Bakir Narimanoglu

Freelance Journalist

XANKƏNDIDƏ TIBBI SIĞORTANIN TƏTBIQI BAŞLANIR?

17.01.2021 / Tibbi sığortanın tətbiqinin yubanması üçün koronavirus yenə bahanə ola bilər

2021-ci ilin aprelindən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi planlanır. Bu ilin dövlət büdcəsində Tibbi Siğorta üzrə Dövlət Agentliyinə həm tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı, həm də yaranan digər xərclərin maliyyələşməsindən ötrü 1 milyard 44 miliyon 700 min manat vəsait nəzərdə tutulub. İşəgötürən və işçilərdən tibbi sığorta haqqlarının yığılmasına yanvarın 1-dən başlanır.

İcbari tibbi sığorta haqları dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında iş görən (xidmət göstərən) fiziki şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əməhaqqının 8 min manata qədər olan hissəsindən 2%, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5% icbari tibbi sığorta haqqı tutulacaq.

Nümunə ilə izah edək

İşəgötürən tərəfdən:

1. İşəgötürən işçiyə aylıq, məsələn, 500 manat əməkhaqqı müəyyən edibsə, işçi üçün həmin məbləğin 2%-ni, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500 manat əməkhaqqı müəyyən edibsə, 8 min manatın 2%-i, yəni 160 manat, qalan 500 manatın isə 0.5%-i, yəni 2.5 manat icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

İşçi tərəfdən:

1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500 manatdırsa, bunun 2%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8 min 500 manatdırsa, 8 min manatın 2%-i, yəni 160 manat, qalan 500 manatın isə 0.5%-i, yəni 2.5 manatı icbari tibbi sığorta haqqı hesablanır. Beləliklə, işçinin əməkhaqqından ayda 162.5 manat icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərə, hələ ki, güzəşt var. Onların maaşlarının 8 min manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 50% güzəşt tətbiq edilir (2022-ci ilin yanvarına qədər). Yəni 8 min manata qədər olan hissədən 1%, 8 min manatdan yuxarı olan hissədən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən bu 1%, 2%-lə əvəzlənəcək.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında iş görən (xidmət göstərən) fiziki şəxslər aylıq gəlirlərinin 8 min manatadək olan hissəsinin 2%-i, 8 min manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı verməlidirlər. Yəni,

1. Şəxs aylıq 500 manat gəlir əldə edirsə, gəlirinin 2%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəməlidir.
2. Şəxs aylıq 8 min 500 manat gəlir əldə edirsə, 8 min manatın 2%-i, yəni 160 manat, qalan 500 manatın isə 1%-i, yəni 5 manat (cəmi 165 manat) icbari tibbi sığorta haqqı verməlidir.

250 manatlıq maaşın 10 manatı sığortaya

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üçün minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən edilib.

Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə, əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

Xankəndidə də tibbi sığorta tətbiq olunacaq?

Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həm yuxarıda qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslərə görə dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.

Bəzi bölgələrdə sığorta ötən illərdən tətbiq edilir. Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında sığortanın tətbiqinə 2020-ci ilin yanvarından başlanıb. 2021-ci il, yanvarın 1-dən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulub. 2021-ci ilin aprelindən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi də, beləliklə, bütün ölkə icbari tibbi sığorta ilə təmin olunmalıdır.

Pandemiya tibbi sığortaya yenə əngəl ola bilər

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul hesab edir ki, icbari tibbi sığortanın özəl sektorda tətbiqi ilə bağlı müəyyən problemlər yaşana bilər: “Təşkilati formasından asılı olmayaraq, bütün işə götürənlər, o cümlədən büdcədən maliyyələşən təşkilatlar və özəl sektor büdcəyə ödənişlər edəcək. Büdcə təşkilatları ilə bağlı problem yaranmayacaq. Bunun üçün büdcədə təxminən 106 milyon manat vəsait nəzərdə tutulub. Özəl sektorda pandemiya ilə bağlı müəyyən çətinliklər var. Hazırda fəaliyyəti dayandırılan, məhdudlaşdırılan sektorlar çox olduğuna görə, özəl sektorda gözlənilən yığım olmaya bilər”.

Q. Toğrulun fikrincə, pandemiyanın tibbi sığortanın tətbiqinə əngəl yaratması ehtimalı var: “İş yerlərinin bağlanması, yeni iş yerlərinin yaradılmaması, iqtisadi aktivliyin aşağı düşməsi bunlar hamısı icbari tibbi sığorta yığımlarının toplanmasına neqativ təsirini göstərəcək. Hazırda həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), həm Səhiyyə Nazirliyinin gücü pandemiya ilə mübarizəyə yönləndirilib. Ona görə də, icbari tibbi sığortanın tətbiqi məsələsi ikinci plana keçə bilər. Pandemiya sönməyə doğru getməsə, xəstəxanalarda sığortalı xəstələrə zərfdə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı problemlər ola bilər”.

Sığorta məsələləri eksperti İlkin İbrahimov isə düşünür ki, icbari tibbi sığorta yığımlarının başlanması sahibkarların durumuna mənfi təsir göstərəcək: “Hesab edirəm ki, TƏBİB-in tərkibindəki xəstəxanalar vətəndaşlara keyfiyyətli tibbi yardım etmir. Məqsəd, TƏBİB-in timsalında vətəndaşa məcburi pul ödətdirib, keyfiyyətsiz səhiyyədən məcburi istifadəni stimullaşdırmaqdır. Təklif edirəm ki, özəl tibb müəssisələri və özəl sığorta şirkətləri də bu işə ortaq olsunlar. Keyfiyyətlə bağlı rəqabət o zaman yaranacaq”.

“Tibbi Sığorta haqqında” qanun 1999-cu ildə qəbul edilsə də, tətbiq olunmurdu. Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə ilk dəfə 2017-ci ildə, Mingəçevir və Yevlax rayonlarında başlanıb.