Rashad Hasanov

Economic Expert

İQTISADIYYATIN "NAXÇIVAN MODELLƏRI"

27.01.2023 / İcbari ixrac, “mafiyyət”, Bakıya daşıma və s…

İcbari ixrac Vasif Talıbov idarəteməsinin son ixtiralarından idi. Yerli hakimiyyətin 2022-ci ilin əvvəllərindən tətbiq eləməyə başladığı qaydaya görə, Türkiyəyə Naxçıvandan getmək istəyənlər özləriylə mütləq yerli məhsul aparmalı, bununla da “Naxçıvan iqtisadiyyatını inkişaf etdirməli” idilər. Qayda ilə bağlı hər hansı rəsmi elan çap olunmamışdı, amma sərhəddən keçənlərin özləriylə məhsul aparması mütləq tələb idi. Bu öhdəliyi yerinə yetirmək məcburiyyətində qalan naxçıvanlılar Türkiyəyə gedəndə əllərinə keçən ən ucuz kənd təsərrüfatı məhsulunu alır (israfı minimuma endirmək üçün ot presi aparanlar da olurmuş), Naxçıvan gömrüyündən o tərəfə atlayan kimi atırdılar (Türkiyədə elə məhsullara ehtiyac olmadığını hamı bilir). Şahidlərin dediyinə görə, nəticədə Naxçıvanla Türkiyəni bağlayan Sədərək gömrük keçid məntəqəsinin yaxınlığında kənd təsərrüfatı məhsullarının tullantılarından ibarət zibilliklər yaranıb. Bu qeyri-rəsmi “qanun” (Naxçıvanın son otuz ili şifahi qaydaların yazılı qanunlardan üstün tutulduğu dövr oldu) təxminən bir ay əvvəl—2022-ci ilin dekabrında, Talıbovlar sülaləsinin hakimiyətinə “stop” qoyulandan sonra “qüvvədən düşüb” .

Naxçıvanlıların gəlir əldə etmək yollarından biri “mafiyət” idi

Əslində harasa səfər edərkən nə isə aparmaq, daha doğrusu, kimlərinsə yükünü daşımaq naxçıvanlılara yad deyil. Hələ müstəqilliyin ilk çağlarında (90-cı illərin əvvəlləri) İranla sərhədin açılması, İran tərəfinin konservativ idxal siyasəti və Naxçıvan əhalisinin əsas iqtisadiyyatdan (Azərbaycandan) izolyasiyada qalması bir sıra maraqlı dolanışıq modellərinin ortaya çıxmasına səbəb olmuşdu. Məsələn, mövcud baryerləri atlayaraq qazanmağa çalışan naxçıvanlı və iranlı sahibkarlar aralarında razılaşır, İrana idxalı qadağan olunan, daha doğrusu, yerlilərin idxal eləməsinə icazə verilməyən məhsulları İrana keçirməyə nail olurdular. İranda böyük tələbatı olan bir sıra məhsullar, misal üçün, Yaponiya televizorları, audio və video maqintofonlar, yaxud Şrilanka çayları, pal-paltar kimi yüzlərlə məhsul əvvəl Naxçıvana idxal edilirdi. Sonra bu məhsullar müəyyən şəxslər—naxçıvanlılar arasında paylanır, hər kəs qoyulan limitə uyğun həddə yükünü İran tərəfə keçirir, məhsulun toplanmasına məsul şəxsə verib, əvəzində pul alırdı.

Xalq arasında bu mexanizm “mafiyyət” adlanırdı. Fars dilində “موافییت “ şəklində yazılan “müafiyyət” kəlməsi azərbaycancaya “istisna olmaq”, “özünü ayrı tutmaq” şəklində tərcümə edilir. Yəqin ki, Culfa gömrük məntəqəsindən keçərkən idxalına qadağa qoyulmuş məhsulun əsl sahibi özünü malı daşıyanlardan ayrı tutduğuna görə bu ticarət növünü belə adlandırmışdılar.

“Mafiyyət” bir müddət Naxçıvan əhalisinin rifahında nəfəslik rolunu oynadı. O dövrdə Azərbaycanda, o cümlədən Naxçıvanda effektiv gömrük mexanizminin olmaması, korrupsiyanın geniş yayılması İranda böyük tələbatla qarşılanan məhsulların daha aşağı xərclə alınmasına imkan verir, əhali qanunlardakı istisnaları fürsətə çevirməklə gəlir əldə edirdi. “Mafiyyət” naxçıvanlılar arasında geniş yayılmışdı, Muxtar Respublikada xeyli ailə bu yolla qazanırdı. Məhsulun keçirilə bilən həddi adambaşına müəyyən edildiyindən biznesdə bəzən bütün ailə üzvləri, o cümlədən uşaqlar da iştirak edirdilər. “Pasport başına gəlir” ifadəsi məhz o zaman məşhur idi.

Sonralar artan tələbi (keçmək istəyən vətəndaş müraciətlərini) tənzimləmək üçün gömrükdə bir ailəyə ay ərzində bir dəfə limiti tətbiq edilməyə başladı. Ancaq 2000-ci illərin əvvəllərində bu biznes modeli yerli rəhbərlik tərəfindən ləğv edildi. “Mafiyyət”lə bağlı yaranmış Arazqırağı biznes obyektləri (dükanlar, anbarlar) isə heç kimin mülkiyyət hüququ tanınmadan söküldü...

Avtomobillərə əlavə yanacaq bakları quraşdırıldı

Naxçıvanda sərhədi yüklə keçmək, yüklə səfər etmək “institutunun” dərinləşməsinə səbəb tək “mafiyət” modeli deyildi. 90-cı illərin 2-ci yarısında naxçıvanlılar həm də Türkiyəyə yanacaq daşımaqla gəlir əldə edirdilər. Yanacaq Naxçıvanda Türkiyə ilə müqayisədə ucuz olduğundan fərdi maşınları ilə qonşu ölkəyə səfər edən naxçıvanlılar əvvəl öz yanacaqlarını (avtomobilin yanacaq bakında olanı) satırdılar. Sonra bu ticarət hər iki tərəfin biznesmenlərini, hətta məmurları cəlb etdi və qısa zaman kəsiyində ciddi transsərhəd ticarət növü ortaya çıxdı. Bakı iri olan bütün avtomobillər işə yaradığından camaat istifadədən çıxarılmış yük və yaxud sərnişindaşıma avtomobillərini belə, təmirə aparır, düzəltdirir, işlək hala salıb, dövlət qeydiyyat nömrələrini siyahılara daxil etdirirdi. Köhnə avtomobillər bir yana, bəzən texniki tələbləri pozub, avtomobillərə çoxlu sayda əlavə yanacaq bakları quraşdırır, beləliklə, Türkiyəyə bacardıqları qədər yanacaq daşımağa çalışırdılar.

Bu imkandan yararlanmaq istəyənlərin sayı artdıqca sərhəd məntəqələrindəki nizam-intizamsızlıq da artır, avtomobil növbələri uzandıqca uzanırdı. Sərhəd işçiləri bu qəfil növbələri tənzimləyə bilməzdilər. Sədərək gömrük məntəqəsinə kim daha tez çatırdısa, o irəli düşürdü. Səhədkeçmə prosesinin uzunmüddətli olması, insanların gömrük keçid məntəqəsinə səhərin ala-toranında yetişməyə çalışmasından qaynaqlanan çətinliklər yeni ticarət predmetinin ortaya çıxmasına səbəb oldu. Məntəqəyə daha erkən çatmaq imkanı olanlar tutduqları növbələri başqalarına satmağa başladılar.

Ancaq inzibatçılıq və inzibatçılar gücləndikcə, qaydaları pozmaq imkanları məhdudlaşdıqca sadalanan mexanizmlərin hamısı “süqut etdi”. Az sonra Naxçıvanda yeni istiqamət üzrə yükdaşıma, yeni “başqasının yükünü daşıma mexanizmi” formalaşdı.

Naxçıvandan Bakıya daşıma biznesi

Bu dəfə əhali Naxçıvana daha əverişli şərtlərlə idxal olunan məhsullar, yaxud da Naxçıvanda istehsal olunan, lakin kimlərinsə (məmurların, ya da məmurların himayə etdikləri qohumlarının, tanışlarının) inhisarında olan malların Bakıya çatdırılması işinə əl atdı. Naxçıvandan Bakıya səfər edənlər “fərdi istifadə məqsədiylə” adı altında kimlərinsə mallarını aparmağa başladılar. Belə daşımalar fərdi tanışlıq, qohumluq münasibətləri çərçivəsində ödənişsiz, bəzən isə ödənişli formada həyata keçirilir. Bakı şəhərinin pivə evlərində məhşur olan Araz balığı və yaxud Naxçıvan xərçənginin bənzər formada daşınması təşkil edilir. Və digər mexanizmlər 2000-ci illərin əvvələrində sonlandırılsa da, Naxçıvan-Bakı yolu son günlərə qədər istifadə olunub.

Sadalanan “biznes modelləri” iştirakçı tərəflərin maraqları çərçivəsində baş verirdi. Yəni, mallarını İrana daşıtdıran sahibkarla yanaşı bu daşımanı həyata keçirən naxçıvanlılar da qazanırdılar. Tükiyəyə yanacaq keçirən vətəndaş və yaxud sahibkar qarşılığında müəyyən mənfəət götürürdü. Lakin 2022-ci ildən tətbiqinə başlanılan “icbari ixrac” yalnız bir tərəfin—Talıbovlar ailəsi və onun ətrafının qazanması, Türkiyəyə səfər etmək istəyən naxçıvanlılarınsa itirməsi ilə nəticələnirdi, bu prosesdə vətəndaşın azad seçim hüququ yox idi.

Naxçıvanda süni qıtlıq və qiymət artımına şərait yaradılırdı

Naxçıvandakı hakim ailənin icbari ixracda maraqlarını aşağıdakı kimi qruplaşdırmaq olar:

- Böyük ölçüdə qapalı olan Muxtar Respublikanın məhdud resurlarının, bu halda kənd təsərüfatı məhsullarının ixracı daxili bazarda süni tələb yaradır, bu isə öz növbəsində süni qıtlıq və qiymət artımına yol açırdı. Hakim ailə bu məqsədini yüksək səviyyədə təmin edə bilmişdi. Yerli sakinlərin mediaya verdiyi açıqlamalara görə, “kartof Türkiyədə 60 qəpik olduğu halda, Naxçıvanda 1 manat 20 qəpikdən, 70 qəpiyə satılan makaron isə Naxçıvanda 1 manat 50 qəpikdən satışa çıxarılır. İranda 20-30 qəpik olan eyni kartofu Naxçıvanda əhaliyə 1-2 manatdan satırlar. İranda 40-50 qəpiyə satılan xiyar və pomidorun qiyməti Naxçıvanda 3-5 manatdan aşağı olmur”. Artan ərzaq qiymətləri “hər şey ailənindir” adlandırılan iqtisadi modeldə dolayısı ilə Talıbovların gəlirlərini bir az da artırırdı. (Son hadisələr zamanı Naxçıvanda baş verənləri daha yaxından izləyən araşdırmaçı jurnalist Heydər Oğuza görə, Talıbovların hakimiyyətsizləşdirilməsindən sonra bölgədə qiymətlər düşməyə başlayıb.)

- İcbari ixracın yaratdığı fake “ixrac nailiyyətləri” Naxçıvanın eks rəhbərliyinin mərkəzi hakimiyyətin gözündəki mövqeyini möhkəmləndirməli idi. Bütün narazılıq, özbaşınalıq və hüquqsuzluqlara baxmayaraq, Muxtar Respublikaya 27 il rəhbərlik edən V. Talıbov hakimiyyətini belə şeylərlə uzatmağa alışmışdı.

“İcbari ixrac” kimi absurd yanaşmanın işləməsinə səbəb nə idi?

Əslində bunun səbəbləri daha geniş təhlillərin mövzusudur. Qısa şəkildə onu demək olar ki, Sovetlər sonrası Naxçıvanda az da olsa tarazlığa yaxın dövlət-xalq münasibətləri yerini zamanla despotizmə verdi. Despotizm soyuq hava kimi, sümüklərə qədər yayılırdı. Əvvəlcə mərhələlərlə “mafiyət” mexanizmi, sonra Türkiyəyə yanacaq daşıma imkanı ləğv edildi. Sonra təndirlər (təndirlər sökülənə—2000-ci illərin əvvəllərinə qədər Naxçıvan əhalisinin kəndlərdə yaşayan hissəsi çörəyini öz təndirində bişirirdi), tövlələr, eləcə də başqa yardımçı təsərrüfat binaları söküldü, kəndlərdə çayxanaların, gündəlik tələbat malları mağazalarının fəaliyyəti qadağan edildi. Asudə vaxtın iməciliklərdə keçirilməsi məcburiyyəti, gömrüklərdə “gətirə bilməzsən”, “apara bilməzsən” qaydalarının tətbiqi, Azərbaycan dövlət nömrə nişanlı avtomobillə Naxçıvanda “15 gündən artıq qala bilməzsən” kimi şifahi tapşırıqlar getdikcə daha kəskin—öz həyətyanı sahəndə ağac kəsməyin cəzasının həbsə çevrilməsi, yas məclislərinin keçirilməsi ənənələrinə müdaxilə və ən nəhayət, “icbari ixrac” tələbi ilə əvəzləndi.

Bütün bu proseslərə paralel şəkildə köç gedirdi—Muxtar Respublika əhalisi torpaqlarını tədricən tərk edirdi. Nəticədə Tükiyənin müxtəlif bölgələrində, Bakı qəsəbələrində naxçıvanlılardan ibarət icmalar yarandı. Türkiyədə işləməyə gedənlər ardınca ailələrini də aparıb, bəzən qanunsuz şəkildə məskunlaşmalı oldular. Abşeron rayonunun Masazır qəsəbəsi, Binə qəsəbəsinin “Atçılıq” massivi, Ramanı, Buzovna, Hövsan naxçıvanlıların ən çox məskunlaşdığı bölgələrə çevrildilər.

Təxmini hesablamalara görə Naxçıvanda əhalinin 35-40 faizi, yaxud hər 5 nəfərdən 2-si vətənindən getməli olub.