Nurlan Huseynov

Freelance Jourlanist

SOVET IŞĞALI - MILLI SIYASƏTIN MƏĞLUBIYYƏTININ NƏTICƏSI KIMI

24.05.2017 / 1920-ci il işğalı Azərbaycana nələr gətirdi və nələri apardı...

Bu il 28 aprel, Azərbaycan Cümhuriyyətinin Sovet qoşunları tərəfindən işğalı günü əvvəlki illərlə müqayisədə daha geniş müzakirə olundu. Gün boyu Facebookda uzun müzakirələr getdi. Hətta internet televiziyalarında biri Vahid Azərbaycan Kommunist Partiyasının sədrini qonaq çağırmışdı.

Bu müzakirələrdə bir qrup solçu, kommunist 28 aprel gününün işğal olmadığını sübut etməyə çalışdılar. Onlar müxtəlif arqumentlər gətirərək, əslində 1920-ci ilin həmin günündə Azərbaycanın könüllü olaraq Sovet ailəsinə qoşulduğunu iddia etdilər. Müzakirə qızışınca isə cümhuriyyətə və onun ideoloqlarına, ilk milli hökumətə qarşı olduqlarını gizlədə bilmədilər. Bununla da məsələnin əsl mahiyyəti üzə çıxdı.

Bütün bunların təsadüfi olmadığını, hansı hadisələrin nəticəsində yarandığını, bu insanların kimlərdən faydalandığını və hansı ideyaların varisliyini daşıdığını görmək üçün hadisələrin baş verdiyi yüz il əvvələ nəzər salmaq lazımdı.

Bir əsr öncə biz

Məmməd Əmin Rəsulzadə 1917-ci ildə “Finlandiyadan dərs” adlı məqaləsində bunları yazırdı: “Finlandiya parlamenti Rusiyadakı müvəqqəti hökumətin qərarını gözləmədən öz müstəqilliyinə səs verdi. Hazırda milli siyasət ən güclü Finlandiyada işləyir. Özü də onu Sosial Demokratlar işlədir. Bəs görəsən onların beynəlmiləl ideyaları yoxdur? Bu suala Finlandiya Sosial Demokratları öz əməlləri ilə bu cavabı verdilər: Hər millətin demokratiyası öz milli məsələsini həll etdikdən sonra beynəlmilliyyətə doğru yürüyə bilər.”

Gənc yaşlarından milli ideyalar mübarizəsinin əsas xəttini təşkil edən və tədricən bir başa müstəqillik istəyi ilə çıxış edən Rəsulzadə, rəqibləri, həmçinin milli müstəqillik fikrini qəbul etməyən həmvətənlilərinə müstəqillik ideyasının əslində xəyanət, ayrımçı və ya naqis yol olmadığını göstərmək üçün milli və ictimai şüuru daha çox inkişaf etmiş millətlərin siyasi qərarlarından misallar gətirməklə sübut etmək istəyirdi. Bu mövzuda Rəsulzadə yazdığı müxtəlif yazılarında Gürcüstanı, Ukrayna radasını və yəhudi Sosial Demokrat Partiyasını nümunə göstərirdi. Məsələn, yəhudilərlə bağlı qeyd edirdi ki, Yəhudi Sosial Demokrat Partiyası öz məqsədinin dünyadakı yəhudiləri bir araya toplayıb, onlara Fələstində dövlət yaratmaq olduğunu açıq elan edib.

Bizdə isə 20-ci əsrin əvvəllərinə milli şüurunun çox zəif olduğu, milli hökumət ərsəyə gətirmək, müstəqillik və azadlıq əldə etmək üçün dünya siyasətinin balaca xalqlar üçün son dərəcə müstəsna fürsət yaratmasının əhəmiyyətini anlamadan özlərini sosializm və kommunizm ideyasına həsr etmiş yerli siyasilər qızğınlıqla Azərbaycan ideyasının əleyhinə olanlarla birgə fəaliyyət içində idilər. Halbuki artıq qonşu xalqların siyasətçiləri çoxunluqla milli ideyaya qarşı çıxanları dışlayıb öz milli respublikalarını qurmaq yolunu tutmuşdular.

Kommunistlərin öz ideyalarına xələf çıxması

1910-larda Rusiyada çar rejiminə qarşı mübarizəyə yerli xalqları cəlb etmək məqsədilə Lenin xalqların öz müqəddəratını təyin etmək hüququnun olduğunu elan etdikdən sonra, bölgədəki muxtariyyət və müstəqillik arzuları daha da ciddiləşdi. Leninə sadəcə Rusiyada çar rejiminə qarşı mübarizədə istifadə etmək üçün lazım olan bu siyasi gediş, müstəqillik ideyası ilə çıxış edənlər üçün həm də hüquqi-siyasi əsas yaratdı. Ancaq bir tərəfdən xalqların öz müqəddəratını təyin etmə azadlığı elan olunsa da, digər tərəfdən Rusiyada heç bir qəzet və partiya xalqların azadlıq mübarizəsini bəyənmir, heç bir vəchlə bölgəni Rusiyadan ayrı görmək istəmir və buna imkan verilməyəcəyinə eyham vururdular. Yerli bolşeviklərsə mərkəzin tapşırıq və niyyətlərini reallaşdırmaq funksiyasını yerinə yetirirdilər. Bu vəziyyət ingilis komandanlığının Azərbaycan hökumətini qanuni hökumət kimi tanımasına qədər də belə davam etdi.

“Bizim Muxtariyyətimiz və Bakı bolşevikləri” yazısında isə Məmməd Əmin Rəsulzadə bunları yazırdı: “Əcaba, nərədə qaldı bolşeviklərin bütün dünya qarşısında elədikləri elan ki, dərəceyi-mədəniyyətlərinə baxmayaraq bütün dünya millətlərinin muxtariyyət və istiqlal həqqləri var? Rusiya millətlərinin həqqi-muxtariyyətləri o demək deyildir ki, Rusiya millətləri velikorus dvoryanlarının keyfindən qurtarıb velikorus əmələlərinin (fəhlə) keyfinə tabe olsunlar”.

Doğrudan da məsələnin mahiyyəti elə bundan da ibarət oldu. Sovetlərin çarizmdən fərqlənməyən imperiya siyasəti Atatürk hökuməti ilə Rusiya arasında 1920-ci ildə bağlanan müqavilədə bolşeviklərin türklərdən Cənubi Qafqaza azad müdaxilə üçün razılıq istəməsində də özünü göstərmişdi.

Rəsulzadənin milli siyasəti və nəticələri

Rəsulzadə bu mənada dövrünün ən uzaq görən siyasətçilərindən idi. Finlər, yəhudilər, ukraynlar, gürcülərin milli müstəqil respublika qurmaq təşəbbüsləri xeyli təbii idi, çünki bu cəmiyyətlər bizimlə müqayisədə bir çox baxımdan öndə idilər, milli və siyasi şüurları kifayət qədər formalaşmışdı, bizdən illər əvvəl siyasi partiyaları yaradılmışdı. Rəsulzadənin isə dağınıq, cahil, milli kimliyi, ictimai-siyasi şüuru tam formalaşmayan bir toplumdan çıxması və qabaqcıl xalqların milli ideoloq və siyasətçiləri səviyyəsində öncəgörməsi və mübarizəsi müstəsna bir hal idi. Öz davasında da o, qabaqcıl xalqların mübarizəsini nümunə göstərmək və eynisinə burda da nail olmağın vacibliyini vurğulamaqla, həm də aid olduğu cəmiyyəti çox böyük bir məsafədə irəli aparmış, onun adının həmin dövrdə respublika qurmuş xalqların adı ilə yanaşı çəkilməsinə nail olmuşdu. Bu məğrur mübarizənin nəticəsində də Azərbaycan Sovetlərə respublika kimi daxil oldu. Onun fəaliyyətinə nəzər yetirəndə aydın görünür ki, Rəsulzadənin mübarizəsi olmasaydı Azərbaycan nəinki Sovetlərə respublika kimi daxil ola bilməzdi, hətta Ermənistan və Gürcüstan hazırkı ərazilərimizin bir hissəsinə sahiblənmişdilər.

Ancaq o zamankı toplumda çox az adam siyasi öncəgörməyə sahib idi, əksinə bir istibdadı başqa istibdadla əvəz edən işğal zəncirinin halqaları olmalarını sona qədər dərk edə bilməyənlərin qızğın meydanı hökm sürürdü. Onlar bu siyasi vəziyyətin əsl mahiyyətinin nəyə xidmət etdiyini dərk edə bilmədilər və sinif mübarizəsini milli maraqdan üstün tutub, özlərini həmin ideyaya həsr edib respublikanın doğuluşuna hər cür maneçilik yaradıb, bütün çətinliklərə baxmayaraq yaranmış respublikanın süqutuna hər cür vasitəçilik etdilər. Nəhayətdə Azərbaycan Demokratik Respublikası Rus qoşunlarının ölkəyə girməsi nəticəsində süqut etdi. Hər şey isə Rəsulzadənin təxmin etdiyi kimi yekunlaşdı. Qafqaz xalqları Çar Rusiyasının pəncəsindən qurtulub Sovet Rusiyasının tərkibinə daxil edildi. Bir işğalı başqa işğal əvəz etdi və “qələbə”yə sevinməyə macal tapmamış, özünü bu işğala alət etmiş adamların əksəriyyəti məhz həmin işğalçının əli ilə çox acınacaqlı şəkildə həyatlarından oldular. Ruslar öz imperialist ideyalarını bu dəfə başqa ideya altında həyata keçirib, yenidən Qafqaz xalqlarını işğal etdilər. Yalnız Finlandiya ilə axıra qədər bacara bilmədilər.

Sovet tarixinin xalq düşmənləri

Sonra məğlublar və onların ideyaları məhv edildi, daha sonra isə işğalın ideoloji tarixi yazılmalı idi. Bu tarix isə başdan ayağa saxta idi və ideologiya üzərində qurulduğu, ideoloji baxışı ifadə etdiyi üçün imperiya işğalını əsaslandırmaq məqsədi daşıyırdı. Bu tarixdə milli müstəqillik ideyasını, onun tərəfdarlarını bolşevik terrorunda məhv edib, sonra da uzun illər onları öz xalqlarına xəyanətçi kimi təqdim etdilər.

Tarixi obyektiv şəkildə deyil, sovet ideoloqlarının, imperiya təbliğatçılarının yazdığı kitablardan oxuyanlar isə bu gün həmin kif basmış tarixin dili ilə çıxış edir, üstündən yüz il keçməsinə baxmayaraq dövlət terrorunun arqumentləri ilə milli müstəqillik tarixinə xor münasibət bəsləməyə davam edirlər. Bu günlərdə solçu və kommunistlər tərəfindən səsləndirilən arqumentlər vaxtilə məhz Sovet dövlət terror aparatının milli ideologiyaya qarşı istifadə etdiyi hökmlərdi. İndi bu insanlar ölkənin ziyalı və intellektual nəslinin güllələnmə ittihamlarını 28 aprel işğalını əsaslandıran arqument kimi səslədirirlər.

Milli hökumətə qarşı istifadə edilən ən geniş arqument onun bəy-xan hökuməti olmasıdır. Bu o arqumentdir ki, Sovet terroru bu arqumentlə minlərlə insanı qətl etmişdi. Bu gün heç bir narahatçılıq keçirmədən həmin arqumentləri istifadə edən insanların yanaşmasını 1937-ci ilin mahiyyətindən nə fərqləndirir? Bu adamlar tarixi işğalçı imperiyanın, rus, erməni və gürcü bolşeviklərinin yazdığı kitablardan yox, həm də başqa mənbələrdən oxusalar tarixlə obyektiv tanışlıqları da yaranmış olardı və hadisələrdən yüz il keçməsinə baxmayaraq bolşevik terror və qətliamını əsaslandıran arqumentləri istifadə etməkdən çəkinərdilər.

Rəsulzadə hələ vaxtında bütün bu arqumentlərin hamısına cavab vermişdi. O bu haqda belə yazırdı ki: “Bizə bəy-xan hökuməti yarlığı yapışdırıblar. Bu nə deməkdir? Bizim gördüyümüz işlər və məramımız ortadadır. Necə bir hökumət olduğumuzu da onlara əsaslanaraq hər bir kəs müəyyənləşdirə bilər. Müstəqilliyə açıqdan açığa qarşı çıxmaq olmur, deməli müstəqilliyi istəyən partiyanı ləkələmək lazımdı”.

Yeri gəlmişkən ADR-ə qarşı irəli sürülmüş arqumentlərdən biri də torpaq məsələsidir. Rəsulzadənin bəhs etdiyi həmin məramnamədə göstərilirdi ki, torpaqlar birdəfəlik istifadəsi üçün kəndlilərə veriləcək. Dövlət isə vergidən qazandığı pul hesabına torpaqları əllərindən alınmış torpaq sahiblərinə kompensasiya ödəyəcək.

Bəs Sovet işğalı bizə nə verdi?

Sözsüz ki, hər bir işğalçı və müstəmləkəçi zor gücünə tutduğu yerlərə həm də sahib olduğu üstün dəyərləri də gətirir. Ancaq bu işğal və sümürgəçilik, heç bir halda yerli xalqa qarşı aparılan terrora əsas qazandıra bilməz. Bu günlərdə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun Əlcəzairdəki Fransız müstəmləkəçiliyinə görə üzr istəməsi, ümumilikdə mədəni dünyanın müstəmləkəçilik tarixinə yanaşma tərzidir.

Bəli, Sovet hökuməti İran ümmətçiliyindən qopub millət olma mərhələsindəki cəmiyyətə fayda gətirdi, ancaq bu fayda yalnız dövlət və millət olmanın ilkin çağı ilə müqayisədə fayda idi. Sovet hökuməti yalnız İrandan qopmuş Azərbaycanla müqayisədə, İrana alternativ olmaqda faydalı idi. Lakin bu o demək deyil ki, Azərbaycana müstəqil yaşamağa imkan verilsəydi, lazım olan tərəqqini əldə edə bilməyəcəkdi və bu yalnız Sovet hakimiyyəti sayəsində mümkün idi. Başda Rəsulzadə olmaqla respublikanı qurmuş adamlar millət və dövlət tərəqqisi üçün lazım olan yoldan xəbərdar idilər və onu geci-tezi bir başa öz əməyi ilə xalqa qazandıracaqdılar. Onun bünövrəsini demokratik dövlət qurmaqla qoymuşdular. Bunu o adamların bioqrafiyaları, siyasi mübarizələri və o dövrdə görülən işlərlə tanış olan obyektiv insanlar təsdiqləyə bilər. Milli intellektual zümrə məhv edilməsə, fikir tarixi yarıda qırılmasa, ənənə tədricən davam edib böyüyə bilsəydi ölkə özünün təbii inkişafını yaşayacaqdı. Belə olan halda bu ziyalıların yerini də qapalı ölkənin partiya ideologiyasının yetişdirdiyi saxta ədəbiyyatçı və intellektuallar tutmayacaqdı.

Bu günün bizləri

İndi kimlərinsə 28 apreli ölkənin işğal tarixi hesab etməməsi, milli mübarizə tarixini, ilk respublikanı işğalçının yanaşması ilə zorakı və süqut etməli olan bir dövlət kimi görməsi təsadüfi deyil. Bu gün bu fikirlərin var olma səbəbi, yüz il qabaq bolşeviklərin Tiflis menşevikləri ilə bacarmayıb Bakıya axışma səbəblərindən qaynaqlanır. Məhz bu səbəblərdən Gürcüstan ilk müstəqil respublika olmuş və ən gec müstəqilliyini itirmişdi. Əsas səbəb milli və siyasi şüur idi. Bu isə həmin dövrdə bizdə necə yetərincə deyildisə, bu gün də vəziyyət eynidir. Ancaq bir mühüm məqam başqadır. O dövrdə dağınıq bir ərazidən, dağınıq bir toplumdan xalq və milli respublika yaratmağın mahiyyətini dərk etmədən buna qarşı olmaq bəlkə də hardasa başa düşülə bilər. Ortada tam mənimsənmiş bir milli kimlik yox idi. Milli-ictimai və siyasi şüur hər qüvvədə eyni olmaya bilərdi. Bolşevizm daha şirnikləndirici vədləri ilə kimlərisə aldada bilərdi. Ancaq bu gün artıq bir dövlətin, bir millətin nümayəndəsi olaraq onun tarixinə xor baxmaq, müstəqil respublikanın yaranması ilə nəticələnən mübarizəyə lağ eləmək və ən pisi bu yanaşmada kif basmış bolşevizm propaqandası ilə çıxış etmək artıq anlaşılan deyil.