı vəsaitlərin xərclənməsi haqqında heç bir məlumat yoxdur.

Onu da qeyd edək ki, Soltanlı qəsəbəsinin açılışı ilə bağlı məlumatlarda məktəblə bağlı hər hansı qeyd və görüntü yoxdur.

Soltanlı kəndiylə bağlı layihənin[16] birinci mərhələsində kənddə ümumilikdə 108 hektar ərazidə, hər birinin 12 sot həyətyanı sahəsi və həmin sahədə köməkçi tikilisi olmaqla 420 fərdi yaşayış evi (80-i 2 otaqlı, 200-ü 3 otaqlı, 110-u 4 otaqlı, 30-u isə 5 otaqlı fərdi ev), 140 yerlik uşaq bağçası, çoxfunksiyalı bina, inzibati bina, həkim-tibb məntəqəsi, bayraq meydanı və digər sosial infrastruktur obyektlərinin yaradılacağı qeyd olunub.

Açıq mənbələrdə olan məlumatlara görə, bu kəndin qəsəbəyə çevrilməsi planlanır, çünki kənddə ümumillikdə 496 fərdi yaşayış evi, həmçinin 1044 mənzildən ibarət 4-5 mərtəbəli bina da tikilməlidir.

HAŞİYƏ: 1980-ci illərdə kəndin əhalisi 1885 nəfər idisə[17], indi kənddə 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı gözlənilir[18].

2 kənd - 218,5 milyon manat üstəgəl 100 milyon avro

Sosial şəbəkələrdə qaynar müzakirələrə səbəb olan, Soltanlı kəndinin layihələndirilməsinin bir neçə mərhələdə həyata keçirilməsi və bu işə ağlasığmaz vəsaitin sərf olunmasıdır. Gəlin mərhələlərə baxaq: Soltanlı kəndinin şəhərsalma əsaslandırılması üçün konseptual həllin, binaların memarlıq həllərinin (planlar və fasadlar) hazırlanması işləri 2023-cü ilin oktyabrında Macarıstanın mühəndislik və dizayn şirkəti olan “bim.Group Kft”yə həvalə olunub və bu ilkin layihə üçün əcnəbi şirkətə 546 min AZN ödənilib.

Paralel olaraq, Bakı Dövlət Layihə İnstitutu ərazinin topoqrafik xəritəsinin, şəhərsalma əsaslandırılmasının və izahat yazısının hazırlanmasını həyata keçirib ki, bu da əlavə 183 min manata başa gəlib.

Konseptual həll hazırlandıqdan sonra, Bakı Dövlət Layihə İnstitutu kəndin əsas layihələndirmə xidmətlərini yerinə yetirib və bu iş üçün daha 1,2 milyon manat vəsait ayrılıb. Tikinti mərhələsində isə Bakı Dövlət Layihə İnstitutu tikinti-quraşdırma işlərinə müəllif nəzarətini təmin edib və buna görə əlavə 247 min manat alıb. Beləliklə, layihələndirmə işlərinin ümumi dəyəri bütövlükdə təxminən 2,2 milyon manat təşkil edib.

Soltanlı üçün Macarıstan hökumətinin ayırdığı vəsaitlərin taleyi isə aydın deyil. Ümumiyyətlə, bu vəsaitlər ödənilibmi? Ödənilibsə, nə qədər ödənilib? Müqavilələr Macarıstanda Viktor Orbanın hakimiyyəti dövründə bağlanıb. Yeni hökumət bu layihələrin davam etdirilməsində nə qədər maraqlı olacaq? Bu barədə növbəti araşdırmamızda oxuya bilərsiniz.